Tarix : 2017 Jul 02
Kod 52131

Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsinin vaxtı bəlli oldu

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin hökmündən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

Taleh Bağırzadə, Fuad Qəhrəmanlı da daxil olmaqla, bu işdə bir neçə nəfərin hüquqlarını müdafiə edən vəkil Yalçın İmanovun “Azadliq.info”ya verdiyi məlumata görə məhkəmə iyulun 7-nə təyin olunub. Nardaran işi üzrə apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində Əmir Bayramovun sədrliyi ilə, Əflatun Qasımov və Vüqar Məmmədovdan ibarət hakimlər kollegiyası baxır.
Bir ay öncə – iyunun 8-də bu iş üzrə məhkəmənin ilkin baxış iclasında Yalçın İmanov Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas protokolları ilə bağlı qeydlər vermişdi. Vəkil bildirmişdi ki, məhkəmə iclas protokollarında çoxlu təhriflər var, şahid ifadələri düzgün yazılmayıb və s. Bu səbəbdən də apellyasiya məhkəməsində qərar qəbul olunaraq, protokollara qeydlərlə əlaqədar iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Məhkəmə vəkillərin iradları ilə bağlı öz rəyini bildirməli idi.
Taleh Bağırzadə və onunla birlikdə mühakimə olunan 16 nəfər 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Nardaranda keçirdiyi və ikisi polis olmaqla, 6 nəfərin ölümünə səbəb olan qanlı əməliyyat nəticəsində şərlənərək həbs olunub. Onlar istər saxlanılıb idarəyə aparılarkən, istərsə də ondan sonrakı günlərdə “bandotdel”də ağlasığmaz işgəncələrə məruz qalıblar.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə Nardaran hadisələri ilə bağlı gerçəkləri “facebook” vasitəsilə çatdırdığına, qəsəbə sakinlərini müdafiə etdiyinə görə 2015-ci il dekabrın 8-də həbs olunub.






  • Yazılıb
  • da (də) 2017 Jul 02
  • Göndərən مدير سايت Aran News