Tarix : 2017 Jun 17
Kod 51981

Penitensiar Xidmət Bayram Məmmədovun müraciətini araşdırıb

13 Saylı Cəzaçəkmə Müəssisəsində tutulan gənc fəal Bayram Məmmədovun müraciətinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində baxılıb. Həmin müraciətdə gənc fəal işgəncə və qanunsuz hərəkətlərə məruz qaldığını bildirirdi.
Azadliq.org-Bu haqda gənc fəalın vəkili Elçin Sadıqova Penitensiar Xidmətin əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidov məlumat verib.
İdarə rəisinin göndərdiyi məktubda yazılır ki, araşdırma zamanı Bayram Məmmədovun qanunsuz hərəkətlərə məruz qalması barədə dedikləri təsdiqini tapmayıb.
“Cəza çəkdiyi dövrdə məhkum Bayram Məmmədov Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq maddi məişət şəraiti ilə təmin olunub. İşgəncələrə, qeyri-insanı rəftara və ya ləyaqəti alçaldan rəftara məruz qalmayıb. Onun şəxsi təhlükəsizlik hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin olunur”, - idarə rəisinin məktubunda vurğulanır.
İdarə rəisi həmçinin, gənc fəalın hüquqi yardım almasına da hər hansı məhdudiyyət qoyulmadığını qeyd edib.
Bayram Məmmədov 13 Saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin onunla rəftarından şikayətçi idi.
Aprel ayının 29-da onun vəkili Elçin Sadıqov AzadlıqRadiosu-na bildirmişdi ki, gənc fəal ilə görüşünə əngəl yaradıblar.
Həmin vaxt B.Məmmədov vəkili vasitəsilə açıqlamışdı ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin ona münasibəti çox pisdir. Gəncin deməsinə görə, ona çatdırıblar ki, Heydər Əliyevin heykəlinə şüar yazdığından daim təzyiq altında olacaq.
“B.Məmmədov 13 saylı Cəzaçəkmə Müəssisəsinə yerləşdirildiyi gündən bəri xəstədir. Səbəb isə odur ki, ona yatmaq üçün yeri tualetin yanından və daim soyuq havanın əsdiyi yerdən veriblər. Müəssisənin rəhbərliyinə müalicə olunmaq və yerinin dəyişdirilməsindən ötrü müraciət etməsinə baxmayaraq, ona heç bir əhəmiyyət verilməyib. Xəstə olduğu halda sıra baxışına çıxarılır, gəzintiyə aparılır, müəssisə işçiləri ilə birlikdə məcburi əməyə cəlb edilir, əsassız olaraq “kars”a (cərimə kamerası) salınıb”, – vəkili bildirmişdi.
Mayın əvvəlində qeyd olunanlarla bağlı Penitensiar Xidmətin rəhbərliyinə müraciət edilmişdi.
XATIRLATMA
B.Məmmədov digər gənc fəal Qiyas İbrahimli ilə birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimlidən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.












  • Yazılıb
  • da (də) 2017 Jun 17
  • Göndərən مدير سايت Aran News