Islaminsesi.az-Qəsəbə sakinləri 10 hekrat ərazisi olan parkın iş adamlarına satılacağı ilə bağlı son zamanlar mətbuatda yazılan məlumatlardan narahatdır. Sakinlər parkın abadlaşdırılması və Milli Qəhrəmanın abidəsinin yenidən tikilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə, Mədəniyyət və Turizm Nazirliyinə, eləcə də Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət ünvanlayıblar.İslaminSesi virtualaz.org-a istinadən bildirir ki, "Cavanşir" parkı qəsəbə sakinlərinin yeganə istirahət zonasıdır. Xüsusilə yaşlıların toplandığı tək məkan bu parkdır.
Sakinlər deyirlər ki, parkın bərbad hala salınması və abidənin dağıdılması azmış kimi, axşamlar ərazi "bomj"ların məskəninə çevrilir. İçki şüşələri, qida tullantıları ağacların dibinə atılır.
"Parkın 60 ildən çox yaşı var. Burada əvvəllər oturacaqlar, hovuz, uşaqlar üçün yellənçəklər quraşdırılmışdı. İndi yalnız ağaclar qalıb, onlar da susuzluqdan quruyur", - qəsəbə sakin Abbas Nuriyev söyləyir.
Əvvəlcə işıq dirəkləri sökülüb, sonra uşaq yelləncəkləri yoxa çıxıb. Sakinlər bir də görüblər ki, nə hovuz qalıb, nə də oturacaqlar, park tamam boşalıb. Şəhidin abidəsinin arxasındakı daşlar qırılıb, büst bir neçə yerdən çatlayıb. Hiss olunur ki, abidə qəsdən uçulub-dağıdılıb. Yaxınlıqdakı digər heykəlin bir hissəsi qoparaq yerə düşüb.
"Prezident Administrasiyasına şikayət etdik, bundan sonra Suraxanı Rayon İcra Hakimiyyəti parkın abadlaşdırılacağını dedi, ərazi hasarlandı. Amma hasarlanmadan sonra vəsaitin çatışmadığını əsas gətirərək işi dayandırdılar", - sakinlərdən biri deyir.
Parkın girəcəyində çayxanalar fəaliyyət göstərir, cavanlar orada, yaşlılar isə düzəltdikləri oturacağın ətrafında toplanırlar. "Yay-qış demədən burda toplanırıq, parka nəzarət edirik", - sakinlər deyirlər. Və əlavə edirlər ki, abadlaşdırma üçün vəsaitin olmaya bilər, heç olmasa ağacların məhv olmasına imkan verməsinlər.
Parkda bir neçə ağac kötüyü var, kənarlardakı ağaclar qurumasa da, əyilib. "Bəlkə də qəsdən ağacların qurumasına göz yumurlar, ərazi tam xarabalığa çevriləndən sonra satmaq asandır", - yaşlı sakinlərdən birinin ehtimalı digərlərinin narahatlığına səbəb olur.
Sakinləri narahat edən daha bir problem gecələr sahibsiz heyvanların ərazidə toplanmasıdır: "Gecələr itlərin səsindən yatmaq mümkün deyil. İtlərin qorxusundan heç kim burdan keçməyə cəsarət etmir. Dəfələrlə hücumlarına məruz qalmışıq".
Amma təkcə sahibsiz heyvanlar deyir, sahibli heyvanlar da bu parkı məskən edib.Qeyd edək ki, Qaraçuxur qəsəbə sakini Cavanşir Rəhimov 1992-ci ilin avqustunda şəhid olub, erməni bölüyünün məhv edilməsində göstərdiyi qəhrəmanlığa görə prezidentin 16 sentyabr, 1994-cü il tarixli 203 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Cavanşir Rəhimov Azərbaycanın ən gənc Milli Qəhrəmanı kimi siyahıya düşüb, oxuduğu məktəb də onun adını daşıyır.