Virtualaz.org xəbər verir ki, buna səbəb telekanalın həmin şouda süjetlərdən birini Qax rayonundakı Müqəddəs Georgi gürcü məbədində çəkməsidir.Patriarxiya bəyan edir ki, ARB telekanalının efirində qaradərili aparıcının iştirakı ilə “Fernando şəhərdədir” adlı əyləncə proqramı yayımlanıb. Həmin proqramın ssenarisinə əsasən qaradərili aparıcı Azərbaycanın müxtəlif yerlərinə səyahət edir, guya yerli adət-ənənələri, gəzməli-görməli yerləri tanıdır. Qax rayonunda çəkilmiş proqramda həmin qaradərili aparıcı gürcü məbədinə daxil olur, süjetdə məbədin altarından hansısa gənc meydana çıxır və Frans Şubertin “Müqəddəs Məryəm”ini “ifa edir”.
Gürcü Patriarxiyasının bəyanatında deyilir ki, bu videosüjet dindarların hisslərini təhqir edib. “Biz Qaxdakı gürcü məbədinə bu münasibətdən ürək ağrısı keçirdiyimizi ifadə edirik…Təəsüf ki, bu, dini abidəyə münasibətdə bizim qeydə aldığımız ikinci belə təhqiramiz münasibətdir, kafirlikdir”-bəyanatda deyilir.
Xatırladılır ki, 2015-ci ildə ATV telekanalı həmin məbəddə çəkilən klipi efirə vermişdi. O vaxt telekanalın rəhbərliyi gürcü patriarxının narahatlığını nəzərə alıb klifi efirdən yığışdırdı.
“Biz Azərbaycan hakimiyyətinə müraciət edirik, eyni zamanda dini lider-Əlahəzrət Şeyxülislam Allahşükür Paşazadədən xahiş edirik ki, bu kimi faktları vaxtında araşdırsın və gələcəkdə onların təkarlanmasına imkan verməsin. Hesab edirik ki, bizim ölkələrimiz və dini liderlərimiz arasındakı mövcud dost münasibətlər məsələnin vaxtında aradan qaldırılmasına imkan verəcək”-bəyanatda deyilir.
Bəyanat dünən axşam Gürcüstan Patriarxiyasının saytında yerləşdirilib və həmin vaxt ARB-nin “Fernando şəhərdədir” şousunun Qax versiyası YouTube-də qalırdı. Lakin bu gün səhərdən videoya giriş dayandırılıb.
Müqəddəs Georgi kilsəsi Qax rayonunun Qaxingiloy kənd ərazisində yerləşir. Bu kilsə 1888-ci ildə xristian din əzabkeşi müqəddəs Georginin şərəfinə könüllü ianələr və Qafqazda Xristianlığın Bərpası İdarəsinin maliyyəsi ilə tikilib. Kilsə binasının ərazisi 120 m2-dir. Kilsə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur. Orada dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.