Bütün problemləri nazirlər həll edəcəksə, yerli orqanların missiyası nədən ibarətdi?Ölkə dağılsa da, böhran ölkədə rəqs etsə də, vətəndaşların həyat şəraiti gündən-günə pisləşəsə də hökumət imitasiyadan əl çəkmir. Vəziyyət ağırlaşdıqca, imitasiya güclənir, boş vədlər, mənasız sərəncamlar ard-arda gəlir. İmitasiya addımlarından biri də nazirlərin rayon səfərləriylə bağlıdır. Hər il qrafik tutulur və guya nazirlər bölgələrdə sadə vətəndaşların dərdinə dərman olurlar. 2017-ci ilin iyul ayı üçün də şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanıb. Yenə də AzTv nazirlərin filan qədər vətəndaşı qəbul etdiyini, filan qədərinin probleminin yerinə həll olunduğunu tirajlayacaq. Ümumi təbliğat bundan ibarət olacaq ki, məmurlar vətəndaşların ayağına gedir, insanlara sayğı göstərir və.s
Əvvəla, hər dəfə məlum olur ki, əsas şikayətçilər qəbula düşə bilmir. Əvvəlcədən müəyyən edilmiş şəxslər önə verilir, onlar da hökuməti bolluca tərif etdikdən sonra, hansısa problemlərinin həll olunmasını xahiş edirlər. Sonda məlum olur ki, 5-10 adam nazirlə görüşə bilib, illərlə məktubuna, müraciətinə cavab ala bilməyən adamlar isə yenə də əliboş qalıb.
İkincisi, sual meydana çıxır ki, niyə bölgələrdə şikayətçiləri Bakıdan gedən iri məmurlar qəbul etməlidir. Rayon icra hakimiyyəti, rayon məhkəmələri, rayonlardakı digər aidiyyatı qurumlar nə işlə məşğul olur? Əgər vətəndaşın problemini nazir, prokuror, komitə sədri həll edəcəksə, yerlərdə bu qədər orqanların fəaliyyətinə nə ehtiyac var? Büdcədən bu qurumlar üçün milyonlar niyə ayrılmalıdır? Vətəndaşın şikayətinə yerli icra orqanı , yerli prokurorluq , yerli təhsil müəssisəsi niyə baxmır?
Nazir nə vaxtdan kəndçinin problemini həll etməklə məşğul olur? Kəndçiyə pay torpağı verilməsi, qonşusunun inəyini oğurlayanın cəzalanması, şagirddən rüşvət istəyən müəllimə töhmət verilməsi nazirin görəcəyi iş deyil.
Onsuz da şikayətçini qəbul edən nazir, tapşırığı yerli orqanlara verəcək. Əliməmməddin problemi polislə bağlıdırsa, həmin rayonun polis rəsiniə tapşırıq veriləcək. Vəlinin problemi təhsillə bağlıdırsa, həmin rayonun aidiyyatı şəxsinə tapşırıq veriləcək. Yəni, illərdi vətəndaşı süründürən adamlar, bu dəfə tapşırığı nazirlərdən alacaqlar.
Yekunda ortaya çıxan budur ki, yerli orqanlar fəaliyyət göstərmir, yaralı barmağa dərman deyil və sadəcə görüntü xatirinə mövcuddular. Deməli, ən yüksək səviyyədə etiraf olunur ki, dövlət və xalq bivec adamların ümidinə qalıb.
Müxtəsər, nazirlərin rayon səfərləri bugünə qədər hansısa rayondakı özbaşınalığa son qoymayıb, şikayətçi sayını azaltmayıb, müsbət tendensiya yaratmayıb. Əksinə, vəziyyət daha da pisləşib, vətəndaş daha da ümidsizliyə qapılıb./azadlıq/