Isalmazeri.az- Azərbaycandakı bəzi qəsəbələrdə tullantı suları birbaşa dənizə və ya göllərə axıdılır. Mütəxəssislərə görə, paytaxt ərazisinin 45 faizində mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil. Bakıda yaşayış məntəqələrinin sayı durmadan artsa da, kanalizasiya sularının idarə edilməsi heç bir dövlət qurumunun diqqətində və marağında deyil.Bunun nəticəsində də, kanalizasiya suları Zabrat-Məhəmmədi-Kürdəxanı ərazisində Zabrat gölünə, Masazır, Novxanı, Binəqədi ərazisində Duz gölünə, Hövsan və digər kanalizasiya sistemi olmayan qəsəbələrdə isə birbaşa dənizə axıdılır. Qanunla ətraf mühiti, o cümlədən göl və dəniz mühitini çirkləndirmək olmaz. Amma reallıq qanunun əksinədir. Bu sahədə aparılan monitorinqlər, edilən cərimələr də nəticəsiz qalır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmisi Mirsalam Qənbərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da tullantı suların idarə edilməsi ilə məşğul olan dövlət qurumu var: "Bu qurum su təchizatı və tullantı suların idarə edilməsini həyata keçirir. Nazirlər Kabinetinin qərarına uyğun statusda fəaliyyət göstərir. Həmin qurum verdiyi suyun pulunu alır, tullantı suların idarə edilməsi üçün pul yığır. Amma bəzi ərazilərə nəzər yetirəndə sual vermək olar ki, bu təşkilat niyə tullantı suların idarə edilməsi ilə məşğul olmur".
Müsahibimiz bildirir ki, bu gün kanalizasiya sularının idarə edilməsi ilə bağlı ölkədə keçmişdən qalan kifayət qədər problem var: "Çünki axırıncı dəfə 1980-ci illərdə Böyük Bakı kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı işlər görülüb. Ondan sonra şəhərsalma prinsipləri, şəhərsalma arxitekturası, memarlıq üsulu, qaydaları baxımından tullantı suların idarə edilməsi istiqamətində çox böyük səhvlərə yol verilib".
"Keçən 30 illə müqayisədə yaşayış massivləri həddən artıq artıb, yeni yaşayış massivləri salınıb, amma 1980-ci illərdən qalan kanalizasiya şəbəkəsində bir yenilik, bir artım müşahidə edilmir. Yeni bir sistem qurulmayıb. Bu sular idarə olunmayan bir formada olduğundan, relyefi özü uyğunlaşdırır, ekoloji vəziyyəti gərginləşdirir, insanlar və canlı təbiətin ağır formada yaşamasına səbəb olur" - M. Qənbərov bildirib.
ETSN təmsilçisinin sözlərinə görə, bu gün Bakı şəhərinin 45 faiz ərazisində mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil: "Bu, ağrılı bir məsələdir. Düzdür, nazirlik bu və digər formada ətraf mühitə zərər gətirən, ətraf mühiti çirkləndirən və çirklənməsinə səbəb olan fiziki və hüquqi şəxsləri inzibati şəkildə cərimə edir. Biz həmin şəxslərlə bağlı ətraf mühitə atılan tullantıların aqressivliyi, kəmiyyəti və zərərlilik dərəcəsinə görə inzibati qaydada tədbirlər görürük. Onlara İnzibati Xətalar Məcəlləsinə görə cərimə sanksiyası tətbiq edilir. Ümumiyyətlə, həmin şəxslər atılan tullantı maddələrin tərkibindəki zərərli maddələr normativdən artıq olduğuna görə, təbiətə dəymiş zərərə görə cərimə edilir. Və həmin şəxslərə məcburi göstərişlər verilir".
Qənbərovun dediyinə əsasən, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmalıdır ki, kanalizasiya suları idarə edilsin: "Əhali özü də çalışmalıdır ki, formalaşdırdığı tullantı sularını qanunvericilik çərçivəsində idarə etsin. Yəni, hər bir şəxs kanalizasiya borusunu küçəyə açıb "məndən çıxdı" deyə düşünməməlidir. Tullantı sular idarə edilməli, tullantılar daşınmalıdır. Əgər su vətəndaşa "Azərsu" ASC ilə bağlanmış müqavilə əsasında verilirsə, tullantı suların idarə edilməsi ilə də həmin qurum məşğul olmalıdır. Qanunvericiliyin tələblərini kor-koranə pozmaq olmaz".
"Məsələn, Hövsan qəsəbəsi genişləndirilir, yeni obyektlər, evlər tikilir. Nəzərə almaq lazımdır ki, heç kim torpağı özü mənimsəmir. Torpaq hansı qurumun balansındadırsa, həmin qirim (bələdiyyə və ya dövlət orqanı) tərəfindən verilir. Torpağı verən adamlar həmin ərazidə çıxacaq tullantı sularını da nəzərə almalıdır. Şəhərsalma, arxitektura qaydaları və standartları var. Sən qəsəbə salırsansa, kompleksli yanaşmalısan. Tullantıların atılması üçün konteyner qoymalı, suların daşınması üçün maşınlar ayrılmalıdır. Qanun qanundur, qanunu müzakirə etmək olmaz. Qanunun bir tərəfinə söykənib vətəndaşlara torpaq verilirsə, qanunla tullantıların idarə edilməsi də nəzərə alınmalıdır" - nazirlik yetkilisi vurğulayıb.
"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həmin ərazilər bağ massividir və həmin ərazilərdə "Azərsu" ASC-nin heç bir kanalizasiya şəbəkəsi yoxdur: "Əhali köçüb oralara, daimi yaşamağa başlayıb. İnsanlar axar düzəldib bütün kanalizasiya sularını dənizə axıdırlar. Bizim həmin ərazidə kanalizasiya şəbəkəmiz yoxdur. Yəni, o ərazilərdə əhaliyə su verilir, camaat özü çəkib aparır həyətlərə. Amma Hövsan ərazisində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi yoxdur".
"Sulutəpə, Maştağa və s. qəsəbələrə su verilir, amma kanalizasiya sistemləri yoxdur. Bu hal Bakının bir çox yerlərində özünü göstərir. Belə ki, qurum bir çox ərazilərə su versə də, kanalizasiya sistemi olmadığı üçün vəziyyət tənzimlənmir. Bizim master planımız var. Bu planda bir çox ərazilərə, o cümlədən Hövsana yeni mərkəzləşdirilmiş su və kanalizasiya sistemlərinin çəkilişi nəzərdə tutulur. Biz də orada vəziyyətin necə olduğunu bilirik" - ASC sözçüsü vurğulayıb.