Bərdə rayon Qarağacı kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov tədbirdə çıxış edərək, rayondakı dini durum barədə məlumat verib.
Dövlət Komitəsinin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov tolerant, multikultural dəyərlərin və İslam həmrəyliyi ideyalarının gənclərə aşılanmasının əhəmiyyətini vurğulayıb. Natiq radikal düşüncələrin cəmiyyətdə yayılmasına qarşı mübarizənin vacibliyini qeyd edib. Ə.Zülfüqarov, həmçinin dini radikalizmi yaradan səbəblər və radikalizmə qarşı mübarizə vasitələri barədə ətraflı söz açıb.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev çıxışında həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə yüksək etimada malik dövlətlər sırasında yer almasından bəhs edib.
Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın qazandığı yüksək nəticələr barədə məlumat verib.
Çıxışlarda xalqımızın malik olduğu milli-mənəvi dəyərlərin təbliğatını genişləndirməyin radikalizmə qarşı mübarizəyə daha çox töhfə verəcəyi vurğulanıb.