İyunun 19-da “Siyasi məhbuslara azadlıq!" şüarı ilə təkbaşına aksiya keçirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Füzuli Hüseynovun polis tərəfindən saxlanıldığı bildirilir.
Onunla bağlı Daxili İşlər Nazirliyindən hər hansı bir məlumat almaq mümkün olmayıb.Füzuli Hüseynov mayın 24-də də “Siyasi məhbuslara azadlıq!” şüarı ilə aksiyası keçirmişdi. Həmin gün o, 4 saata yaxın Nəsimi Rayon Polis İdarəsində dindirilmişdi. Daha sonra xəbərdarlıq edilərək sərbəst buraxılmışdı.
Füzuli Hüseynov dindirilməsi zamanı psixoloji təzyiqlərə məruz qaldığını demişdi:
“Əvvəl psixolioji təzyiq, sonra çarpaz suallar, ardınca təhqirlərlə dindirməni davam etdirdi. Təəssüf ki, mülki geyimli müstəntiq özünü təqdim etmədən məni, siyasi məhbusları və müxalifət liderlərini təhqir edirdi. Danışığından bildim ki, rütbəsi kapitandır, gənc idi, yetərincə savadlı olsa da, həddən artıq söyüşcül və kobud idi. Suallara imkanım daxilində cavab verirdim, partiya mənsubiyyətim barədə soruşanda dedim ki, bunun istintaqa aidiyyatı yoxdur, vətəndaşam və siyasi məhbusların olmasına etiraz edirəm. Belə cavab verəndə təhqirə keçirdi”.