Tarix : 2017 Jun 28
Kod 52094

Kılıçdaroğlu Azәrbaycanda yürüyә bilәrdimi

Yaxud, mәsuliyyәtsiz hakimiyyәt qarşısında bivec cәmiyyәt olarsa…
Bir toplum üçün atributları korrupsiya, saxtakarlıq, oğurluq, səfalət olan sistemin dəyişilməsini istəməkdən təbii nə ola bilər ki? Hətta oğurular, korrupsionerlər də təminat vermədiyi üçün belə sistemlərin daha uzun müddətə mövcud olmasında maraqlı deyillər.
Bir sözlə, hamı dəyişiklik istəyir. Amma necə, kiminlə, hansı yollarla, hansı nümunələrlə? Dünyanın x nöqtəsindəki ayaqlanmalar, kütləvi etirazlar dəyişiklik üçün nümunə, təkan ola bilər, lakin onu reallaşdıra bilməz. Biz isə hələlik dünyanın istənilən coğrafiyasında baş verən etirazlara tamaşa edir, alqışlayır, virtual da olsa, dəstək ifadə etməklə işimizi bitmiş hesab edirik.
Harada bir etiraz olursa, “Xalq elə olar”, “lider belə olar”, “dktatorlarla belə davranılmalıdır” kimi hayqırtılar, yazılar qulaq batırır, göz deşir. Müxalifəti, lideri olmayan ərəblər qalxıb 45-50 illik hakimiyyətləri tiranların başına yıxır, biz Azərbaycan müxalifətini qınayırıq. İmperiyanın tör-töküntülərini tarixin zibilliyinə göndərib, ölkələrini müasir dünyanın bir parçası etmək missiyasını üzərinə götürən və bunu şərəflə reallaşdırmağı bacaran gürcülərə, ukraynlara möcüzə kim baxırıq.
Yüz minlərlə sadə vətəndaşın aylardır küçələrdən çəkilmədiyi Venesueladan, heç bir partiya mənsubiyəti olmayan minlərlə tələbənin polislə üz-üzə durduğu Rusiyadan da şəkillər paylaşıb, ölkə müxalifətini hədəf seçən “çoxbilmiş”lər yox deyil.
İndi də Türkiyəyə, CHP lideri Kılıcdaroğlunun yürüşünə fokuslanmışıq. Yenə də hədəfdə müxalifətdir. Yenə də “müxalifət belə olar”, “lider elə olar” sədaları ucalmaqdadır. Yenə də rejimin mahiyyəti gizlədilir, dəyişikliyin bir nəfərin və ya bir qrupun məsuliyyəti olduğu iddiaları meydan sulayır. Niyə Əli Kərimlinin və ya başqa birinin “Ədalət” şüarı yazılmış plakat götürüb Kılıcdaroğlu kimi yürümədiyini təkidlə soruşanlar da var.
Bəli, Kılıcdaroğlu 450 km yürüyəcək. Ankaradan İstanbula qədər. Bu yürüşə ölkə daxilində birmənalı münasibət yoxdur. Yürüş hətta Ərdoğan səviyyəsində də dəfələrlə tənqid olunub. Amma bütün hallarda hökumət öz məsuliyyətini dərk edir, dövlətin imicini düşünmək zorunda olduğunu anlayır. Məhz buna görə də, əlində “ədalət” şüarı, arxasında xalq olan Klıcdaroğlunun, qarşısında dövlətin təhlükəsizlik orqanları yürüyür və yürüməlidir də.
Təbii ki, Türkiyə daha əvvəlki kimi region, müsəlman-türk dünyası üçün nümunəvi, cəlbedici model deyil, amma bu ölkə Azərbaycan da deyil. Kılıcdaroğlu da Azərbaycanda yox, Türkiyədə yürüyür. Yəni, yürümək üçün sadəcə fiziki imkan lazımdır, başqa heç nə.
Türkiyədə seçkiyə müdaxilə iddiları, hətta bunu əks etdirən müəyyən görüntülər də mövcuddur. Amma bu gün ədalət yürüşünə çıxan Kılıcdaroğlunun başqanı olduğu partiya, parlamentdə 150 deputatla təmsil olunur. Hazrda Türkiyədə mətbuat azadlığı da ciddi müzakirə mövzusudur, həbsə atılan çox sayda jurnalistlər də var. Amma əlində adalət şüarı ölkənin bir başından digər başına yürüyən Kılıcdaroğlunun yürüşü haqda onlarla qəzet obyektiv məlumat yazır, onlarla tv mütamadi xəbər yayımlayır. Bir kanal isə tamamilə CHP-nin nəzarətindədir desək, yanılmarıq. Qərərgahsız partiya, pasportsuz lider nümunəsini isə Türkiyə mövzusuna calamaq, bu ölkəyə qarşı ədalətsizlik olardı.
Əli Kərimli isə evində rahat oturmaq, küçədə rahat gəzmək imkanları məhdudlaşdırılmış liderdir. Onun qərərgahı, parlamentdə təmsilçisi, tabeçiliyində televiziyası, qəzeti də yoxdur. Təbii ki, bütün bunlar onun siyasi bacarıqsızlığının nəticəsi deyil. Bu, heç bir lideri, partiyanı alternativ kimi qəbul etməyən, onlara düşmən münasibət sərgiləyən sistemin doğurduğu nəticələrdir.
Belə vəziyyətdə isə sistem dəyişikliyinin bir partiyanın, bir liderin məsuliyyəti olduğunu düşünmək, ona köklənmək, məsuliyyətsiz yanaşmadır. Bu tip ölkələrdə yalnız xalqın dinc, ardıcıl mübarizəsi nəticə verir./azadlıq/













  • Yazılıb
  • da (də) 2017 Jun 28
  • Göndərən مدير سايت Aran News