Zərərçəkmiş Maqsud Mahmudov bütün olayları şou adlandırıb: “Biz məhkəmədə Eldar Mahmudovun dindirilməsini istəyirik."
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə prosesdə MTN-nin sabiq əməkdaşı Rafiq Abdullayev ifadə verib. O bildirib ki, Xəzər rayon icra hakimiyyəti başçısının sabiq müavini Heydər Ələkbərovu 2011-ci ildən tanıyıb.
Şahid prosesdə Əmlak Komitəsinin Xəzər rayonu üzrə şöbəsinin əməkdaşı Rauf Sultanovun saxlanılmasından danışıb. O bildirb ki, bütün əməliyyatlar idarə rəisinin tapşırığı ilə həyata keçirilib.
Zərərçəkmiş Heydər Ələkbərov bildirib ki, şahid məhkəmədə həqiqəti danışmaq istəmir: “Boynuma şər atıblar. Kamil Şükürovu qonşu otaqda saxlayıblar, üzümə durmağa məcbur ediblər. Məni otaqda olanlar sıxırdılar. Bu şahid sonradan təcrübəli əməkdaş kimi otağa gəldi. Ona dedim ki, məni bura kim çağırıb. Sonra məni İlqar Əliyevin otağına apardılar”.
Zərərçəkmiş Maqsud Mahmudov bütün olayları şou adlandırıb: “Biz məhkəmədə Eldar Mahmudovun dindirilməsini istəyirik. Burada deyirlər ki, vətəndaşların MTN-ə dəvət olunması nazir və nazir müavinlərinin göstərişi və səlahiyyəti çərçivəsində olub. Buna görə də sabiq nazirin dindirilməsi vacibdir. Eldar Mahmudov burada cavab verməlidir”.
Eldar Mahmudovun əlavə şahid qismində zərərçəkmişlər Mətləb Mustafayev və Ələkbər Heydərov da dəstəkləyib. Bu vəsatət müzakirə edilməyib.
Məhkəmə iyulun 7-dən davam edəcək.
Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.