Tarix : 2017 Jun 17
Kod 51977

Yorğanaltı döyüşlər

Heç bir prezident əbədi deyil Hətta onun soyadı Əliyev olsa belə.
Meydan tv-Nə vaxtsa onu bu vəzifədə kimsə labüd olaraq dəyişəcək. Bunu Əliyev özü də anlayır və tədricən bu dəyişikliyə hazırlaşır. Təbii ki, aldığı tərbiyə və vərdişlərə uyğun olaraq. Bu tərbiyə və vərdişə ən sadə izahı ulu öndərin zamanında camaat arasında geniş gəzmiş bir lətifə çox aydın verir:
“ABŞ-ın prezidenti Billi Klintonu, RF-nin prezidenti Boris Yeltsini və Azərbaycanın prezidenti Heydər Əliyevi lap yuxarı, lap-lap yuxarı çağırıb bildirirlər ki, əl-Əhəd və as-Saməd qərara alıb ki, Yer kürəsi layihəsini üç gündən sonra qapatsın: “Qayıdın Yerə və bu xəbəri xalqlarınıza çatdırın”. Billi Klinton qayıdır Vaşinqtona və televiziya ilə xalqa müraciət edib deyir: “Məndə sizin üçün bir yaxşı, iki pis xəbər var. Yaxşı xəbər odur ki, Allah var. Pis xəbərin biri odur ki, üç gündən sonra dünyanın axırıdır, o birisi odur ki, qalan üç günə biz çatdırıb bütün dünyanın sərvətini ələ keçirə bilməyəcəyik”.
Boris Yeltsin televiziya ilə rus xalqına müraciət edir: “Doroqiye rossiyane! Məndə sizin üçün iki yaxşı, bir pis xəbər var. Yaxşı xəbərin biri odur ki, Allah var. İkincisi odur ki, mən arağı pulsuz paylamaq barədə fərman imzalamışam. Pis xəbər odur ki, üç gündən sonra dünyanın axırıdır”.
Ulu öndər Az.TV ilə xalqa müraciət edir: “Məndə sizin üçün üç yaxşı xəbər var. Biri odur ki, Allah var. İkincisi odur ki, bizim müstəqilliyimiz əbədi və sarsılmazdır. Üçüncüsü odur ki, dünyanın axırına kimi sizin prezidentiniz mən olacağam”.
Elə bu lətifə olmasaydı da, baməzə xalqımızın özünə və gerçək dünyaya həqiqi yüngül münasibəti hamıya bəllidir. Fəqət bununla yanaşı xalqdan əsla asılı olmayan hakimiyyət məsələsi də var ki, onunla yuxarıda əyləşmiş insanlar ciddi məşğuldurlar, zira bu məşğələ çox gəlirli və şirindir.
Tək Azərbaycanda deyil, bütün dünyada hakimiyyət məsələsini ağır kişilər öz aralarında əvvəl-əvvəl həll edirlər, sonra onu seçicilərin iştirak mərasimi ilə qanuniləşdirirlər. Bəzən elə olur ki, bir dəstə ağır kişinin sözü başqa dəstə ağır kişinin sözü ilə çəp gəlir, onda seçki mərasimində əli gətirməmiş ağır kişi dəstəsi -necə ki, indi Amerikada baş verir - o biri ağır kişilərin seçdirdiyi prezidenti tam demokratik tərzdə aşırmağa çalışır. Biz bunu binəva Donald Trampın nümunəsində görürük, çox ehtimal ki, kişini vəzifəsindən tam dörd il kam almağa qoymadılar.
Düzdür, elə ölkələr var ki, orada xalq bilir demokratiya nəmənədir, vətəndaş cəmiyyəti güclüdür, partiyalar, həmkarlar, mətbuat və QHT-lər ağır kişilərin istəmədiyi adamı yuxarı pilləyə itələyə bilirlər. Fəqət belə ölkələrin sayı azdır, bir əlin barmağı ilə sayıb qurtarmaq olar. Azərbaycan bu azsaylı ölkələr sırasına daxil deyil, biz ağır kişilərin xalqı mindiyi çoxsaylı ölkələr sırasındayıq.
Müxtəsər, 1969-cu ildən bəri cüzi fasilələrlə davam edən hakimiyyət zəncirinin növbəti halqasını V mərtəbədəki iş otağının bəzəyi olan kətilə əyləşdirmək vaxtı çatır. Çatır çatsın da, bunun xalqa nə dəxli? Nə vaxt ondan soruşublar ki, indi də soruşsunlar? Heç soruşmurlar da, fəqət sizin fəqir bəndəniz füzulluq edib bu məsələyə burnunu soxur və seyrçi xalqımızı məsələdən agah etməyə çalışır.
Son 25 ildə ölkəni və milləti yorğa at kimi minib çapan zümrə indi təlaş içindədir. Onlar dəqiq bilməsələr də, hiss edirlər ki, ən yuxarı səfdə hakimiyyət yorğanının altında gərgin döyüşlər gedir. Kim döyüşür, nəyin naminə döyüşür? Heç kəs heç nə bilmir, yalnız ehtimal və təxminlər burulğanının bulanıq sularına baxıb nəyisə anlamağa çalışırlar. Yorğanaltı düyüşlərin əlaməti kimi bir də görürsən ki, dünənə qədər sözsüz ağır kişi sayılan kimisə yüngül qoz qabığı kimi yorğanın altından atdılar eşiyə. Bəzən isə içəriyə. O da buna dözməyir, sürətlə çərləyib ömrünü bağışlayır qalan bəxtəvərlərə.
Yuxarıda əyləşənlər bir şeydən əmindirlər ki, hakimiyyət hakim zümrənin əlində qalacaq. Yəni sosial lift işə düşməyəcək, hadisələr növbəti əbülfəzləri, isaları, pənahları və isgəndərləri hakimiyyətə gətirməyəcək. “Nəuzu bi-l-lahi minə-ş-şeytani-r-racim!” Həmin vaxtlar getdi gedər-gəlməzə, bir də qayıtmayacaq. Həmin hadisələrin mənası bir müəyyən tayfanın əlindən çıxıb başqa tayfa nümayəndələrinin əlinə təsadüfən keçmiş hakimiyyəti haqqı və qüdrəti olan tayfaya qaytarmaq idi. Bu vəzifəni Ulu öndərin həssas və dəqiq rəhbərliyi altında Elçibəy öz əlaltılarının köməyi ilə uğurla həyata keçirdi. Hakimiyyət öz qanuni sahibinə qayıdandan sonra onun bir də əldən verilməsi ehtimalı sıfra yaxındır. Zər bizdə, zor bizdə, xalq nəkarədir ki, səsini çıxarsın! Əzib suyunu çıxararıq!
Çıxarırlar da. Ağıllı və vicdanlı narazılar içəridə, ələbaxımlı narazılar parlamentdə, müxalifətdə satılmaq üçün düzülmüşlərin sayı yüzlərlədir. Yazarların 99%-i tamahdan başlarını itirib, abır nədir unudublar. Xalqın malını basıb yeyən ağır kişilərdən birinin dediyi kimi: “Bizim hakimiyyətə heç kəs bata bilməz!”
Fəqət yuxarıda yorğanaltı döyüşlər gedir və dövlət axurunun ətrafında toplaşıb xalqın malını yeyənlər arasında təşviş və həyəcan sezilməkdədir. Kim gələcək? Necə gələcək? Kiminlə gələcək? Kimdən nəyi alacaq və kimə nəyi verəcək? Ağrılı suallardır, hər birinin vəzni milyon, on milyon, yüz milyon dollarla ölçülür.
Dəqiq bircə odur ki, bütün bunların maaşla dolanan müəllimlərə, həkimlərə, təqaüdün qəpik-quruşuna möhtac olan ahıllara heç bir dəxli yoxdur. Bəlkə də elə belə yaxşıdır. Millət qəflət yuxusundan oyananda heç də hər zaman öz xeyrini düzgün anlamır. Bir də görürsən ki, nalı mıxa, yorğanı kəfənə dəyişir. Dəyişir və sevinir.








  • Yazılıb
  • da (də) 2017 Jun 17
  • Göndərən مدير سايت Aran News