İyunun 28-də Gürcüstan parlamentində azərbaycanlı jurnalist Əfqan Muxtarlının həbsi müzakirə olunub. mövzularından biri olub.Hakim “Gürcü Arzusu” partiyasından olan bir qrup millət vəkili azərbaycanlı jurnalistin işi üzrə araşdırmalardan bəhs ediblər.
Deputatların bəziləri parlament istintaq komissiyasının yaradılmasına tərəfdar olduqlarını bildiriblər.
Məlumatı “Turan” İA yayıb.
“Gürcü Arzusu” partiyasından olan deputat, parlamentinin regional siyasət və özünüidarəetmə komitəsinin sədri Giorgi Liluaşvili məsələyə aydınlıq gətirilməsini istəyib:
“Bu məsələdə kimlərin iştirak etdiyi araşdırılmalıdır. Bizim heyətdə heç kim xüsusi komissiyanın yaradılmasına qarşı deyil. Mənim belə bir komissiyanın yaradılmasını dəstəkləməyim istisna deyil. Aydındır ki, Gürcüstanın xüsusi xidmət orqanları bu işdə iştirak etməyib. Ancaq bu, araşdırılmalıdır”.
Fraksiyanın sədri Mamuka Mdinaradze də deputat istintaq komissiyasının yaradılması təklifinə ilıq yanaşdığını açıqlayıb.
“Bu məsələ deputatlar arasında müzakirə edildi. “Gürcü Arzusu” fraksiyasının bir qismi hazırkı mərhələdə rəsmi istintaqın yekunlaşmasını gözləmək lazım olduğunu düşünərək istintaq komissiyası yaradılması təklifinə qarşı çıxır. Ancaq rəsmi istintaq Əfqan Muxtarlının işi ilə bağlı qaneedici nəticəyə gəlməzsə, biz bütün suallara işıq salacaq istintaq komissiyası yaratmaq məcburiyyətində qalacağıq”.
Bildirilir ki, hakim partiya deputatları daxilində istintaq komissiyası yaradılması ideyasını dəstəkləyənlər olsa da, onların çoxlu hüquq mühafizə qurumlarının araşdırmalarının yekunlaşmasını gözləməyin doğru olduğunu düşünür.
Parlamentin insan haqları komitəsinin sədri Sopio Kiladze hesab edir ki, istintaqın ağlabatan müddətdə davam etməsini gözləmək lazımdır.
Xatırlatma
Jurnalist Əfqan Muxtarlı mayın 29-u saxlanıb. O, Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Ə.Muxtarlı saxlanarkən işgəncələrə məruz qaldığını və sərhəddə gətirilərək cibinə 10 min avro pul qoyulduğunu deyir.