Tarix : 2017 Jul 03
Kod 52145

güya fazil mustafa məscid söküntüsünə sevinir

fazil mustafa: “İcra başçısı əlinə külüng alıb məscidi sökmür ki...”
Azadliq.org-İyunun 30-da Yasamal rayonunda Hacı Cavad məscidinin sökülməsi bir gün sonra icra başçısı İbrahim Mehdiyevin vəzifəsindən kənaraşdırılması ilə nəticələndi. Baş verənlər mətbuatda və sosial şəbəkələrdə müxtəlif məzmunda qiymətləndirilir, xüsusilə prezident İlham Əliyevin icazəsi olmadan icra başçısının bu addımı atması barədə deyilənlər daha çox sual yaradır.
Deputat Fazil Mustafa AzadlıqRadiosunun bu barədə suallarını cavablandırır.
- Fazil bəy, prezident İlham Əliyev Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevi iyunun 30-da Hacı Cavad məscidinin sökülməsi haqda göstəriş verdiyi üçün vəzifəsindən azad etdi. Bu mənada son 2 gündə baş verənləri necə qiymətləndirirsiniz?
- Məscidlə bağlı müəyyən anlaşılmazlığın olduğunu düşünürəm. Anladım ki, prezidentin göstərişi ilə yeni məscidin inşası davam edir, amma iş tamamlanmamış məscidin sökülməsi tapşırığı verilib. Görünür, yolun çəkilişi ilə əlaqədar məscidi söküblər ki, onsuz da yeni məscidin inşası davam edir. Bu da dini icmanın üzvlərində müəyyən narazılıq yaradıb və ictimailəşdirilib. Ona görə icra başçısının bu tapşırığı yerinə yetirməməsi əsas götürülərək işdən azad edilib. Ancaq əsas odur ki, həmin məscid Yasamal rayonunun başqa bir ərazisində daha modern şəkildə tikilir və elə həmin icmanın da ixtiyarına veriləcək.
- Əsas suallardan biri prezidentin məscidin sökülməsindən xəbərsiz olmasıdır. Əgər Çevik Polis Alayı iyunun 30-da söküntü zamanı ərazini nəzarətdə saxlayıbsa, deməli, Daxili İşlər Nazirliyi də prosesdə iştirak edib, təkcə icra başçısı İbrahim Mehdiyev yox?
- Mənim sökülmə proseduru haqda konkret bilgim yoxdur. Sadəcə, faktı bilirəm. İcra başçısı əlinə külüng alıb məscidi sökmür ki. Kiməsə tapşırır, yaxud hansısa qurumlara deyir. Ola bilsin ki, hansısa qurumlara rəsmi dövlət nümayəndəsi tərəfindən deyiləndə hamı prosesdə iştirak edir. Çevik Polis Alayı və başqaları icra başçısının göstərişi ilə söküntüdə iştirak edib. Ona görə də bu məsələdə hamı bir-bir soruşmalı deyil ki, prezident deyib, yaxud deməyib. Yəni prezidentin təmsilçisi tərəfindən göstəriş verilibsə, o icra olunub. O baxımdan burda konkret göstərişi verənin məsuliyyəti qoyulub. Ona görə hansısa fəhlənin cəzalandırılması anlayışı doğru deyil.
- Yəqin ki, icra başçısı İbrahim Mehdiyevə də kimsə göstəriş verib?
- Bunu deyə bilmərəm. Çünki prezidentin köməkçisi Əli Həsənov bildirdi ki, ölkə rəhbəri başqa bir göstəriş verib, icra başçısı da ona əməl etməyib.
- Məscidin sökülməsinin səhəri, iyulun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı icra başçısının addımına haqq qazandırmışdı. Və şənbə günü günortadan sonra icra başçısı vəzifəsindən azad olundu, ardınca prezidentin köməkçisi Əli Həsənov İbrahim Mehdiyevin dövlət başçısının tapşırığına əməl etmədiyi üçün cəzalandırıldığını dedi. Sadaladıqlarım dövlət orqanları arasında əlaqəsizliyin olduğunu göstərmirmi?
- Bilirsiniz, məscidin sökülməsi məsələləri bir az siyasiləşdirilmişdi. Prezidentin də məsələyə bu formada reaksiya verməsinin əsas səbəbi odur ki, o da olayın dini icmayla bağlı olmadığını bilir. Çünki yeni və daha modern məscid tikilir, sökülən isə istifadəyə yararsızdır. Həm də məscid sökülüb, ərazi də abadlaşdırılmalıydı. Söhbət qərarın olduğu kimi icrasından gedir, onsuz da məscidin sökülməsi gündəmdəydi və mən də daxil olmaqla olayın siyasiləşdirilməsinin əleyhinə çox adamlar çıxış etmişdi. Bildirmişdim ki, məscid məsələsini siyasiləşdirmək olmaz, əsas yeni və daha modern məscidin tikilməsidir. İcma yeni məsciddə fəaliyyətini davam etdirməlidir. Görünür, prezident ayrıca göstəriş verib ki, yeni məscidin inşası başa çatmamış köhnəsinə toxunulmasın. İyulun 1-də icra başçısının çıxarılması da buna görəydi.
- Ümumiyyətlə, icra başçısının prezidentin icazəsi olmadan belə bir addım atması inandırıcıdırmı?
- Doğrusu, İbrahim Mehdiyev təcrübəli icra başçılarından biridir. Ola bilsin, işin irəliləməsi üçün tələsik qərar verilib. Yəni tapşırılan əsas iş icmanın köçürülməsi, yolun çəkilməsi, abadlıq işlərinin aparılmasıdır. Güman ki, İbrahim Mehdiyev yeni məscidin tikilməsinə arxayın olub, bu işi görüb ki, ləngimə olmasın və tələsik qərar verib. Yoxsa ümumi qərar budur ki, ərazi təmizlənib park, yol salınmalıdır. Görünür, icra başçısı işi sürətləndirmək istəyib və müəyyən mənada tələskənliyə yol verdiyindən son vəziyyət yaranıb.
- Mart ayında prezident İbrahim Mehdiyevi “Şöhrət” ordeniylə təltif edib, gələcəkdə onun hansısa vəzifəyə təyin ediləcəyini gözləyirsinizmi?
- Hesab edirəm ki, İbrahim Mehdiyev icra başçıları içində normal reputasiyası olan biridir. İcra başçısı kimi də vətəndaşlarla münasibətdə özünü yaxşı tanıdıb. Onun nə vaxtsa vəzifəyə təyinatı mümkündür. İndi bir adamın konkret tapşırığı yerinə yetirməməsi səbəbindən vəzifədən çıxarılması birdəfəlik mənasında gəlmir. Onun qabiliyyətinə görə başqa sahələrdə istifadə olunması mümkündür və yəqin ki, belə olacaq.
- Amma sosial şəbəkələrdə və mediada Yasamal rayonu haqda müzakirələrdə, yazılarda sabiq icra başçısının daha çox torpaq satması kimi yadda qaldığı qeyd edilir. Bu barədə nə deyə bilərsiniz?
- Araşdırın görün Yasamal rayonunda torpaq qalıbmı?!
- Satılıb qurtarıbmı?
- Ən az torpaq satılan rayondur. Ümumiyyətlə, bələdiyyədən də danışanda torpaq satılması gündəmə gəlir. Son 5 ildə Bakıda normal torpaq satışı yoxdur. Bələdiyyənin də buna gücü çatmır. Ola bilsin, İbrahim Mehdiyevin işində də nöqsanlar var, hamının işində nöqsan ola bilər. Amma bütövlükdə o konkret tapşırığa görə vəzifəsindən uzaqlaşdırılıb. İbrahim Mehdiyevin ümumi fəaliyyəti narazılıq yaratsaydı 5 il əvvəl çıxarılardı.

  • Yazılıb
  • da (də) 2017 Jul 03
  • Göndərən مدير سايت Aran News