Yalnız polis əraziyə gəldikdən və borcu ödəyəcəyinə dair ərizə yazdırdıqdan sonra agentliyin əməkdaşları onu buraxıblar.
Islamazeri.az-Paytaxtın Nizami rayonunda yaşayan vətəndaş Bəhruz Sadiqi iki il əvvəl bankdan kredit götürüb. Lakin ödənişdə gecikmələr olduğu üçün bank tərəfindən məhkəməyə verilib.
Bəhruz Sadiqi icra məmuru ilə danışaraq deyilən məbləği ödəyəcəyini bildirib.
Lakin bank kollektor agentliklərdən birinə müraciət edərək, Bəhruzdan kredit borcunu almasını istəyib.
“Bakı Kollektor Agentliyi”nin əməkdaşları bu gün səhər razılığa gəlmək üçün onu ofisə dəvət ediblər. Bəhruzun sözlərinə görə, telefonda mülayim danışsalar da, ofisə çatdıqdan sonra ona müxtəlif təzyiqlər göstərməyə başlayıblar. Xəzər-in məlumatına görə, hətta mobil telefonunu əlindən alaraq bir neçə saat girov da saxlayıblar. Günorta isə ona başqa bir telefon veriblər ki, zəng vurub pul istəsin.
Yalnız polis əraziyə gəldikdən və borcu ödəyəcəyinə dair ərizə yazdırdıqdan sonra agentliyin əməkdaşları Bəhruzu buraxıblar.
“Bakı Kollektor Agentliyi”nin də mövqeyini öyrənmək mümkün olmayıb. Ərazi üzrə Nəsimi rayonu 19-cu polis bölməsindən isə bildirilib ki, Bəhruz Sadiqi və yoldaşları bölməyə dəvət ediliblər, araşdırma aparılır.