“Qələm” Yazarlar Birliyi “Maide.AZ” saytının Baş redaktorunun həbsi ilə əlaqədar bəyanat verdi
“Hacı Sərdar Hacıhəsənli kimi şəxsiyyətin imanından, elmindən, bacarığından, natiqliyindən, qələmindən bəhrələnib, bütün bu dəyərli keyfiyyətləri cəmiyyətin mənəvi saflaşdırılmasına, gənclərin təlim-tərbiyəsinə, uşaqların vətənə məhəbbət ruhunda böyüməsinə yönəltmək əvəzinə, onu geniş ictimaiyyətdən təcrid edərək, azadlığını məhdudlaşdırmaq ağılsızlıq, məntiqsizlik və hansısa qisas hissindən başqa bir şey deyil”.
İslamazeri.com xəbər verir ki, “Qələm” Yazarlar Birliyinin tanınmış ilahiyyatçı, Azərbaycan Ruhanilər Məclisinin üzvü Şeyx Sərdar Babayev barədə Masallı Məhkəməsində çıxarılmış üçillik həbs qərarına etiraz bəyanatında belə deyilir.
“İnsanı namaz qıldığına görə təzyiqlərə məruz qoymaq, şərləmək, zindana salmaq ateist dövrlərin təzahürü və despot rejimlərin əməlidir, hansı ki, biz dünyada analoqu olmayan inkişafın getdiyi, İslam oyunlarına evsahibliyi və 2017-ni İslam həmrəyliyi ili elan etmiş Azərbaycanımızın uca və şanlı adının belə neqativ, primitiv məsələlərlə bağlı mənfi çalarda hallanacağından, taleyüklü problemlərimizə şərik çıxan müsəlman aləmi ilə əlaqələrimizə xələl
gələcəyindən çox üzgünük”- deyə, yaradıcılıq qurumu narahatlığını bildirib.
Sənəddə daha sonra vurğulanır: “Hacı Sərdar Həzrət Peyğəmbər İslamının heyrətamiz dərinliklərinə vaqif, klassik dini bilgilərə malik ruhani olmaqdan əlavə, həm də istedadlı qələm sahibidir, “Maide.AZ” kimi mütərəqqi, peşəkar, vətənə, xalqa, dövlətçiliyə sevgili və sədaqətli bir informasiya portalının Baş redaktorudur - məhz elə buna görə də ölkənin kütləvi informasiya vasitələri onun müdafiəsi ilə bağlı haqq səslərini ucaltmalıdırlar!”
“Qələm” Yazarlar Birliyi bəyan edir ki, beynəlxalq miqyasda qlobal təbəddülatların baş verdiyi, bəşər övladının müxtəlif texnogen və psixoloji təsirlərə məruz qaldığı, Qərbdən Şərqə aşkar-gizli səlib yürüşlərinin təşkil edildiyi XXI əsrdə mürtəce, yabançı cərəyanların, dalğaların, hücumların qarşısında dayanmaq və müqavimət göstərə bilmək, milli kimliyi, mənəvi-əxlaqi dəyərləri, vətəni, torpağı, ailəni, namusu, vicdanı qorumaqdan ötrü Şeyx Sərdar, Hacı Mövsüm, Seyid Fəramiz, Taleh Bağırzadə, Hacı Abgül kimi dəyərli insanları həbs eləmək yox, azadlıqda daha effektli fəaliyyətlərinə şərait yaratmaq lazımdır!
“Qələm” Yazarlar Birliyi bir daha Şeyx Sərdar Babayevə azadlıq tələb edir və rayon məhkəməsinin buraxdığı səhvin Apellyasiya Məhkəməsi tərəfindən düzəldiləcəyinə ümid bəslədiyini bildirir