Tarix : 2017 Jul 02
Kod 52133

İslam sizi nə kökə salıb ki yoldaş Məmmədov

Keçmiş maliyyə naziri Saleh Məmmədova açıq məktub
Nur-az.com:Saleh yoldaş, öz adınızın yanında prof. dr. (türkiyəlilərin dilində profösör-doktor anlamına gəlir) yazırsınız, amma sizinlə Sabir Rüstəmxanlı arasında baş tutan “deyişmə”ni oxuyan insana milyon da versəniz əlini vicdanına qoyub sizin alim olduğunuzu qəbul etməz. Fürsəti fövtə verməyib İslama və islamçılara da “daş atmısınız”. İslamla bağlı fikirləriniz bir islamçının fikirləriylə uyğunlaşmaya bilər. Amma gərək bu barədə şübhələrinizi, ümumiyyətlə fikirlərinizi islamçılarla bölüşərdiniz. Tez qərar qəbul etməzdiniz. Və islamçılardan layiqli cavab alardınız.
Təbii ki, sizin Sabir Rüstəmxanlı ilə türk dili barədə höcətləşməniz şəxsən mənə maraqlı deyil. Amma yazınızda bir neçə dinə, daha dəqiq İslama ilişmələrlə rastlaşdım. Bir neçə kəlmə bu barədə yazsaq heç də pis olmaz. Oxucunu, elə sizi də yormamaq üçün qısa və yığcam yazmağa çalışacağam. Onu da deyim ki, siz o qədər bəsit, savadsız, məntiqsiz danışırsınız ki, sizinlə elmi polemika aparmağın heç yeri yoxdur.
“İslamın əsas dayağını təşkil edən üç millətin - Türklərin, Ərəblərin və Farsların İslamdan əvvəl dünya idarəçiliyində heğemon roluna qarşı hər üçü bu gün o qədər zəifləmişdir ki, dünya idarəçiliyində üçüncü dərəcəli toplumlara çevrilmişdir. Bunun səbəbi nə xristianlıqdı, nə yəhudilik, nə buddizm, nə regional və ya milli mənsubluqdu. Bunun tək səbəbi təkmilləşməsini və islahatlarını "kitabla" qadağan edən Şəriətdi.” –siz belə düşünürsünüz. Amma dinin yoxdursa, dini bilgilərin sıfırdırsa heç olmasa - çox demirəm - bir az məntiqin olsun. Bir zərrə. İslamın əsas dayağı nə vaxtdan hansısa millət olub? Millətlər İslamın bir parçası ola bilərlər. İslamın dayaqları namaz, oruc, həcc, xümus, imamət, ümumilikdə üsuliddin ola bilər. Hər halda hədislərə müraciət etsəniz belədir. Millət hara, İslama dayaq olmaq hara? Yox əgər “mən belə düşünürəm, mənim fantaziyamdakı “islam” bu cürdür” deyirsiniz, qarışmıram. 
Deyirsiniz “bunun səbəbi nə xristianlıqdı, nə yəhudilik, nə buddizm, nə regional və ya milli mənsubluqdu. Bunun tək səbəbi təkmilləşməsini və islahatlarını "kitabla" qadağan edən Şəriətdi”. Heç olmasa deyərdiniz “bunun səbəbi nə ABŞ-dır, nə Avropadır...”Axı sadaladığınız xristianlıq, yəhudiliyin özündə də şəriət var. Bir də ki, zəhmət olmasa deyin görək hansı şəriət hökmü inkişaf etmək istəyən insanı zəiflədir? Bir-iki şəriət hökmü sadalayın zəhmət olmasa!
Məntiqinizin yoxluğu bilirsiniz hardan bilinir? Diqqət edin, deyim. Hamı çox gözəl bilir ki, zəifləyən müsəlman dövlətləri İslama qoşulduqları üçün deyil, İslama əməl etmədikləri üçün zəifləyib. Məsələn Osmanlı ilə Səfəviləri məgər İslam, sizin dediyiniz şəriət zəiflətmişdi? Yox yerdən dövlət yaradan İslam Peyğəmbərinin (s) dövlətini şəriət zəiflətmişdi? Hazırda dediyiniz millətlərin heç birinin dövləti İslam dövləti deyil! (İran xaric) Məsələn, elə Türkiyənin özü bir əsrdir ki, dünyəvi dövlətdir, yaxşı, bəs niyə güclənmir. 
Sonra yazırsınız: “Ola bilməz ki, müxtəlif regionlarda yerləşən, müxtəlif millətlərə mənsub, müxtəlif idarəçiliyə, xarakterə malik 57 ölkənin hamısında eyni vəziyyət olsun: diktatura, monarxiya, korrupsiya, aclıq, səfalət, cəhalət, müharibələr, qırğınlar, daimi parçalanmalar, birlik olmaması və s.” 
Bir az ədalətli olun. Deyilsinizsə heç kimdən ədalət gözləməyin. O dediyiniz 57 müsəlman ölkəsində sadaladığınız çirkinliklər ola bilər. Bunun üçün islam günahakrdır, yoxsa ona əməl etməyən müsəlman? Gəlin saydığınız pis əməllərə Quran gözüylə baxaq;
- diktatura; “Allah zülm edənləri sevməz!” Quran, “Ali-İmran” 57. “Həqiqətən, Allah (özünə) zülm edənləri düz yola yönəltməz!” Quran, “Bəqərə” 258. “Zülm edənlərin (qiyamət günü) heç bir köməkçisi olmaz!” Quran, “Bəqərə” 270)
- monarxiya; “Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz.” Quran, “Rəd” surəsi 11. (Bacarırsınız dəyişin diktatura (zülm) və monarxiyanı. Bacarmırsız, İslam neyləsin?)
- korrupsiya (rüşvət); “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!” Quran, “Bəqərə” 118. (Bacarırsız rüşvət verməyin və almayın)
-aclıq, səfalət; “...Valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin...” Quran, “Bəqərə” 83.
-cəhalət; “Yoxdan yaradan Rəbbinin adı ilə oxu!” Quran, “Ələq” 1. “De: 'Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar” Quran, “Zümər” 9. (İslam fərq qoyub oxumağa əmr edir, müsəlman oxumursa islam neyləsin?)
- müharibələr, qırğınlar; “Hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur.” “Maidə” 32. 
-parçalanmalar, birliyin olmaması; “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” “Ali-İmran” 103.
  • Yazılıb
  • da (də) 2017 Jul 02
  • Göndərən مدير سايت Aran News