Maide.Az xəbər verir ki, məhkəmə Anar Almuradlının sədrliyi ilə keçirilib və prosesdə Şeyx Sərdara hökm oxunub. Məhkəmənin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.Hökmdən əvvəl dövlət ittihamçısı çıxış edib. S.Babayevə CM-in 168-1.3.1 maddəsi ilə verilmiş ittihamın məhkəmədə də sübuta yetirildiyini deyən prokuror, ilahiyyatçının 4 il azadlıqdan məhrum edilməsini təklif edib.
Ardınca S.Babayevin vəkilləri çıxış edərək, onun günahsız həbsdə saxlandığını bildirib. Müdafiəçilər ilahiyyatçı haqqında bəraət hökmü çıxarılmasını istəyib.
Rəbbimin xidmətində olduğum üçün mühakimə olunuram
Məhkəmədə ruhani çıxış edərək ilk olaraq həbs edilməsindən danışıb: “Elə ki, ilk dəfə qandalı qoluma vurdular, başımı qaldırıb tam əminliklə, tam rahatlıqla bir şeir oxudum. Şeiri tərcümə etməmişdi. Mənə dedilər ki, səni 168-ci maddə ilə həbs edirik. Yəni xaricdə dini təhsil alan şəxsin dini ayinləri icra etməsinə görədir. Mən şad idim ki, dini ayin yerinə yetirdiyim üçün, məhz əqidəmin, imanımın, Allahımın mənə əmr etdiyini həyata keçirdiyim üçün həbs edilirəm. Rəbbimin mənə layiq bildiyi sahədə fəaliyyət göstərmişəm. Şeirin mənası budur:
“Mən kiməm ki, o dərin düşüncəndən keçmiş olam,
Lütf edirsən, astananın tozun başa tac sayaram”.
Bu gün burada, Masallı rayonunda, bu məhkəmə binası tikiləndən bu günə kimi yüzlərlə insan son söz deyib. Bu gün burada mən də mühakimə olunuramsa, bunu mənə Rəbbim layiq görüb ki, hər hansı cinayət üstündə deyil, onun xidmətində olduğum üçün mühakimə olunuram. Bunu mənə bəxş etdiyi üçün Allahıma dərin təşəkkürümü bildirirəm. Bu sözlərdən çox-çox artığını demək olar. Amma bu gün bu sözləri burada demirəm. Çünki Rəbbim mənə o sözləri xəlvətdə demək üçün icazə verir”.
Qardaşlıqdan, əzizlikdən əskik olmayasınız
Çıxışının davamında Şeyx Sərdar bu günə qədər məhkəmələrdə iştirak edənlərə təşəkkürünü bildirib. “Bu salonda iştirak edənlərə, bu günə qədər bütün zəhmət çəkənlərə təşəkkürümü bildirirəm. Zəhmət çəkmisiniz, vaxtınızı sərf etmisiniz. Bu bizim İslam dini, əqidə, qan qardaşlığımızın göstəricisidir. O zaman ki, rəhmətlik Şeyx Qələm axund vəfat etmişdi, qışın çox sərt vaxtı idi. Lerikdə bir məktəb direktoru var imiş, bu hər yerdə ateizm təlimini təbliğ edir, dinin, ruhanilərin əleyhinə sözlər yazırmış. Bu şəxs gəlir Lerikin dağ kəndində Şeyx Qələm axundun yas məclisinə. Görür ki, qarlı qışda, maşın getməyən yerə, zonanın bütün ruhaniləri toplaşıb. Üzünü tutur ruhanilərə deyir ki, 2 gün əvvəl bizimlə 40 il bir yerdə çalışan müəllim yoldaşımızı dəfn etdik. Cəmi 11 nəfər dəfndə iştirak edirdi. 40 il onunla bir yerdə işləyən müəllim yoldaşları dəfninə gəlməmişdi ki, hava soyuqdur. Amma siz bütün bölgələrdən bura yığışmısınız. Sizin aranızda olan bu həmrəylik, bu qardaşlıq alqışa layiqdir. Bu sizdə var, bizdə yoxdur. Ona görə də bir daha sizin əleyhinizə yazmayacam. Mənim din qardaşlarım ilk günlərdən bu gün kimi həmrəylik nümayiş etdirdi. Buna görə hər bizinizə təşəkkür edirəm, qardaşlıqdan, əzizlikdən əskik olmayasınız”.
Həzrət Zeynəb (s.ə) elə söz dedi ki, qiyamətə qədər dilimiz gödəkdir
Çıxışında Hacı Sərdar üzünü məhkəmə salonunda əyləşmiş anasına və ailəsinə tutaraq bunları dedi:
“Ana, xahiş edirəm heç zaman mənə görə göz yaşı tökmə. İmam Hüseyn (ə) Həzrət Zeynəbdən (s.ə) ayrılanda buyurur ki, “bacı, bizdən sonra elə et ki, bizim savabımızı azaltmayasan”. Xanım Zeynəb (s.ə) bu vəsiyyətə əməl edib, bütün müsibətlərin qarşısında elə bir söz dedi ki, tarixdə hər birimiz üçün örnək olacaq bir yol qoydu. Bəzən bizim dostlarımız da bizə deyir ki, xəstə adamsan, sənin üçün çətin olacaq. O dostlarımıza sözümüz budur: “O zaman ki, Həzrət Zeynəb (s.ə) İmam Hüseynin (ə) mübarək bədəninin yanına gəldi, elə bir söz dedi ki, qiyamətə qədər hər birimizin bu söz müqabilində dili gödəkdir. Buyurdu ki, Rəbbim bu kiçik qurbanı bizdən qəbul elə”. Odur ki, ana mənim həbs olunmağıma görə sıxılma. Hər zaman möhkəm olun. Bunu ailəmə, övladlarıma da demişəm, bütün din qardaşlarıma da deyirəm”.
İnanmıram ki, Avropada, Amerikada digər sivil ölkələrdə olan ən bacarıqlı vəkillərin iş məharəti sizdən artıq olsun
Şeyx Sərdar bu müddət ərzində onun hüquqlarını müdafiə edən vəkillərə təşəkkürünü bildirdi:
“Hörmətli vəkillər, sizə də təşəkkürümü bildirirəm. Siz məni bu məhkəmə ərzində müdafiə etmisiniz. Hüquq sahəsində bütün biliklərinizi ortaya qoymusunuz. Qənaətim budur ki, Azərbaycanda vəkillik sahəsi aşağı səviyyədədir. Amma çox sevinirəm ki, sizin kimi vəkillərimiz var ki, nəinki iş məharəti, hətta vicdani keyfiyyətləri yüksək səviyyədədir. Siz bu qədər məharətlə çoxlu sayda vəsatətlər qaldırdınız. Amma onları çox rahat şəkildə kənara atdılar. Bu sizin nöqsanınız deyil. İnanmıram ki, Avropada, Amerikada digər sivil ölkələrdə olan ən bacarıqlı vəkillərin iş məharəti sizdən artıq olsun”.
Əgər Kamalımızla, Kamilimiz budursa, Allah Qəşəmə ad qoyana rəhmət eləsin
“Cənab prokuror, siz bu maddəyə görə ən yüksək həddi tələb etdiniz. Amma çıxışınızda müəyyən məqamları xatırlatmaq istəyirəm. Siz ancaq dindirilmiş şahidlərin adını çəkdiniz. Onların kimliyi və şəxsiyyəti hər kəsə bəllidir. Mən İranda olanda çəkimin çoxluğu ilə əlaqədar olaraq bir həkimin kursuna yazılmağa getdim. Tək günlər həmin kursa arıq adamları qəbul edirdilər, cüt günlər kök adamları. Bunu bilmirdim. Mən gedəndə isə həftənin tək günü idi. Salona girəndə insanlardan gözümü çəkə bilmədim. Çünki gələnlər o qədər arıq idilər ki, hətta bir az qorxdum da. Adımı yazdırdım. Səhəri gün kök insanların qəbul günü idi. Bu dəfə də təəccübümü gizlədə bilmədim. Çünki orda gördüyüm insanlar o qədər kök idi ki, mən onların yanında arıq görünürdüm. Çünki o qədər kök idilər ki, hərəsi iki stula ancaq yerləşirdi. Bir fikir məni çox düşündürdü. Bu insanlarla eyni şəhərdə yaşayıram. Nə dünənkiləri, nə də bugünküləri heç vaxt görməmişdim. İndi burada elə insanları şahid olaraq gördüm ki, düşündüm görəsən bunlar bizim xalqın nümayəndəsidir? İstədim bu münasibətlə sizi təbrik edim ki, belə insanlar yetişdirə bilmisiniz. Amma bu müsbət bir iş olmadığı üçün etmədim. Burda o cavanlara heyfim gəldi ki, mənim üzümü bir dəfə də görməyib, amma üzümə yalançı şahidlik etdilər. Gələk rəsmi şəxslərə. İstər Kamalın, istər Kamilin, istər Qəşəmin ifadələri məni təəccübləndirdi. Bizdə dinimizdə bir qayda var ki, insana ad qoyanda yaxşı ad seçmək lazımdır. Kamal, Kamil sözünün mənası yetkinlik deməkdir. Amma bu insanlara baxanda düşündüm ki, əgər Kamalımızla, Kamilimiz budursa, Allah Qəşəmə ad qoyana rəhmət eləsin. O ki, qaldı mollanın izahatına bir misal var ki, “mollası gülüm olanın başına külüm olar”. O da 3 dəfə fikrini dəyişdi”.
Şeyx Sərdardan sərrast bir misal: Mən qartalam, işim də dağlardadır, metroda olmalı deyildim ki?
“Cənab prokuror yadınızdadırsa, bu işin lap əvvəllərində sizə bir tövsiyə etmişdim. Çünki inanıram ki, bizim tövsiyələrimiz eşidərsiniz. Eşitmişəm ki, buradan yeni vəzifəyə təyin ediləcəksiniz, Gəncəyə gedəcəksiniz. Bundan da yuxarı vəzifələr arzu edirəm. O tövsiyəni bir daha təkrar etmək istəyirəm. Siz o vaxt tez-tez “cinayət” sözünü təkrar edirdiniz. Sizə dedim ki, o şeyin ki, adını Allah Quranda ibadət qoyub, siz tez-tez ona cinayət deyirsiniz. Bu cürəti etməyin. Zənnimcə bunun haqqında düşünməyə dəyər. O ki, qaldı mənim “cinayətimə.” Mən din xadimiyəm, “Cümə namazı” qılmışam. Bir misal var. Deyir aşıq çıxmışdı bir dağın üstünə, gördü ki, bir qartal var. Tez sazın sinəsinə basıb oxudu ki, “qoca qartal nə gəzirsən, dağlar qoynunda-qoynunda”. Qartal dedi, aşıq bir dayan. Mən metroda olmalı deyiləm ki? Mən qartalam, işim də dağlardadır. İndi mən mollayam, din xadimiyəm. Bu mənim işimdir. Qədimdə komada bir şəxsin sağ olduğunu yoxlamaq üçün onun nəbzinə baxırdılar ki, hər hansı reaksiya var, ya yox? İndi cənab prokuror mənə 4 il iş istədi və həmin dəqiqə üzümə baxıb reaksiyamı yoxlamaq istəyirdi. Orada 4 il yox 40 il də desəydiniz mənim halımda zərrə qədər dəyişiklik olmayacaqdı. Çünki mən Rəbbimin qarşısında, vicdanımın qarşısında təmizəm və özümü çox gözəl hiss edirəm”.
Hakim istər təbiətin, istər fiziki cəhətdən, istərsə də digər şəxslər tərəfindən basqı altında olmamamlıdır
“Bu məhkəmənin birinci günündə mən üzümü cənab hakimə tutub belə demişdim ki, hər bir kəsin arxasındakı divarın hündürlüyü qədər onun kölgəsi görünür. Bu günə qədər bütün məhkəmələrdə verilən qərarlarda divar qaranlıqda olduğu üçün kölgəsi də olmayıb. Əgər bu məhkəmədə də belə olacaqsa, o zaman mənim danışmağımın bir mənası yoxdur. Yadınızdadırsa, demişdim ki, mən bir dinin təbliğatçısıyam ki, o din buyurur ki, hakim azad olmalıdır. Hətta Həzrət Əli (ə) buyurur ki, hakimin dayandığı yerə gün düşürsə o yerini dəyişməlidir. Səbəbi budur ki, təbiətin basqısı altındadır. Ola bilər ki, təbiətin bu basqısı onda obyektivliyi qorumamağa təsir göstərə bilər. Deyir əgər hakimin başmağı ayağını sıxırsa o hökm oxuya bilməz. Çünki başmaq ayağını sıxmaqla o fiziki basqı altında olur. Yaxud bir başqasının təsiri olarsa, o hökm çıxarmamalıdır. Bu üç istiqamət – istər təbiətin, istər fiziki, istərsə də digər bir fərdin təsiri olarsa, hakim üçün hökm çıxarmaq çətin olur. O zaman ki, əhli-sünnənin böyük alimlərimdən olan Əbu-Hənifə hiss elədi ki, ona qarşı təzyiqlər çoxdur qazilikdən, hakimlikdən imtina elədi. Onu çağırıb dedilər ki, sən qayıtmalı və işinə bərpa olmalısan. Dedi ki, mən artıq qocalmışam, hökmlər yadımda qalmır. Ona görə istəyirəm işdən uzaqlaşam. Təbii ki, ona inanmadılar. O zaman dedi ki, mən basqı altında olduğum üçün işləyə bilmirəm”.
Şeyx Sərdardan mükəmməl bir müqayisə: Qurani-Kərim bu məhkəmə prosesini bizə danışır
“Burda mənə qarşı edilən “şahidliklərin” yalan olduğu göz qabağında idi. Amma niyə buna baxmayaraq mənə hökm oxunur? Səbəbini sizə deyəm. Qurani Kərim bir məhkəmə prosesini nəql edir. Bu Həzrət Yusifin (ə) məhkəməsidir. Züleyxanın ona atdığı iftiraya qarşı Allah Həzrət Yusifi (ə) bir uşağın vasitəsi ilə müdafiə etdi. Uşaq Yusifin (ə) günahsız olduğuna şahidlik etdi. Artıq burada Yusifin (ə) günahsızlığı tam sübuta yetdi, lakin yenə zindana salındı. Qurani-Kərim bu məhkəmə prosesini bizə danışır. Odur ki, burada mən qəribə bir hal görmürəm.”
Şeyx Sərdarın çıxışında son nöqtə: Yuxuda görmüşdüm müstəqilliyi, sən demə mən hələ yatmamışam ki....
“Mən çox rahatam. Bir hadisəni xatırladım. Bir neçə il əvvəl müstəqillik günü idi. Bir nəfər məni təbrik elədi. Qələmi götürüb kiçik bir şer yazdım ki:
Mənə təbrik demə müstəqillik günü
Mən yazıq müstəqil olmamışam ki,
Özgələr yeyərdi neftin gəlirin
İndi özüm yeyib doymamışam ki,
Tapdardı dinini hər keçən dığa,
İndi gözüm üstə qoymamışam ki,
Sürgünə gedərdi xalqının oğlu,
ona indi sahib çıxmamışam ki,
Ədalət adında bir arzum vardır,
Hələ də mən ona çatmamışam ki,
Yuxuda görmüşdüm müstəqilliyi,
Sən demə mən hələ yatmamışam ki.
Daha sonra qısa müşavirə elan edilib. Müşavirədən sonra hakim S.Babayevə 3 il həbs cəzası verilməsi haqda hökmü elan edib.
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayətinə əsasən həbs edilib. O, qanunsuz olaraq “Cümə” namazı qılmaqda ittiham olunur.