Nur-az.com:Qaradağ Rayon Məhkəməsinin köçürülmə ilə bağlı 14 iyul qərarından apellyasiya şikayəti verilib və bu üzdən həmin qərar hələlik qüvvəyə minməyib. Ona görə də Mövsüm Səmədov hələlik 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
İlahiyyatçının vəkili Yalçın İmanov iyulun 1-də müəssisəyə gedəndə məlum olub ki, Mövsüm Səmədov iyunun 20-də yenə on gün müddətinə cərimə kamerasına (“kars”) salınıb. “Kars” cəzası iyunun 30-da başa çatıb. Bu haqda “Azadliq.info”ya vəkil Yalçın İmanov məlumat verib.
Mövsüm Səmədov vəkilinə deyib ki, heç bir qanun pozuntusuna yol verməyib: “İyunun 20-də müəssisədəki başqa bir məhkum “kars”a salınıb, orada əlləri və ayaqları bağlı vəziyyətdə saxlanılıb. “Kars”da olan məhkumlar, həmçinin kamera tipli otaqda saxlanılan Mövsüm Səmədov nəzarətçilərdən xahiş ediblər ki, o məhkumun əllərini, ayaqlarını açsınlar. Mövsüm Səmədovun bu xahişi “daxili intizam qaydalarının pozulması” kimi qiymətləndirilib və ona 10 günlük “kars” cəzası verilib”. İyulun 1-də vəkil Yalçın İmanov cəzaçəkmə müəssisəsində olarkən məlum olub ki, ilahiyyatçı “kars”dan dünən çıxsa da, bu gün onun haqqında yenidən akt tərtib olunub: “Akt da Mövsüm Səmədovun otağından ip tapılması ilə bağlıdır. Bu ipin tapılması müəssisədaxili intizam qaydalarının pozulması kimi qiymətləndirilib. Akt tərtib olunsa da, hansı cəzanın veriləcəyi hələlik məlum deyil. Mövsüm Səmədov bildirdi ki, kamerada olan məhkumlardan biri özünə xəsarət yetirdiyinə görə bütün otaqlara girib, axtarış aparıblar. Mövsüm Səmədovun da kiçik bir “Quran”ı var, həmin ipin başındakı saxlancda “Quran”ı saxlayırdı. O ip də “Quran”ı yuxarıdan asmaq üçündü”.
Vəkili Mövsüm Səmədovun həyatına təhlükədən narahatdır: “Bu müəssisədə ona verilən ardıcıl intizam cəzalarının məqsədi həbsxana rejiminə köçürülməsinə zəmin yaratmaqdan ötrü idi. Artıq buna nail olublar. Bundan sonra da belə əsassız tənbeh, intizam tədbirlərinin davam etdirilməsi kifayət qədər suallar, şübhələr yaratmaqla, həm də müəyyən təhlükədən xəbər verir. İstisna olunmur ki, Mövsüm Səmədovla bağlı hansısa xoşagəlməz planlar var”.
Mövsüm Səmədov 2011-ci ildə həbs olunub. O, qanunsuz silah saxlamaq, dövlət çevrilişinə cəhd kimi ittihamlarla 12 il azadlıqdan məhrum edilib. Lakin Mövsüm Səmədov ittihamların saxta olduğunu, Azərbaycan hakimiyyətinin siyasətini tənqid etdiyinə görə cəzalandırıldığını bildirir.
İlahiyyatçı bundan əvvəl də – 2014-cü il oktyabrın 9-da müəssisə rəhbərliyinin təqdimatı və Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 12 saylı cəzaçəkmə müəssisəsindən 2 illik Qobustandakı qapalı həbsxanaya köçürülmüşdü. Saxlanma şərtlərinin sərtləşdirilməsi Mövsüm Səmədovun intizamı pozması ilə əsaslandırılmışdı. İlahiyyatçı 2016-cı il noyabrın 26-da 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılmışdı. Elə qaytarıldığı gün də birbaşa cərimə kamerasına (kars) salınmışdı. Bundan sonra bir neçə dəfə Mövsüm Səmədova “kars” cəzası verilmişdi. Hələ o zaman vəkili Yalçın İmanov deyirdi ki, bu cəzaların məqsədi Mövsüm Səmədovu yenidən qapalı həbsxana rejiminə qaytarmaq üçün zəmin yaratmaqdır.
Mövsüm Səmədov Azərbaycan Konstitusiyasına prezidentlik müddətinin artırılması, seçkidə namizəd üçün yaş məhdudiyyətinin aradan qaldırılması, ölkədə vitse-prezidentlik institutunun yaradılması və s. dəyişikliklər edilən ərəfədə Qobustandakı qapalı həbsxanasında saxlanılırdı. İlahiyyatçı bu dəyişikliklərə etiraz olaraq, orada aclıq aksiyası keçirirdi.