Tarix : 2017 Jul 03
Kod 52139

Vəkili həbsxanada Mövsüm Səmədova təzyiq edildiyini deyir

Vəkil Yalçın İmanov 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədova təzyiq edildiyini bildirir.
O, Meydan TV-yə müvəkkilinin həyat və sağlamlığına görə narahat olduğunu söyləyib: 
“İyulun 1-də cəzaçəkmə müəssisəsində onunla görüşdüm. Yenidən 10 günlük karserə salındığını və oradan iyunun 30-da çıxdığını dedi”. 
Vəkilin sözlərinə görə, AİP lideri məhbuslardan birinin karserdə əlləri və ayaqları bağlanmış şəkildə saxlanıldığını öyrənib. O və digər məhbuslar nəzarətçilərdən həmin şəxsin əl-ayağının açılmasını xahiş ediblər. Amma cəzaçəkmə müəssisəsinin rəhbərliyi M.Səmədovun əməllərində “daxili intizam qaydalarının pozuntusu” olduğunu bildirib və onu 10 günlük karserə salıb:
“Karserdən çıxdığı günün ertəsi isə kamerada yoxlama zamanı onun üzərindən ip çıxması haqqında akt tərtib edilib. Əslində bu, kiçik “Quran” kitabını asmaq üçün incə ip olub. Bundan sonra, iyulun 1-də ona yenidən 10 günlük kars cəzası verilib. Səmədovun qapalı həbsxanaya köçürülməsi haqqında qərar qəbul edildikdən sonra belə onu rahat buraxmırlar. Cəzaçəkmə müəssisəsində cərimə, intizam cəzası tədbirlərinin davam etməsi suallar, M.Səmədova qarşı yeni planların və təhlükələrin ola biləcəyi haqqında ciddi şübhələr doğurur”. 
Hələlik Penitensiar Xidmətdən bununla bağlı şərh almaq mümkün olmayıb.
AİP fəalları, o cümlədən Səmədov 2011-ci ilin yanvarında həbs ediliblər. Onlar terrorçuluqda, hakimiyyəti zorla ələ keçirməyə cəhddə və digər cinayətlərdə ittiham olunublar.
M.Səmədov 12 il azadlıqdan məhrum edilib. 2014-cü ilin payızında onun saxlanma şəraiti ağırlaşdırılıb və iki il müddətinə Qobustan həbsxanasına göndərilib. 2016-ci il noyabrın 28-də o, əvvəllər saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb və ertəsi gün dərhal onu 15 günlük karserə, sonradan da bir neçə dəfə cəza kamerasına salıblar.
Bu əsaslardan irəli gələrək iyunun 14-də Qaradağ rayon Məhkəməsi cəzaçəkmə müəssisəsi rəhbərliyinin M.Səmədovun yenidən Qobustan həbsxanasına köçürülməsi haqqında təqdimatını təmin edib. Amma Apelyasiya Məhkəməsinin qərarı çıxana qədər Səmədov cəzaçəkmə müəssisəsində saxlanılır.

  • Yazılıb
  • da (də) 2017 Jul 03
  • Göndərən مدير سايت Aran News