Nur-az.com: Ermənilərin timsalında düşmən obrazı yaratmaq istəməzlər. Elə dünənlərdə yazıb münasibət bildirdiyimiz 13 yaşlı erməni qızı Adelinaya Prezident Administrasiyasından məktub yazılmışdı. Məktubda erməni qızına “əziz” deyə müraciət edilmişdi. İndi isə mətbuat rusiyalı yazıçı Aleksandr Proxanovun Prezidentin həyat yoldaşı Mehriban Əliyeva ilə görüşməsindən yazıb. Görüşdən sonra isə keçirdiyi hisləri mətbuat vasitəsiylə oxucularla bölüşüb. Çox maraqlı mənzərə yaranıb. Bundan qabaq Prezident Administrasiyadan 13 yaşlı Adelinaya yazılan cavab haqda yazdığımız tənqidi yazıda bildirmişdik ki, İlham Əliyev heç öz həmvətənləri ilə görüşmür, onların dərdlərini dinləmir. İnsanlarla görüş adıyla evdən çıxıb on-on beş YAP üzvü ilə görüşüb, gülüşüb çıxıb gedirlər. Heç xalqın yazdığı məktublar da Prezidentə çatmır. Üstəlik, diqqət etmisinizsə İlham Əliyev heç zaman yerli mətbuatı qəbul edib suallarını cavablandırmır. Əziz bildiyi ancaq rus mətbuatıdır. Həyat yoldaşı da onun iziylə gedir.
İlham Əliyevdən ilhamlanan Mehriban Əliyeva da gördüyümüz kimi rus ziyalısı, yazıçısı Aleksandr Proxanovla görüşüb onunla söhbətləşir. Fikir verin, öz ölkəmizdə “Ziyalılar birliyi” adlanan qurum var. Onların da dəstəyi ilə yaranan Milli Şurada təmsil edilən insanların bir çoxu ziyalıdır. Görün prezident seçkilərini qatıldıqları, daha doğrusu İlham Əliyevi tənqid etdikləri üçün nə günə qoydular bu ziyalıları. Hər fürsətdə əzməyə, ləkələməyə çalışdılar, birini vətən xayini, o birisini dövlət düşməni elan etdilər. Əlbəttə, İlham Əliyev bu mənada atası Heydər Əliyevin yolunu gedir. O zaman Heydər Əliyev əleyhinə də ziyalılar baş qaldırmışdı, Heydər Əliyev onları rahatlıqla susdura bilirdi. Məsələn, tarixçi Ziya Bünyadov, yazıçı Elmar Hüseynov bariz nümunədirlər. Hazırda da Cəmil Həsənli, Rafiq Əliyev nümunəsi var. DİN nazirinin şüvənliyi ilə Eldəniz Zeynalov neçə gün küçə süpürməyə məcbur oldu. Güya kişiyə iş kəsmişdilər. Rüstəm İbrahimbəyovu yurdundan didərgin saldılar. Amma erməni qızına, rus yazıçısına növbə çatanda bu cür olur. Əlbəttə, bütün sahələrdə İlham Əliyev hakimiyyətinin xariciyə, daha çox rusa, erməniyə məhəbbəti daha böyükdür, nəinki öz azərbaycanlımıza. Məsələn, ziyalıdan əlavə bir də siyasətçilərimizə baxaq. Heydər Əliyevə çoban, Azərbaycan xalqına “baran” (qoyun) deyən Jrinovski bütün sayıqlamalarından sonra gəlib Azərbaycanı gəzdi. Heç kim dövlət səviyyəsində bir söz demədi. Amma İlqar Məmmədov doğruları söylədiyinə görə həbs edildi. Əli Kərimliyə min cür böhtan atmaqla məşğuldurlar. Din sahəsi də bu cürdür. İlham Əliyev Ramazan tədbirində iştirak edərkən sağında xristian (böyük ehtimalla rusdur), solunda yəhudi din xadimi oturur. Amma Tale Bağırzadəni, Hacı Mövsümü, Şeyx Sərdarı rahatlıqla şərləyib həbsə atırlar.
Rus yazıçısı deyir: “Xanım Әliyeva dedi ki, heç vaxt yol verməz ki, Azərbaycan xalqında ermənilərin timsalında düşmən obrazı formalaşsın. Vaxt var idi ki, bu xalqlar birlikdə yaşayırdı, bir masa arxasında əyləşərək şərab içirdi.” Baxın, bu kəlmələr Adelinaya yazılan məktubun yarımçıq qalan hissəsidir. Əslində bu sözlərlə Mehriban Əliyeva öz həyat yoldaşının sözlərini tamamlayır. Bu ailəyə görə Azərbaycan xalqında ermənilərin timsalında düşmən obrazı formalaşmamalıdır. Qoy Azərbaycan xalqı Hacı Talehləri, Abgülləri, Şeyx Sərdarları, İlqar Məmmədovları, İsa Qəmbərləri özünə düşmən, xarici səfirliklərin agentləri bilsin.
Bir masada əyləşib şərab içmək məsələsinə gəlincə, bu sözü hər kim deyib çox böyük səhvə yol verib. Doğrusu yazıçıya nisbət verilən bu kəlmələrdən məlum olmur ki, bu söz də Mehriban Əliyevaya aiddir, yoxsa yazıçı özü belə davam edir. Hər halda hər kim deyib səhv edib. Bir dəstə şərabxoru bütün xalq kimi qələmə vermək olmaz. Bu kəlmələrdən təbii ki, təxribat iyi gəlir. Sanki müsəlman Azərbaycan xalqının, ermənilərlə ortaq nöqtələrinin it nəcisindən betər olan araq olması diqqətə çatdırılır. Halbuki araq içmək bu gün təhrif olunmuş xristianlıqda ola bilər, amma müsəlmançılıqda belə bir şey haramdır. Əslində bu sözləri Mehriban Əliyeva deməyibsə də açıqlama verməli, yaxud yazıçıdan anlaşılan bir şəkildə danışmasını tələb etməlidir. Çünki nə bir xanıma, nə də bir xanımın sözünə istinad edən şəxsin öz sözünə bu cür nalayiq bir formada davam etməsi yaraşmır. Burada hər iki tərəf, istər xalq olaraq, istər fərd olaraq “alkaş” kimi nəzərə çarpır. Doğrudur, azərbaycanlılar arasında şərab içənlərin olmasını inkar etmək olmaz. Elə İlham Əliyevin özünün daha sonra düşmən, xayin elan etdiyi Rüstəm İbrahimbəyovla “rumka” toqquşdurduğu videolentlər mövcuddur. Kim şərab düşkünüdürsə özü bilər, amma Azərbaycan xalqı adından danışılmasın.