Tarix : 2017 Jun 21
Kod 52029

Etiraz aksiyasına görə həbs edilən siyəzənlilər aclıq edir

İyunun 20-də Siyəzən məhbuslarının apelyasiya şikayəti üzrə ilkin məhkəmə iclası keçirilib.
Meydan tv-Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O, məhbusların işi üzrə apelyasiya baxışının qeyri-müəyyən vaxta kimi təxirə salındığını deyib: 
"Səbəb isə daha öncə şikayət verməyən iki məhbusdan birinin apelyasiyaya müraciət etməsidir. Onun şikayətinin vaxtında verilib-verilməməsini yoxlamaq üçün iş yenidən Quba Rayon Məhkəməsinə göndərilib". 
Vəkil bildirib ki, məhbuslar bu gündən aclıq aksiyasına başlayacaqlarını da elan ediblər. 
Siyəzəndə etiraz aksiyalarına 2016-cı il  yanvarın 12-də sahibkarlar başlamışdı. Un emalı və çörək bişirməklə məşğul olan sahibkarlar təqribən 200 nəfərlik bir qrup toplayaraq, unun qiymətinin bahalaşmasına narazılığını bildirmək üçün İcra Hakimiyyətinə getmişdilər. Onlar icra başçısı və deputatla görüşüb öz dərdlərini demək istəyirdilər.  İcra başçısı sahibkarlara söz vermişdi ki, bir gün sonra deputat Tahir Süleymanov da gələcək və onların hamısı İcra Hakimiyyətinin akt zalında qəbul ediləcək. Lakin İcra Hakimiyyətinə gedənlərin hər biri həmin gecə öz evində həbs olunub. Bundan sonra, yanvarın 13-də yerli sakinlər həmin həbslərə etiraz bildirmək üçün küçələrə çıxdı. Etiraz zamanı əhali ilə polis arasında toqquşmalar yarandı.
Bundan sonra DİN və Baş Prokurorluq birgə açıqlama verdilər. Açıqlamada Siyəzən hadisələrinə görə 55 nəfərin həbs olunduğu deyilsə də, KİV-də 200-dən çox Siyəzən sakininin azadlıqdan məhrum edildiyi və işgəncələrə məruz qaldığı bildirilirdi.





  • Yazılıb
  • da (də) 2017 Jun 21
  • Göndərən مدير سايت Aran News