Tarix : 2017 Jun 20
Kod 52017

Hüquq müdafiəçisi prokurorluğa çağırılıb

Hüquq müdafiəçisi Oktay Gülalıyev də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılıb.
Bu haqda o, “Facebook” səhifəsində yazıb:
“İyunun 20-si saat 10.00-a Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə dəvət etdilər”, - deyən hüquq müdafiəçisi çağırışın əsası ilə bağlı ona rəsmi bilgi verilmədiyini bildirib.
“Güman edirəm ki, çağırış Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının və jurnalist Əfqan Muxtarlının işi ilə bağlıdır. Yəqin ki, bu işlərlə bağlı ifadə etdiyim mövqeyə və yazılarıma görə çağırıblar”, - o, əlavə edib.
Hüquq müdafiəçisi prokurorluğa gedəcəyini, sözügedən işlərin qurama olmasını düşündüyündən prokurorluqda etirazını ifadə edəcəyini söyləyib.
Meydan TV bununla bağlı Baş Prokurorluğun mətbuat xidmətindən məlumat ala bilməyib.
Daha öncə AXCP sədri Əli Kərimli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, hazırkı rəhbəri Arif Hacılı, jurnalistlər Şahvələd Çobanoğlu, Sevinc Vaqifqızı da G.Bayramlı və Ə.Muxtarlı işləri üzrə prokurorluqda dindiriliblər.
Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib. Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir:
“İş üzrə toplanmış istintaq materialları ilə həmçinin müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib”.
G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicəsi məqsədilə gedib. Son 2 ildə Gürcüstanda 3 dəfə əməliyyat olunub.
Daha sonra cinayət işi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə verilib.
Jurnalist Əfqan Muxtarlı isə mayın 29-u yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.
Ə.Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Rəsmi qurumların bildirməsinə görə, o, Azərbaycan ərazisində tutulub. Üstəlik, saxlanarkən hüquq-mühafizə orqanları əməkdaşlarına zorakı müqavimət göstərib.
Məhkəmənin qərarı ilə Ə.Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.









  • Yazılıb
  • da (də) 2017 Jun 20
  • Göndərən مدير سايت Aran News