Tarix : 2017 Jun 21
Kod 52036

Bayram Məmmədovun kassasiya şikayəti təmin olunmayıb

İyunun 20-də Ali Məhkəmədə Heydər Əliyevin heykəlinin postamentinə «Qul bayramınız mübarək!» şüarı yazandan sonra narkotik ittihamı ilə həbs olunan Bayram Məmmədovun hökmündən verilən kassasiya şikayətinə baxılıb.
Azadliq.org-13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan B.Məmmədov özü məhkəmədə iştirak etməyib.
Gənc fəalın vəkili Elçin Sadıqov məhkəmədə çıxışında B.Məmmədov haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib. Vəkil deyir ki, B.Məmmədov saxlanılarkən onun müdafiə hüququ kobud şəkildə pozulub. İstər Bakı Ağır Cinayətlər Məhkəməsi, istərsə də Bakı Apellyasiya Məhkəməsi qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə edib.
«İŞGƏNCƏ YOLUYLA ALINMIŞ İFADƏLƏRƏ İSTİNAD EDİLİB»
«Polislə əməkdaşlıq edən hal şahidlərinin ifadələrinə əsaslanıblar. Məhkəməyə həmin hal şahidlərindən birinin narkomaniyadan əziyyət çəkməsi, rəsmi qeydiyyatda olmasını təsdiqləyən sübut təqdim eləmişik. Bu işdəki hal şahidlərinin eyni əməliyyatçılarla, konkret olaraq, Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat müvəkkili Şirəli Babayevlə başqa işlərdə də əməkdaşlıq etdiyini təsdiqləyən sübutlar ortaya qoymuşuq. Məhkəmə hökm çıxararkən Bayram Məmmədovdan işgəncə yolu ilə alınmış ifadələrə istinad edib», – vəkil E.Sadıqov deyib.
Onun sözlərinə görə, aşağı instansiya məhkəmələri B.Məmmədovun işinə baxarkən müdafiə tərəfinin heç bir vəsatətini təmin etməyib.
Vəkilin arqumentlərinə baxmayaraq, prokuror Rizvan Şammədov kassasiya şikayətinin əsassız olduğunu bildirib və təmin olunmamasını istəyib.
Fərhad Kərimovun sədrlik etdiyi hakimlər kollegiyası şikayəti təmin etməyib, B.Məmmədovun 10 il azadlıqdan məhrum edilməsinə dair hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
E.Sadıqov AzadlıqRadiosuna bildirib ki, Ali Məhkəmənin qərarını alandan sonra Avropa Məhkəməsinə müraciət olunacaq.
XATIRLATMA
B.Məmmədov digər gənc fəal Qiyas İbrahimli ilə birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimlidən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.
  • Yazılıb
  • da (də) 2017 Jun 21
  • Göndərən مدير سايت Aran News