İyunun 20-də Təbrizə səfər edən Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Şərqi Azərbaycan Vilayətinin valisi İsmayıl Cabbarzadə, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin İmam Cüməsi Məhəmmədəli Al-haşem və Şərqi Azərbaycan Ticarət Palatasının sədri Səməd Həsənzadə ilə görüşüb.
azertag.az-Görüşlərdə səfir diqqətə çatdırıb ki, son illər Azərbaycan ilə İranın əlaqələri intensiv şəkildə inkişaf edir. Hər iki ölkənin prezidentləri səkkiz dəfə görüşərək bütün sahələr üzrə əlaqələrin inkişaf etməsində maraqlı olduqlarını vurğulayıblar. İki yaxın dost və qonşu dövlətin münasibətlərinin inkişafı xalqlarımızın mənafeyinə uyğundur.
Diplomat bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən yaradılmış “ASAN viza” sistemi ilə İran vətəndaşlarının artıq viza almaq üçün səfirlik və ya konsulluğa müraciət etmələrinə ehtiyac qalmayıb. Hazırda yalnız Culfa gömrük-keçid məntəqəsi 24 saat fəaliyyət göstərir. Rəsmi Bakı İran ilə gömrük-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsinə hazırdır. Gömrük məntəqələrinin iş saatının artırılması gediş-gəlişi asanlaşdırmaqla yanaşı, iqtisadi-ticarət əlaqələrinin də inkişafına təkan verəcək.
Səfir deyib ki, ötən il iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmində 75 faizlik artım müşahidə edilib. Lakin hər iki ölkənin iqtisadi potensialı imkan verir ki, bu göstərici daha da artsın.
Qeyd olunub ki, son illər Azərbaycan qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün bir çox uğurlu addımlar atıb. Səfir Təbrizin iş adamlarının Azərbaycanın MDB ölkələrindəki ticarət evlərinin imkanlarından istifadə etməyə dəvət edib.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin təkmilləşdirilməsinə toxunan B. Hüseynov bildirib ki, Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu körpüsü artıq istismara verilib və artıq ilk qatar bu körpüdən keçərək İrana daxil olub. Hazırda yük terminalının tikintisi sürətlə davam edir. Qəzvin-Rəşt dəmir yolunun davamı olacaq Rəşt-Astara xətti Azərbaycan, Rusiya, Gürcüstan və İranın dəmir yolları sistemini birləşdirəcək. Bu yolla yüklərin Asiyadan Avropaya təhlükəsiz və daha tez daşınmasına imkan yaranacaq.
B.Hüseynov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və cəbhə bölgəsində son günlərdə yaranmış gərgin vəziyyət barədə də məlumat verib, Azərbaycan Respublikasının işğalçı Ermənistan istisna olmaqla, dünyanın bütün dövlətləri, xüsusilə qonşu ölkələr ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırıb.
Azərbaycandakı dini tolerantlıq haqqında söhbət açan səfir Sovet İttifaqı dövründə ölkəmizdə cəmi 17 məscidin olduğunu, müstəqillik illərində isə 2200-dən çox məscidin tikildiyini bildirib. Vurğulanıb ki, Azərbaycanda məscidlərin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılır. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakıda inşa edilmiş Heydər Məscidi barədə danışan səfir bu məsciddə dini bayramlarda vəhdət namazının qılındığını da diqqətə çatdırıb. Səfir 2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyinin erməni işğalından azad edilməsindən sonra Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzərinin inşa edildiyini və bir neçə gün əvvəl həmin məscidin Prezident İlham Əliyevin iştirakı ilə əhalinin istifadəsinə verildiyini söylədi.
Şərqi Azərbaycan Vilayətinin rəsmiləri bölgənin iqtisadi potensialı, kənd təsərrüfatı və sənayesi haqqında ətraflı məlumat veriblər. Azərbaycan Respublikasının inkişafına sevindiklərini, ticarət, istehsalat sahələrində ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı üçün çalışdıqlarını söyləyiblər. Mövcud əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıblar.
Görüşlərdə ölkələrimiz arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb. Təhsil, mədəniyyət və səhiyyə sahələrində qarşılıqlı əlaqələrin inkişafı perspektivləri müzakirə edilib.
Azərbaycanın Təbriz şəhərindəki baş konsulu Əliyənnağı Hüseynov da görüşlərdə iştirak edib.