Tarix : 2017 Jul 04
Kod 52157

Səhv insanlara doğru suallar

Azərbaycanda növbəti dəfə bir məscid söküldü. Bu məscidə çox sayda ibadət edənlər gəlirdi. Hər birisinin təbii haqqıdır ki, məscidi qorusun, sökülməsinə icazə verməsin. Hətta orada ibadət etməyən digər müsəlmanlar da məscid söküntüsünə etiraz edə bilər və etməlidir. Çünki məscid heç kimin şəxsi mülkü deyil, Allahın evidir və Allah bəndələrinin onu qorumağa haqqı var.

Nur-az.com:Həqiqətən də qəribə hadisələr baş verdi. Məscidin varlığı salınan yeni şəhərə (şəhərin yeni infrastuktur nəzərdə tutulur) maneə törədirdisə də bunu başqa cür həll etmək də olardı. Bizdə isə problem əslində məscidin sökülməsi deyil, xalqın ona “vədlər” verən hakimiyyətə inamının olmamasıdır. Məsələn, hansısa avropa ölkəsində xuliqanlıq etmiş bir insanı azadlıqdan məhrum etməsələr deyəcəklər ki, ola bilsin qanun buna yol verir və həbsi haqq edəcək bir xuliqanlıq etməyib. Amma, Azərbaycanda xuliqanlıq edən şəxs həbs edilsə şərlənməsi böyük ehtimaldır. O ki, qaldı bu xalqın pak ruhaniləri, yaxud məscidləri olsun. Bu öz yerində.

“Hacı Cavad” məscidinin sökülməsi ilə əslində məscidi sökənlər özlərini biabır etdi. Təsəsvvür edin ki İslamiada (İslam oyunları) ərəfəsində etraz edən möminlərin səs-küyünü yatırmaqdan ötrü Prezident söküntü saxladı. Daha sonra komissiya yaradıldı və komissiya güya məsələni araşdırıb Prezidentə bildirdi ki, bəli məscid mütləq sökülməlidir. Prezident də göstəriş verdi ki, qoy yeni məscid tikilənə qədər məscidin köhnə binasına əl deyilməsin. Daha sonra İcra başçısı “icazəsiz” məscidi sökür, tez bir zamanda işdən qovulur və bir müddət sonra müsahibə verib deyir ki, Prezidentə haqqımda səhv məlumatlar verilib. Prezident də lap əcəb edib məni işdən azad edib. Və daha sonra deyir ki, mən heç bir işdə işləmək barədə düşünmürəm, gedirəm istirahət etməyə. 
“Mən dövlət vəzifəsində çalışaraq, verilən tapşırıqları həyata keçirmişəm. Ancaq kimsə ölkə başçısına haqqımda düzgün informasiya verməyib. Bunun nəticəsində də cənab Prezident müvafiq Sərəncam verib və vəzifəmdən azad olunmuşam. Amma cənab prezident lap əcəb edib məni vəzifədən azad edib. Buna görə çox sağ olsun, Allah ömrünü uzun etsin!” Bəli, gördüyünüz kimi pafoslu çıxış, istehza, yalandan uzun ömür arzuları, kefini pozmamaq mənzərəsi və “Prezidenti dəstəkləyirəm” demək istəməsi.
Yaxşı əgər arada bir səhv varsa, zəhmət olmasa sizin ünvanladığımız bu doğru suallara kişi kimi cavab verin:
1. Azərbaycan kimi diktatura hakimiyyətinin mövcud olduğu ölkədə hansı məmur “icazəsiz” iş görə bilər? Nə üçün bir dəfə “səhvən” yaxud “icazəsiz” xalqın, dindarların xeyrinə bir iş olmur bu ölkədə? Nə üçün “səhvən”, “icazəsiz” məscidin sökülməməsi deyil, sökülməsi baş tutur? Nə üçün “səhvən”, “icazəsiz” Prezidentin təyin etdiyi həyat yoldaşının əvəzinə başqa bir şəxs birinci vitse-prezident seçilmir? Nə üçün müxalifətin “icazəsiz” mitinqinə ordu cəlb edilib, xalqı əzib pis günə qoyurlar, icra hakiminə “gözün üstə qaşın var” deyən yoxdur. Nə üçün “səhvən” Şeyx Sərdar azadlığa buraxılmır?

2. Nə üçün bu “səhv” komissiya yaradılmamışdan əvvəl baş vermədi. Elə ondan əvvəl baş verərdi və adını “səhv”, “tələskənlik” qoyardılar. (Əslində icra başçısı işdən qovulmaqla gözdən pərdə asamağa, gündəmi dəyişməyə, “qanunsuz iş görən şəxsin cəzalandırılması” səhnəsini tamaşaçılara təqdim etməyə cəhdlər olunur)
3. Əgər “səhvə” yol verilməsəydi yeni məscidin inşası üçün lazım olan 2-3 il ərzində “Sovetski”də salınan yeni şəhər planları bir məscidə görə 2-3 il təxirəmi düşəcəkdi? Oturub gözləyəcəkdilər ki, nə zaman yeni məscid inşa ediləcək?
4. Bu məscid bir dəqiqəyə sökülməyib, sökülən gün səhərdən-axşamacan saytlar yazıb, çəkib, etiraz edənlər hadisə yerinə toplaşıb, çevik polis, işçi qüvvəsi və s. hökümət tərəfindən cəlb edilib. Bəs komissiya üzvləri harada idi, nə əcəb bir nəfər şıxıb icra hakimiyyəti işçilərinə “niyə Prezidentin göstərişinə əməl etmirsiniz?” deməyib.
5. İşin ən maraqlı tərəfi budur ki, hansı ölkədə Prezidentin “göstərişinin” ziddinə hərəkət edən icra başçısı təkcə işdən qovulmaqla kifayətlənir. Burada əgər kobud qanun pozuntusu varsa başçıya başqa cəza verilməli idi. Özü də başçı o qədər rahatdır ki, həyasızcasına onu işdən qovan Prezident üçün dua edir, “lap əcəb edib məni işdən qovub” deyir. Üstəlik, heç bir yerdə işləməyib istirahət edəcəyini arsız-arsız deyir. Yəni onun günahı balacadırmı, sökdüyü yer balaca çörək “budkasıdırmı”, göstərişinə əməl etmədiyi şəxs balaca adamdırmı?

6. Başçı özü “mən dövlət vəzifəsində çalışaraq, verilən tapşırıqları həyata keçirmişəm” deyir. Bəs yaxşı onda səhv məlumatı kim verib başçıya? Niyə həmin şəxsin kimliyi araşdırılmır. Niyə Prezident həmin şəxsi tapmır? Axı burada Prezidentin imicinə xələl gəlib, o, Prezidenti hərtərəfli gözdən salan ünsürləri aşkarlamalı, dərsini verib təxribatın qarşısını almalı idi. Çünki o qüvvələr Prezidentlə dindarları üz-üzə qoymağa çalışır. Başçı əslində bu etirafı etməklə İlham Əliyevə, Ramiz Mehdiyevə meydan oxuyur. “Mən düzəm, siz səhvsiniz” deyir. 
7. Əgər başçı həqiqətən də özünü “prav”, “yaxşı oğlan”, onun haqqında “səhv informasiya” verən ünsürləri “neprav” hesab edirsə bu işin sonuna qədər getməli, ona səhv məlumat verənləri hətta məhkəməyə verməli idi. Hətta bu işdən şəxsən Prezident İlham Əliyevdən kömək istəməli idi. Çünki bu iş onun Prezidentlə arasının “səyməsinə” səbəb olub. Çünki bu onun peşə fəaliyyətinə, gələcək kariyerasına ləkədir. Amma o əksinə, zərrə qədər – peşə fəaliyyəti cəhənnəm – heç həbs edilməsindən də çəkinmir. 
8. Ən mühim məsələ məncə bu sualdır: başçının bu cür çıxışı görəsən xalqımızın yadına Gülər Əhmədovanı, Eldar Mahmudovu salmır ki? Onlar da cinayətlərini birtəhər ört-basdır etmək, daha ağır cəza almamaq üçün susmuş və onlara kəsilən “cəza” ilə razılaşmışdılar. Prezidenti ələ verməmişdilər. Təki daha ağır cəza ilə cəzalandırılmasınlar. Faydası da oldu. Gülər Əhmədova 2-3 il “bəybalası” kimi həbsdə qaldı, Eldar Mahmudov isə indiyədək bəydən də yaxşı bir formada “şellənir”. Bu da hakimiyyətin bir siyasi manevridir. 
Bundan əlavə maraqlı bir məqam da bundan ibarətdir ki, başçı – bu rejimin bir parçası ola-ola – müxalifətin indiyədək dediklərini əməli olaraq təsdiqlədi. O müsahibəsində deyir ki, ölkə başçısına düzgün olmayan, səhv informasiya verilib. Təsəvvür edin bu şəxsə informasiya verən və Prezident Aparatı ilə onun arasında vasitə olan şəxslər səhv iş görür. Onlardan da soruşsanız, deyəcəklər bizə yuxardan səhv məlumat verilib, biz bizə verilən tapşırıqları həyata keçirmişik. Necə ki, başçı utanmadan “mən dövlət vəzifəsində çalışaraq, verilən tapşırıqları həyata keçirmişəm” deyir. Beləliklə də hər nə qədər yuxarı getsək, hamısı özünün ona verilən tapşırığı yerinə yetirdiyini, onun haqqında səhv informasiyanın verildiyini, yuxarıların, vasitə olan şəxslərin səhv iş gördüklərini deyəcək. Beləliklə də yuxarıya gedə-gedə sonda Prezidentin üstündə dayanacağıq. Məlum olacaq ki, Prezident səhv iş görübmüş. 
Buradan da belə bir nəticə əldə edirik ki, bu rejimdə bir nəfər düz adam yoxdur, hamısı səhv, icazəsiz işləyən, məsuliyyətsiz və sərişdəsiz insanlardır. 
Əlbəttə, gec-tez bu işin həqiqəti ortaya çıxacaq. Yəqin başçısının varidatı üzə çıxacaq və onun üçün tələ qurulur. Bir güllə ilə iki quş.
P.S. Başçının başına iş gəldi. “Başına gələn başmaqçı olar” deyiblər. Madam Prezident lap əcəb edib səni qovub, onda niyə istirahət edib işləmək istəmirsən, get başmaqçı ol da! İcra hakimiyyəti sənlik deyil.




  • Yazılıb
  • da (də) 2017 Jul 04
  • Göndərən مدير سايت Aran News