Musavat.com- Son günlər mediada Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun tezliklə vəzifəsini itirəcəyi ilə bağlı xəbərlər intensivləşib. Xüsusilə prezident İlham Əliyevin Dövlət Reklam Agentliyinin yaradılması ilə bağlı sərəncamı ilə Bakı meriyası milyonların dövr etdiyi reklam bazarına nəzarəti itirib ki, bu da Abutalıbov üçün yolun sonu kimi qiymətləndirilir. Çünki Abutalıbov reklam biznesini itirənədək də bir çox ciddi gəlir qaynaqlarından, faktiki, məhrum edilmişdi. Bu kimi qərarlar isə BŞİH rəhbərinin hakimiyyətdə etimad limitini itirməsi ilə izah edilir.Azərbaycan hakimiyyətinin əsas media orqanı kimi tanınan “Azərbaycan” qəzeti belə bir ərəfədə BŞİH-in fəaliyyətini tənqid edən material dərc edib. Məqalədə Bakıdakı tikinti özbaşınalığı tənqid edilir və aydındır ki, əsas tənqid hədəfi məhz bu xaosa səbəbkar olan Hacıbala Abutalıbovdur.
Məqalənin başlığı da diqqət çəkəndir: “Bakıda xaotik tikinti dövrü başa çatdı”. Yazıda ayrı-ayrı tikinti şirkətləri tənqid edilir, paytaxtda tikinti sahəsində biabırçı mənzərənin olduğu bildirilir: “Məktəblərin, uşaq bağçalarının, xəstəxanaların ərazisində yaşayış binalarının inşası ilə bağlı kifayət qədər fakt göstərmək olar. Bəzən isə binalar yaşayış məhəllələrində məsafə gözlənilmədən tikilib. Təbii ki, bu da həmin məhəllədə darısqallığa səbəb olmaqla orada yaşayan sakinlərin rahatlığını pozub. Həm də hər dəfə bu binalar tikiləndə məhəllədə olan ağaclar kəsilib, uşaqların əyləncəsi üçün nəzərdə tutulan ərazilər ləğv edilib”.
Yazıda qeyd olunub ki, tikinti şirkətləri yaşayış binalarını daha çox birmərtəbəli yaşayış evlərinin yerində inşa ediblər: “Bu zaman da şəhərsalma prinsipləri kobud şəkildə pozulub. Məsələn, birmərtəbəli evlərdən ibarət hansısa böyük ərazidə bir neçə şirkət tərəfindən binalar inşa olunub. Bu zaman kim harada gəldi sakinlərlə anlaşıb və bir neçə evi satın alıb. Beləliklə, ərazidə ara məsafələrinə riayət edilmədən xaotik şəkildə binalar tikilib.
Bu binalar həm bir-birinə son dərəcə yaxın inşa edilib, həm də yersiz şəkildə aralı. Həmin aralı binaların arasında qalan birmərtəbəli evlər isə artıq heç kimə lazım deyil.
Çünki onları söküb yerində çoxmərtəbəli binalar inşa etmək mümkün deyil. Beləliklə, bir-biri ilə yanaşı olan çoxmərtəbəli binalar və birmərtəbəli evlər indi Bakının görkəminə xələl gətirən ciddi problemlərdən biri kimi qalmaqdadır. Bu, həm də ekoloji və sanitar problemlərin yaranmasına səbəb olan amillərdəndir".
“Azərbaycan” qəzeti yazıb ki, digər bir problem tikinti şirkətlərinin həyata keçirdiyi layihələrin bir-birindən fərqli olması nəticəsində yaranan acınacaqlı mənzərədir: “Belə ki, eyni ərazidə bir şirkət 16 mərtəbəli bina, digəri isə onun yanında 12 mərtəbəli bina tikib. Digər şirkət isə iki 10 mərtəbəli bina inşa edib. Bu binalardan biri 3 bloklu, biri 1 bloklu, digərləri 6 blokludur. Hər biri də binanı fərqli şəkildə boyayıb. Beləliklə, arxitektur tələblərin pozulması nəticəsində şəhərin görünüşü korlanır.
Tikintinin vüsət almasından sonra yaranan problemlər isə bununla bitmirdi. Belə ki, tikinti üçün torpaq sahələri ayrılarkən mühəndis-axtarış işlərinin lazımi səviyyədə aparılmaması, tikinti işlərinin mövcud kommunikasiya xətlərinin təhlükəsizlik zolaqlarında həyata keçirilməsi, layihələndirmə sənədlərinin düzgün hazırlanmaması, tikintidə keyfiyyətsiz, standartlara cavab verməyən materiallardan istifadə olunması, tikinti norma və qaydalarının kobud pozulması son dövrlər bu sahədə ortaya çıxan problemlər kimi diqqəti çəkib.
Bir sıra hallarda isə tikinti şirkətləri tərəfindən müəyyən olunmuş tələblərə və təhlükəsizlik qaydalarına əməl olunmaması bu tikintilərdə qəza halları, yanğınlar və orada çalışan insanların həyatlarını itirmələrinə gətirib çıxaran bədbəxt hadisələrlə nəticələnib".
Aydındır ki, bütün bu xaosun səbəbkarı paytaxtda binaların tikintisinə icazə verən Bakı Şəhər İcra Hakimiyyəti və onun rəhbəridir. Heç kimə sirr deyil ki, nəinki çoxmərtəbəli binalar, heç bir köşk belə Abutalıbovun imzası olmadan tikilə bilməz.
Ölkə mətbuatında hələ Bakıda “tikinti bumu” vaxtı belə xəbərlər vardı ki, 10-16 mərtəbəli bina üçün ən azı 500 min manat rüşvət vermək tələb olunub. Təxminən iki ay əvvəl “Ovçular evi” kimi tanınan ərazidə ağacların qırılması və çoxmərtəbəli binanın tikintisi ilə bağlı qalmaqalı yada salmaq kifayətdir. Məlum olmuşdu ki, şirkət “Ovçular evi”nin ərazisində tikintinin icazəsini BŞİH-dən alıb. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev sərt reaksiya göstərdi, tikinti işləri dərhal dayandırıldı.
“Azərbaycan” qəzetinin Abutalıbovun kreslosunun laxladığı bir zamanda meriyanın “yaralı yerinə” toxunması təsadüfə bənzəmir. Eyni tənqidi materiallar vaxtilə Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi ilə də bağlı da dərc edilirdi. Sonda Z.Məmmədov işsiz qaldı.
“Azərbaycan”ın “Bakıda xaotik tikinti dövrü başa çatdı” başlıqlı məqaləsi “Abutalıbovun Bakıdakı hökmranlığı bitir” rəyini yaradır... Qalır bircə sərəncam...
“YM”