Dilavər Əzimli: “Xalqın heysiyyatına qarşı getmək, ona toxunmaq cəmiyyətdə parçalanmalara səbəb ola bilər”
Müsəlman ölkəsi olan Azərbaycanda milli-mənəvi və dini dəyərlərin qorunması ən öndə duran vəzifələrdən hesab edilir. Hər bir milləti formalaşdıran məfhumun mədəniyyətlə yanaşı, həm də milli-mənəvi və dini dəyərlər olduğunu nəzərə alsaq, o zaman bu məsələyə daha ciddi yanaşmağın zərurətini anlayarıq. Lakin təəssüflər olsun ki, bəzən maddi qazanc, mənəvi dəyərləri üstələyir. Bax o zaman sözügedən dəyərlərin məhv olması təhlükəsi yaranır. İslaminSesi xəbər verir ki, milli və dini dəyərlərimizə təhlükə yaradan amillərdən biri də, şəhərin mərkəzi küçə və prospektlərində hər gün rastlaşdığımız iri reklam lövhələridir. Məhz bu lövhələrin əksəriyyətində çimərlik paltarında olan qizlarin müxtəlif içki və geyimləri reklam etdiklərini görmək mümkündür. İstər-istəməz hər bir insanın gözünə sataşan bu reklam lövhələri böyüməkdə olan uşaqların, yetişməkdə olan gənc nəslin təlim-tərbiyyəsinə mənfi təsir göstərir. Məhz bu səbəbdən də, sosial şəbəkə istifadəçisi olan bir qrup insan, əxlaqa zidd belə reklam lövhələrinin şəhərin mərkəzi küçə və prospektlərindən yığışdırılması üçün aksiyaya start veriblər. Gənclər aidiyyatı dövlət orqanları qarşısında məsələ qaldıracaqlarını da bildiriblər.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, tarixçi Dilavər Əzimli bildirir ki, dünyəvi və demokratik dövlət olmaq, öz ənənələrindən və mədəniyyətindən uzaqlaşmaq demək deyil: “ Hər bir xalq öz mədəniyyəti ilə xarakterizə olunur. Hesab edirəm ki, paltarını soyunmaqla, müxtəlif əxlaqa zidd addımlar atmaqla, heç bir yerə inteqrasiya olmaq mümkün deyil. Bütün bunlar yalnız əxlaqın pozulmasına səbəb ola bilər. Xarici ölkələrdə yaşayan insanlar öz geyimlərinə xüsusi əhəmiyyət verirlər.Təəssüflər olsun ki, bizdə Kütləvi İnformasiya Vasitələrində elə incə məqamlara toxunulur ki, bu məqam gəncləri əxlaqsızlığa, yaxud böyüyə hörmət etməməyə sürükləyir”.
Dilavər Əzimlinin sözlərinə görə, bəzi xarici qüvvələr Azərbaycanda fəsadlar törətməyə cəhd göstərirlər: “ Min illik tarixi köklərə və mədəniyyətə sahib olan Azərbaycan xalqını mənfi xüsusiyyətlərə sürükləyən bu cür mənbələrin kökünü kəsmək lazımdır. Xalqın heysiyyatına qarşı getmək, ona toxunmaq çox ciddi fəsadlara yol açıb, cəmiyyətdə parçalanmalara səbəb ola bilər. Əvvəl televiziyalar vasitəsi ilə ayaq açan bu cür əxlaqa zidd reklamlar, indi küçələrdə açıq-aşkar yayımlanır. Hesab edirəm ki, cəmiyyət bu cür fəsadlara qarşı kəskin reaksiya verməlidir. Bütün bu problemlərə kompleks yanaşılmalı və tədbirlər görülməlidir”.