Tarix : 2017 Jul 06
Kod 52181

Rauf Mirqədirov: Azərbaycan və Ermənistanı qızışdıran kənar qüvvələr var

İyulun 4-də Ermənistan silahlı qüvvələri Füzulinin Alxanlı kəndini atəşə tutub. Nəticədə iki kənd sakini - 1967-ci il təvəllüdlü Sahibə və 2015-ci il təvəllüdlü Zəhra Quliyevalar həlak olub. 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva isə qəlpə yarası ilə xəstəxanaya çatdırılıb.
Meydan tv-Birinci-vitse prezident Mehriban Əliyevanın Rusiya yazıçısı, “Zavtra” qəzetinin redaktoru Aleksandr Proxanovla söhbətində Ermənistana sülh mesajından sonra bu hadisənin baş verməsi ictimaiyyətdə sual yaradıb, sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Mühacirətdə olan siyasi icmalçı Rauf Mirqədirov deyir ki, müharibə şəraitində dinc əhalinin qurban verilməsi qaçılmazdır:
''Təmas xətti boyunca Azərbaycanın yaşayış olan kəndləri, rayonları, şəhərləri var. Bilərəkdən və ya bilməyərəkdən həmin məntəqələrə də atəş açılır və qurbanlar verilir. Təmas xəttində ermənilərin dinc əhalisinin yaşadığı məntəqələr yoxdur. Ancaq  Azərbaycan tərəfinin qurbanlar verməsi qaçılmazdır''.
O, belə şəraitdə qurbanlar verilməsinin qarşısının alınmasının mümkün olmadığını deyir:
''Çünki dinc insanlar atəş xəttindədirlər. Onları atəş xəttindən kənara köçürmək çıxış yolu ola bilərdi. 7 rayon işgal altındadır. Deməli, bundan əlavə də ərazi boşaltmalısan. Bu isə yeni faciələr, insan taleləri deməkdir. Söhbət təkcə insanların bir yerdən başqa yerə köçürülməsindən getmir. Bu köçürmənin özü çox ciddi problemlər doğurur. Çıxış yolu problemin kardinal şəkildə həll edilməsidir. Təəssüf, nə Ermənistan, nə də Azərbaycan tərəfinin birlikdə bu problemi çözməyə gücləri çatmır. Çünki münaqişə iki tərəfin monopoliyasından çıxıb".
Siyasi icmalçı hesab edir ki, təmas xəttindəki son gərginlik ümumilikdə regiondakı gərginliyin temperaturunun artması fonunda baş verir. Sanki yeni bir genişmiqyaslı toqquşmaya hazırlıq gedir:
''Bu proseslər Rusiya və Rusiyaya yaxın qüvvələr tərəfindən Azərbaycan və Ermənistana müəyyən mesajların fonunda baş verir. Sual yaranır: Gərginlik kimin marağındadır? Əslində nə Azərbaycanın, nə də Ermənistanın marağındadır. Sadəcə ölkələrin xaricindəki qüvvələrin marağındadır. Bakı və Yerevan burada müəyyən bir rol oynaya bilərlər. Məsələn, Ermənistan tərəfindən artıq bir bəyanat eşitdik ki, guya Azərbaycan tərəfindən atəş zamanı Amerika silahlarından istifadə olunub. Əslinə qalsa bu, Rusiyanın sifarişi idi. Yəni Amerika silahlarından istifadə özü Rusiyaya mesajdır ki, Rusiya, sən mənim tərəfimi tutmalısan. Çünki Azərbaycanı Rusiyadan başqa ABŞ da silahlandırır. Yaxud başqa bir misal, Rusiya Xəzərdəki qüvvələrinin hazırlığını döyüş səviyyəsinə qaldırıb. Deməli, regiondakı gərginlik hər zaman Azərbaycan-Ermənistan münasibətlərinə də təsir göstərəcək. Bu fonda Ermənistan tərəfinin yaşayış məntəqəsini atəşə tutması bu ölkədəki müəyyən qüvvələrin birbaşa münaqişə zonasında xarici sifarişə uyğun vəziyyəti gərginləşdirməkdə maraqlı olmasını göstərir. Onların “biz atəş nöqtələrinə atəş açmışıq”, - deməsi inandırıcı deyil. Bütün hallarda Ermənistan silahlı qüvvələri məqsədli şəkildə atəş açıblar. Hətta onların versiyası həqiqətə uyğundursa, o zaman, dinc əhalinin qətlə yetirilməsində maraqlı olublar. Bu, özü artıq həmin əməliyyatı həyata keçirənlərin mənəvi siması haqqında təsəvvür yaradır''.
Rauf Mirqədirov deyir ki, əgər Azərbaycan birinci atəş açmışdısa, dinc əhalinin qurban verilməsi gərginlik səviyyəsini həddindən artıq böyüdür:
''Burada sözsüz ki, maraqlı olan qüvvələr var. Onların sifarişini yerinə yetirənlər də yetərincədir. Məncə, belə sifarişləri yerinə yetirənlər hər iki tərəfdə var. Bu onun göstəricisidir ki, Ermənistan tərəfdə münaqişə ətrafında gərginliyin maksimum dərəcədə yüksək saxlanılmasını istəyən qüvvələr çox fəaldırlar. Ola bilər ki, Ermənistan aprel döyüşlərindən bu yana sülh danışıqlarında ciddi iştirak etmir. Faktiki belə danışıqlar getmir də. Aprel hadisələri Azərbaycan tərəfdə bunun sülh danışıqlarının sürətləndirilməsində təkan rolu oynayacağı əhvalını yaratmışdı. Təəssüf ki, bu fikir özünü doğrultmadı və atılan diplomatik addımlar da kifayət qədər yetərli deyildi. Ermənistan təhlükəsizlik mövzusunu əsas məsələ kimi irəli sürərək sülh danışıqlarından yayına bildi". 
Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycanın 7 rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT -in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.


  • Yazılıb
  • da (də) 2017 Jul 06
  • Göndərən مدير سايت Aran News