Tarix : 2017 Jun 29
Kod 52104

Müdafiə naziri NATO toplantısında

Azərbaycan müdafiə naziri Zakir Həsənov Belçika Krallığına gedib.
Azadliq.org-Bu barədə bu gün, iyunun 28-i Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, iyunun 29-u Brüsseldə Əfqanıstanda həyata keçirilən NATO-nun Qətiyyətli Dəstək missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantı keçiriləcək.
Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.
XATIRLATMA
Azərbaycan NATO ilə əməkdaşlığa 1994-cü ildən başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.
2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.
Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.












  • Yazılıb
  • da (də) 2017 Jun 29
  • Göndərən مدير سايت Aran News