Tarix : 2017 Jun 18
Kod 51987

Daha bir saytın Azərbaycan ərazisində bloklandığı deyilir

“2017-ci il iyunun 16-da Criminal.az saytının fəaliyyətinə müdaxilə olunub. Nəticədə saytın Azərbaycan ərazisində fəaliyyəti dayanıb. Bloklanma mexanizmindən istifadə olunduğundan oxucular sayta daxil ola bilməyiblər. Vəziyyət indi də eynidir”.
Criminal.az saytının iyunun 17-də yaydığı bəyanatda belə deylir.
Bildirilir ki, baş verənlərlə bağlı "Delta Telecom"a, habelə Rabitə və Yüksək İnformasiya Texnologiyaları Nazirliyinə, müvafiq dövlət qurumalarına müraciət olunub. Provayder şirkətləri situasiya barədə məlumatsız olduqlarını bildiriblər. 
“İyunun 15-də saytda “Bakıya əsgər cənazəsi gəldi, bir ailənin yeganə övladı və son üzvü öldürüldü”, - başlıqlı yazı dərc olunmuşdu. Yazıya hərbi hissədə qətlə yetirilmiş bir əsgərin faciəsi ilə bağlı fotolar və video da əlavə olunmuşdu. Sayt rəhbərliyi bu materialın da bloklanmaya səbəb ola biləcəyini düşünür:
''Bundan əvvəl saytımızda bloklanmaya səbəb ola biləcək başqa yazı olmayıb. Reallıq odur ki, criminal.az bloklanıb və bunu jurnalist fəaliyyətimizə kobud, sərt müdaxilə kimi dəyərləndiririk”.
Criminal.az saytının baş redaktoru Anar Məmmədov Meydan TV-yə deyib ki, bloklanma heç bir rəsmi və ya şifahi xəbərdarlıq olmadan həyata keçirilib:
“Maraqlısı odur ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi heç bir bloklanma həyata keçirmədiyini deyir. Zənnimcə, saytda bloklanmaya səbəb ola biləcək heç bir məlumat yaymamışıq. Ümumiyyətlə, bloklanmaya səbəb olacaq və ya qadağan olunmuş məlumat anlayışının nə olduğunu başa düşmək çətindir”. 
A.Məmmədov da ehtimal edir ki, bloklanma sayt iyunun 15-də ''Bakıya əsgər cənazəsi gəldi - bir ailənin yeganə övladı və son üzvü öldürüldü'', - başlıqlı xəbərə görədir:  
“Bu xəbərə Müdafiə Nazirliyinin mövqeyini öyrənə bilmədik. Lakin əsgərin cənazəsinin ailəsinə təhvil verilməsi, tabutun ailə üzvləri tərəfindən açılması, dəfn edilməsi şəxsən mənim yanımda olub. Baş verənlərin foto və video görüntülərini çəkmişəm. Eyni zamanda, ailə üzvlərinin açıqlaması olub, əsgərin sağlığındakı fotolarını saytımıza təqdim ediblər. Yəni xəbərdə bir əsgər qətlinin təsdiqini göstərəcək bütün detalları göstərmişik. Əgər Müdafiə Nazirliyinin təsdiqi qalıbsa, buyursunlar, gec də olsa hadisənin təsdiq və təkzib olunması ilə bağlı sorğumuzu cavablandırsınlar. Hər halda, bunlar bizim ehtimallardır. Yəqin ki, rəsmi qurumlar saytın bloklanmasına gec və ya tez aydınlıq gətirəcəklər. Məsələnin hüquqi müstəvidə həllinə çalışacağam''./meydan tv/






  • Yazılıb
  • da (də) 2017 Jun 18
  • Göndərən مدير سايت Aran News