Tarix : 2017 Jul 02
Kod 52127

Yasamal rayonunun icra başçısı Hacı Cavad məscidinə görə işdən çıxarıldı

Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad olunub.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

“Report”un məlumatına görə, icra başçısı Hacı Cavad məscidinin sökülməsilə əlaqəli işdən çıxarılıb. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu haqda bildirib ki, hələ aprel ayında Prezident İlham Əliyev “Sovetski” adlanan ərazidə Hacı Cavad məscidinin sökülməsini dayandırıb, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş vermişdi: "Komissiya məsələni öyrəndikdən sonra belə qənaətə gəlib ki, həmin məscidin sökülməsi qaçılmazdır və nəticə barədə dövlətimizin başçısına məruzə olunub. Komissiyanın qənaətinə uyğun olaraq, Prezident İlham Əliyev yerli icmanın da rəyi nəzərə alınmaqla yeni məscidin tikilməsi və yalnız bundan sonra Hacı Cavad məscidinin sökülməsi məsələsinə baxılması barədə qərar verib".
Ə.Həsənov onu da bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Yasamal rayonu Şərifzadə küçəsində daha geniş, gözəl və müasir məscidin tikilməsi üçün yer və vəsait ayrılmış, müvafiq tikinti işlərinə başlanıb: "Lakin bəzi vəzifəli şəxslər cənab Prezidentin tapşırığının əksinə olaraq, yeni məscid binasının tikintisi başa çatmamış Hacı Cavad məscidinin sökülməsi barədə özbaşına qərar qəbul ediblər. Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş verib". 
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı artıq tutduğu vəzifədən azad edilib. 




  • Yazılıb
  • da (də) 2017 Jul 02
  • Göndərən مدير سايت Aran News