Tarix : 2017 Jun 28
Kod 52088

Zori Balayanın Şuşada oynamasına İlham Əliyev çiyin çəkir

İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində demək olar ki, işğal olunmuş bütün torpaqlarımızın, rayonlarımızın adına şadlıq evləri açıb...
Nur-az.com:Deyirlər erməni yazıçısı Zori Balayan Şuşada fısqırıq eləyib, yəni çiyinlərini darta-darta oynayıb. Oynamağını da çəkib “YouTube” kanalına yerləşdiriblər. Bizim camaat da yaman narahat olub. Axı niyə də olmasın, Şuşa bizim diyardır, Zori Balayan isə yolkəsənin, başyaranın, uşaq qatilinin biridir. Onun murdar ayaqlarının müqəddəs Şuşa torpaqlarına dəyməsi bizi narahat edib. O, əslində Şuşa torpaqlarını basdalamayıb, bir oynamağı ilə qeyrət damarımıza basıb. Mənim “utanmasan oynamağa nə var ki” məsəlindən xoşum gəlmir, baxmayaraq ki, Zori Balayan bir daha bunu Şuşada oynamağı ilə təsdiq edib. Amma utanmasam bunu deyə bilərəm ki, kaş ki, Zori Balayan gündə gəlib Şuşada, hətta, Kəlbəcərdə, Ağdamın ermənilərdə olan hissəsində, Xankəndidə çırtma çalıb oynasın. O oynadıqca da bizim qeyrət damarımıza toxunsun və sosial şəbəkələrdə ordu yığıb kişiciyəzin üstünə gedək. (Uşaq qatilinə “kişi” demək bir az kişilikdən uzaq olduğu üçün “kişiciyəz” yazmaq daha məqsədəuyğundur)
Amma deyim ki, biz də Zori Balayandan geri qalan deyilik. O mənada ki, onun Şuşanı unutmadığı kimi biz də Şuşanı unutmamışıq. Torpaqlarımız işğal ediləndən bəri özümüzə təsəlli verib oturmuşuq. Amma boş oturmamışıq ha, İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində demək olar ki, işğal olunmuş bütün torpaqlarımızın, rayonlarımızın adına şadlıq evləri açıb gündə ac qarnına ən az qırx dəfə səviyyəsiz “Space” kanalında reklam eləmişik. Özüm ölüm belə millətə ölüm yoxdur. Hətta, dahi şairimiz, şümürsifət hakimiyyətimizin zülmlərinə cınqırını belə çıxartmayan yazıq ilan vurmuş xalqımızın xorxorundan ürəyi partlayan Baba Pünhan rəhmətlik o vaxtlar uca xəlqimizin təqdirəlayiq əməlini öz yaradıcılığında belə mədh etmişdi:
«Qarabağ» restoranı, parkı, kafesi, küçəsi, 
Nə gözəl ki, Bakı hər cür Qarabağnan doludur.
Bəli, əlavə şərhə ehtiyac yoxdur. Əlbəttə, işğal olunmuş rayonlarımız adına restoran açmaq, hətta plovun üzərinə ancaq Şuşada bitən xarıbülbül gülünün qovurmasını bişirib qoymağın özü ondan xəbər verir ki, bu xalq hələ də 20 faiz torpaqları unutmayıb. Amma pis olan budur ki, bu 20 faiz torpaqları bizə ancaq bu cür restoranlar xatırladır. Çünki Qarabağdan danışan rejimin və şəxsən İlham Əliyevin yanında Qarabağın restoran qədər dəyəri yoxdur. Onu da deyim ki, xalq bir yana qalsın, şəxsən İlham Əliyev Zori Balayanın Şuşada çiyinlərini darta-darta oynamasına çiyin çəkib “mənə nə var” deyir. Çünki onun başına topladığı nanəcib hakimiyyətdə təmsil edilənlərin bəzisi erməniyə işləyəndir, bəzisi də ermənidən qorxan. Başqa sözlə desək ya ancaq Zori Balayan kimi quldur ermənidən səviyyəcə yuxarıdır, ya da Zori Balayan ondan daha yaxşıdır. Başqa söz tapıb danışmaq çətindir.
Siyavuş Novruzov səviyyəli hakimiyyət isə hər dəfə xalqı aldadıb “lazım gəlsə Qarabağı alacağıq” deyir. İlham Əliyev isə bütün günü ordunun gücündən danışır. Amma bir həqiqəti xalq gözəl bilir. O həqiqət bundan ibarətdir ki, Əliyevlər rejimi Qarabağın ermənilərdə qalmasının birinci qarantıdır. Zatən Heydər Əliyev altı rayon satıb, bu alverdən qazandığı pulların “şotuna” özünə ermənidən betər hakimiyyət qurub. Söz düşəndə də İlham Əliyev balaca bığını oynadaraq deyir ki, o zaman Azərbaycanın ordusu zəif idi, indi çox güclüdür. Məgər o zaman Ermənistanın ordusu belə güclü idi? Sadəcə siyasət və diasporaları güclüdür. Hər iki ölkənin siyasəti bu günəcən davam edir. Ermənilər güclənir, biz də yeyib yatırıq, silahlarımızın ucu paslanır.




  • Yazılıb
  • da (də) 2017 Jun 28
  • Göndərən مدير سايت Aran News