Tarix : 2017 Jun 29
Kod 52101

Bayram Məmmədov aclıq aksiyasını dayandırıb

''Rəhbərlik ondan aclığı dayandırmasını xahiş edib, yaxın günlərdə ona cəzaçəkmə müəssisəsinin binasında başqa yer verəcəyinə inandırıb''
NİDA hərəkatının fəalı Bayram Məmmədov cəzasını çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində iyunun 23-də başladığı aclıq aksiyasını dayandırıb.
Məlumatı "Turan" İA-a fəalın atası Fərman Məmmədov bildirib.
Onun sözlərinə görə, iyunun 27-də Bayram Məmmədov evə zəng edib və deyib ki, saxlanma şəraitinə qarşı etiraz əlaməti olaraq keçirdiyi aclıq aksiyasını dayandırıb.
Bayram Məmmədov tualetin yanındakı kameraya yerləşdirilməsinə etiraz edirdi. O, rəhbərliyin boşalan yerləri məhbuslara pulla satdığını iddia edirdi. Fəal kəskin addıma əl atdıqdan sonra rəhbərlik ondan aclığı dayandırmasını xahiş edib, yaxın günlərdə ona cəzaçəkmə müəssisəsinin binasında başqa yer verəcəyinə inandırıb,- fəalın atası belə deyib.
Mayın 2-də Bayram Məmmədov vəkili vasitəsilə təzyiqlərə məruz qaldığını, paltarının soyundurularaq cərimə kamerasına salındığını bildirmişdi.
Həmin vaxt Ombudsman Aparatının hüquqşünası Rəşid Rumzadə və Penitensiar Xidmətin mətbuat xidməti məsələ ilə bağlı araşdırma aparacaqlarını söyləsələr də, Bayram Məmmədovun durumu dəyişməz olaraq qalıb.
Ombudsman Aparatının hüquqşünası Rəşid Rumzadə bildirib ki, bu məsələ ilə bağlı araşdırma aparırlar. 
Penitensiar Xidmətin mətbuat xidmətindən də Bayram Məmmədovun iddialarını araşdıracaqlarını və daha sonra məlumat yayacaqlarını bildiriblər. 
Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı ilin mayında keçmiş prezident Heydər Əliyevin heykəlinə etiraz şüarları yazdıqdan sonra həbs ediliblər. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan  3 qrama yaxın, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Gənc fəal Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. “Amnesty İnternational” təşkilatı Bayram Məmmədov və Qiyas İbrahimovu vicdan məhbusu kimi tanıyıb. 







  • Yazılıb
  • da (də) 2017 Jun 29
  • Göndərən مدير سايت Aran News