Avropa İnsan Hüquqları Məhkəməsi jurnalist Əfqan Muxtarlının oğurlanması işi ilə bağlı kommunikasiyaya başlayıb.
Meydan tv-İyunun 8-də bununla bağlı Azərbaycan hökumətinə sorğu göndərib.Məlumatı vəkil Elçin Sadıqov “Turan”-a verib. Bildirib ki, qarşıya qoyulan suallara cavab vermək üçün iyulun 16-dək hakimiyyətə vaxt verilmişdi. AİHM tərəfindən işə bu cür operativ baxılması bu işin prioritet olması ilə izah edilir:
“Çünki söhbət adam oğurluğundan gedir. İstintaq Ə.Muxtarlının tibbi ekspertizası barədə məsələni yubadır. Belə ki, hələ mayın 30-da ekspertiza ilə bağlı vəsatət qaldırılıb, ancaq onun hələ bu gün - iyunun 19-da keçirilməsi gözlənilir”, - vəkil qeyd edib.
Müdafiə tərəfi bunu jurnalistin saxlanması zamanı ona işgəncə verilməsi faktının gizlədilməsi cəhdi kimi qiymətləndirib.
Jurnalist Əfqan Muxtarlı isə mayın 29-u yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.
Ə.Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Rəsmi qurumların bildirməsinə görə, o, Azərbaycan ərazisində tutulub. Üstəlik, saxlanarkən hüquq-mühafizə orqanları əməkdaşlarına zorakı müqavimət göstərib.
Məhkəmənin qərarı ilə Ə.Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib