Tarix : 2017 Jun 21
Kod 52030

''Azərbaycan diplomatiyası prosesləri nə qabaqlaya, nə yönəldə bilir''

İyunun 19-u ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanda olaraq prezident və bir sıra rəsmilərlə görüşüblər. Bundan əvvəl isə onlar bölgəyə səfərləri çərçivəsində Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində olublar.
Meydan TV həmsədrlərin Azərbaycan səfəri ilə bağlı siyasi icmalçı Eldar Namazovun fikirlərini öyrənib. 
- ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan səfəri zamanı bəzi açıqlamalar verib. Onlar son zamanlar təmas xəttində atəşkəsin pozulmasının məsuliyyətini Bakının üzərinə yönəldiblər. Prezident isə danışqılar prosesini Ermənistanın pozduğunu deyir. Son dövrlər Azərbaycanın prosesdə təkləndiyi bildirilir, siz necə düşünürsünüz?
- Vəziyyəti pis, yaxud yaxşı sözləri ilə ifadə etmək mümkün deyil. Reallıq odur ki, Ermənistan danışıqlar yoluyla Dağlıq Qarabağ ətrafındakı rayonları qaytarmaq istəmir. Hansısa sülh sazişinə də razılıq vermir. 2016-cı ilin aprelindən sonra beynəlxalq təşkilatlar tərəfindən Ermənistana müəyyən təzyiqlər oldu, amma heç bir nəticə vermədi. Çünki təzyiqlər kifayət qədər güclü deyildi. Ermənistana problemin həllinə mərhələ-mərhələ razılıq verməsi təklif olundu. Ancaq onlar razılaşmadılar. Başladılar “Ermənistan Rusiyanın təsirindən çıxa bilər” şəklində kampaniya aparmağa. Eyni zamanda Qərbə də təzyiq etdilər. Guya Azərbaycanla Rusiya mərhələli plan üzrə hərəkət edirlər. Və bununla guya bölgədə Moskvanın rolu güclənəcək. Halbuki, bölgədə Rusiyanın ən yaxın müttəfiqi Ermənistandır. Onların hesabına Azərbaycan ərazilərini işğal altında saxlayırlar. Buna görə də, artıq danışıqlar yoluyla nəticə əldə etmək mümkün deyil, vəziyyət getdikcə yeni müharibəyə yaxınlaşır. Yeni müharibə qısamüddətli və ya uzunmüddətli ola bilər. Ermənistanın mövqeyi problemin danışıqlar yoluyla həllinə imkan vermir. Bu o deməkdir ki, Azərbaycan ordusu yenidən öz sözünü deməli olacaq.
- Bəlkə Rusiya sülh prosesinin həllinə maneçilik yaradır?
- 2016-cı ilin aprel döyüşlərindən sonra “Lavrov planı” çıxdı gündəmə. Mən Rusiya və Ermənistan mənbələrinə o qədər də inanmıram. Amma bizə qardaş olan Türkiyənin xarici işlər naziri cənab Çavuşoğlu mətbuata “Ankara planla tanışdır”, - deyə bildirdi. Söhbət Dağlıq Qarabağ ətrafındakı işğal olunan rayonların qaytarılmasından gedirdi. Nazir Ankaranın bu plana dəstək verdiyini söyləmişdi. Əgər bu açıqlamanı Türkiyənin xarici siyasət rəhbəri deyirsə, mətbuatda yayılan məlumatların həqiqət payı var. Ancaq Ermənistan bu plana da qəti etiraz etdi. Ona görə məsuliyyət yenə İrəvanın üzərindədir. Rusların öz maraqları var. Rusiyanın əsas planı münaqişəni dondurub saxlamaqla hər iki ölkəyə təzyiq etməkdir. Bu illərdə Ermənistan bir qarış da ərazi qaytarmayıb. Bu, danışıqlar yolunun nəticə vermədiyini təsdiqləyir. Deməli, Azərbaycan dövləti beynəlxalq hüquq və BMT-nin nizamnaməsindən istifadə edib ərazilərini qaytaracaq. Belə bir müharibə ruslar üçün müəyyən problemlər yarada bilər. Çünki ermənilərlə müttəfiqlik sazişləri var. Amma Azərbaycanla da hərbi toqquşmaya getmək planlarında yoxdur. Azərbaycan Rusiya üçün Cənubi Qafqazda ən böyük dövlətdir, həm də Moskvayla hərbi sahədə əhatəli müqaviləmiz var. Rusiyanın Azərbaycanı özünə düşmən etmək niyyəti yoxdur. Müharibə qaçılmaz olduqda ehtiyat plandan istifadə oluna bilər. Ehtiyat plana gədikdə, “Mərhələli plan” Qarabağ münaqişəsinin həlli demək deyil. Bu planda yalnız ətraf rayonların işğaldan azad olunması əsas götürülür. Amma Dağlıq Qarabağın statusu gələcəyə qalır. Bu da Rusiyaya imkan verir ki, gələcəkdə də status məsələsi öz həllini tapmadığına görə hər iki tərəfə təzyiq göstərib bölgədə təsirini saxlasın. Ona görə də, Ermənistan “Mərhələli plan”ı qəti qəbul etmir. Rusiya üçün isə bu ehtiyat variantdır, onların maraqlarına zidd deyil. Kreml bu plana dəstək verməklə regionda təsirini azaltmayacaq, əksinə, artıracaq. Yəqin ki, sülhməramlı qüvvələr üçün rusların qoşunları cəlb olunacaq. Bax, Rusiyayla Ermənistan arasında bu məsələdə müəyyən fikir ayrılığı var. Ermənistana bir variant məqbuldur. Onlar prosesin dondurulmasını və 25 il də belə davam etməsini istəyirlər. Əgər bu variant alınmasa, “Mərhələli plan”ın həyata keçirilməsinə də razılıq verə bilərlər. Azərbaycan diplomatiyası və ordusu gərək bu mərhələdə əlbir işləsin. Bizim ordumuz son illərdə kifayət qədər irəliləyiş əldə edib və ermənilər ordumuzun gücünü hiss edirlər. Ancaq Azərbaycan diplomatiyasının uğurunu görmürəm. Təəssüf ki, Azərbaycan diplomatiyası prosesləri nə qabaqlaya, nə yönəldə bilir. Əksinə, proseslərin arxasınca gedir. Gərək Azərbaycan prosesi istədiyi istiqamətə yönəldə bilsin. Bu isə diplomatiyanın üzərinə düşür.
- Rusiyanın prosesin dondurulmasında maraqlı olduğunu dediniz. Belədirsə, Azərbaycan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etsə, Moskvanın reaksiyası necə olacaq?
- Rusiyanın A və B planlarından danışdım. Əsas planda vəziyyətin dondurulmasıdır. Ancaq Azərbaycan vəziyyətin dondurulmasına qəti razılaşa bilməz. 25 ildir dondurulmuş durumdur və yeni müharibə ethtimalı yaranıb. Ötən il də 4 günlük müharibə baş verdi. Hazırda Azərbaycan Rusiyanı sövq etməyə çalışır ki, ehtiyat planına, “Mərhələli plan”a əsas variant kimi baxsınlar. Ermənistan isə bununla razı deyil. 
- Rusiyanın “Sülhməranlı qüvvələri” ifadəsini işlətdiniz, ancaq beynəlxalq razılaşmalara əsasən, bölgəyə qoşun yeridiləcəksə, həmsədr ölkələrin hərbi hissələri orada ola bilməz. Bu məqamı necə izah edərdiniz?
- Bilirsiniz, Rusiyanın Qafqazda apardığı 200 illik siyasətinə baxsaq görərik ki, Moskva hansısa Qərb dövlətlərinin sülhməramlı hərbi birliklərinin ərazidə iştirakına razılıq verməz. Ola bilsin ki, hansısa diplomatik forma tapılacaq, MDB çərçivəsi, ya da başqa forma. Amma bütün hallarda, bu məsələ Moskva üçün əsas sayılır. Ümumiyyətlə, kimsə Qarabağ məsələsi ilə bağlı diplomatik razılığın əldə olunduğunu deyirsə, 1 sual verin: Sülhməramlı qüvvələrin tərkibiylə bağlı razılıq varmı? Əgər mənfi cavab verilsə, deməli, deyilənlər nağıldır. Ruslar üçün Dağlıq Qarabağ münaqişəsində ən böyük maraq kəsb edən məsələ sülhməramlı qüvvələrin tərkibidir. İkinci məsələ isə neçə rayonun əvvəl, neçə rayonun sonra azad olunmasıdır. Buna İrəvanda və Bakıda münasibət necədir? Bunlar Moskva üçün ikinci dərəcəlidir. Ukraynada baş verən proseslərdə Rusiyanın hansı addım atdığını gördük. Cənubi və Şimali Qafqazın Rusiya üçün hansı əhəmiyyət kəsb etdiyini 200 illik tarixə baxsaq görərik. Onlar başqa ölkələrin sülhməramlılarının gətirilməsinə razılıq verməz. 25 ildə razılıq əldə olunmayıb, çünki Rusiya zəif olub. SSRİ dağılandan sonra Amerikadan və Avropadan iqtisadi-siyasi baxımdan asılı idi. O zaman ki, Kreml sülhməramlılar məsələsində öz marağını diktə edə bilməyəcək, onda prosesi dondurmuşdu, indi fərqli mənzərədir. Rusiya Suriyada, Ukraynada Amerikayla qarşı-qarşıya gəlir. Ona görə çalışacaqlar ki, sülhməramlı qoşunların tərkibində öz hərbçiləri çoxluq təşkil etsin, yaxud da rəhbərlik onlarda olsun. Əks təqdirdə, Ermənistana ciddi təzyiq etməyəcəklər.
- Bəs sülhməramlı qüvvələrin bölgəyə gəlməsində Azərbaycan və Ermənistan razıdırmı?
- Ermənistan hazırda Qərbə təzyiq göstərir ki, Azərbaycan və Rusiya razılaşıb “Mərhələli planı” həyata keçirə bilər, nəticədə, rus qoşunları sülhməramlıların tərkibində ərazilərə daxil olar. Bu proses isə Moskvanın regionda nüfuzunu artıracaq. Ermənilər avropalı və amerikalı diplomatlara belə deyirlər. 






  • Yazılıb
  • da (də) 2017 Jun 21
  • Göndərən مدير سايت Aran News