İyunun 20-də Nəsimi rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının ev dustaqlığına buraxılması ilə bağı vəsatətinə baxılıb.
Meydan tv-Əfqan Muxtarlının işi üzrə istintaq qrupunun üzvü, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Həsən Nağıyev vəsatətə etiraz edib. Bildirib ki, jurnalist həbsdən buraxılacağı halda, onun ölkədən qaçmaq ehtimalı var.Əfqan Muxtarlı müstəntiqin arqumentinə etiraz edib.
"Prokurorluq mənim ölkədən qaça biləcəyim arqumentini irəli sürməklə, öz hökumətlərinə şər atır. Bizim sərhədlərimiz aşsüzəndi ki, hamı o tərəf-bu tərəfə qaçsın?"
Daha sonra hakim Babək Pənahovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, vəsatət təmin edilməyib.
Hüquq-mühafizə orqanlarının yaydığı rəsmi məlumata görə, Ə. Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.
Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.
Ə. Muxtarlı ittihamları rədd edir. Onun vəkili Elçin Sadıqov Ə. Muxtarlının Gürcüstanda oğurlanaraq Azərbaycana gətirildiyini, işgəncəyə məruz qaldığını deyir.