İyunun 19-da Ziyalılar Hərəkatının sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ssenarist Eldəniz Quliyev Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində dindirilib. Bu barədə Eldəniz Quliyev özü məlumat verib.
Meydan Tv-Bildirib ki, dindirilmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının cinayət işi ilə bağlı olub: “2 saat yarımdan çox dindirildim. Bu cinayət işini də, dindirməni də “mənasız iş” sayıram. İstintaqın gördüyü iş hörümçək toru ilə okeanda balina ovlamağa bənzəyir ki, bu da baş tutan sevda deyil. Mən dedim ki, belə qurama işlər nəticə etibarilə ölkənin imicinə ağır zərbədir . Neçə illəri şərəflə mübarizə aparan bir xanım siyasətçiyə ləkə atmaqdır”.
Bundan əvvəl AXCP sədri Əli Kərimli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvi Gültəkin Hacıbəyli və jurnalist Şahvələd Çobanoğlu da eyni işlə bağlı prokurorluğa çağırılaraq dindirilib.
2017-ci il mayın 25-i axşam saatlarında AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.
Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir.
“İş üzrə toplanmış istintaq materialları ilə həmçinin müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib”.
G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicəsi məqsədilə gedib. Son 2 ildə Gürcüstanda 3 dəfə əməliyyat olunub.
AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.
Daha sonra cinayət işi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə verilib.