Meydan tv-Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyanın Xarici İşlər Nazirliyinə yönəlik 6 iyul bəyanatı sosial medianın əsas mövzularından birinə çevrilib. Nazirlik qonşu ölkənin iki gün əvvəl yaydığı bəyanatının sonradan sərtləşdirməsinin "başadüşülən olmadığını" qeyd edir. Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu istiqamətdə sual doğuran məqamlara cavab verir.- Tofiq bəy, Azərbaycan Xarici İşlər Nazirliyinin iyulun 6-da Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına cavab reaksiyasını adekvat sayırsınızmı?
- Suala cavab vermək çətindir. Ancaq mən Rusiya Xarici İşlər Nazirliyinə cavab versəydim, ayrı məntiqdən istifadə edərdim. Bu məntiq ondan ibarətdir ki, dostluq, əməkdaşlıq haqqında sazişinin mənbəyində göstərilir ki, tərəflər öz dövlətlərinə qarşı digərlərinin separatçı, terrorçu fəaliyyətinə imkan verməyəcək və qarşısını alacaqlar. Uzun müddətdir ki, Rusiya ərazisində erməni diaspora təşkilatları Azərbaycana qarşı çox fəaldırlar. Hətta separatçı rejimin "nümayəndəliyi" də fəaliyyət göstərir. Erməni mənşəli Rusiya vətəndaşlarının bir hissəsi də bu prosesin içindədirlər, qanunsuz olaraq Azərbaycanın işğal altındakı ərazilərində olurlar, müxtəlif iş aparırılar. Təəssüf ki, Rusiya xatırlatdığım sazişin bəndlərinə əsasən Azərbaycana qarşı bu cür fəaliyyətlərin qarşısını almır. Belə olanda, Azərbaycan bu cür adamların ölkəyə buraxılmasını istəmir və heç vaxt da onlara ziyarətə icazə verilməyəcək. Amma Azərbaycan erməni mənşəli Rusiya vətəndaşlarının bu fəaliyyətdə olub-olmamasının yoxlanmasını uzun zamandır tələb edir. Bununla belə, rəsmi Bakı dəfələrlə rəsmi Moskvaya məlumatla bərabər izahatlar da verirdi. Təəssüf ki, Rusiya iki ölkə arasında olan kanallardan istifadə etmədən bu məsələni ictimailəşdirərək, Azərbaycanın imicinə zərbə vuran bəyanat yayıb. Azərbaycan Rusiyayla əməkdaşlığı nəticəsində vaxtilə qonşu dövləti narahat edən separatçı qurumların qarşısını alıb. Təbii ki, Azərbaycan da dostluq əlaqələrini əsas gətirib Rusiyadan ərazisində bu cür separatçı fəaliyyətlərin qarşısını almağı gözləyir. Təxminən Azərbaycan XİN-in bəyanatında məntiq belə olmalıydı. Azərbaycan XİN-nin bəyanatı sanki suveren hüquqlarını göstərmək yox, bunu sübut etmək istəyir. Ancaq iki dövlət arasındakı sazişdə olan bəndləri, ilk növbədə, Rusiya yerinə yetirmir. Ona görə bəyanat bir az ayrı məzmunda olmalıydı.
- Ümumiyyətlə, Azərbaycan XİN-in ehtiyatlı davranmasının səbəbi nədir?
- Müxtəlif fikirlər söylənilə bilər. Mən belə qiymətləndirirəm ki, xarici siyasət idarəsinin siyasi iradəsi çatmır, bəzən prosesə təkan verə bilmirlər. Xüsusən Azərbaycan-Ermənistan münaqişəsinin həllində bu fəaliyyət qənabəxş qəbul oluna bilməz. Bu, mənim şəxsi fikrimdir və həmişə bunu açıq şəkildə demişəm.
- Son hadisələri 2018-ci il prezident seçkiləri ilə əlaqələndirənlər də var. Siz bu barədə nə düşünürsünüz?
- Gələn il bir sıra ölkələrdə seçkilər keçiriləcək. O cümlədən, bu prosesdə iştirak edən dövlətlərin hər birində, məsələn, Ermənistanda konstitusiya reformalarına yekun vurulacaq. Rusiyada da seçkilər gözlənilir. Bəli, müxtəlif fərziyyələr səsləndirilə bilər. Amma Ermənistanın işğalçı siyasəti bu cür hadisələrin məntiqi davamıdır. Biz başa düşməliyik ki, Ermənistan Dağlıq Qarabağı və ətraf rayonları tam şəkildə anneksiya etmək istəyir. Bu dövlətin məqsədi təmas xəttini iki dövlət arasında olan sərhədə çevirməkdir. Ermənistan torpaqların azad olunması, substantiv danışıqlarda heç də maraqlı deyil. Ona görə də mən Azərbaycan xarici işlər nazirinin Vyana görüşünə qatılmasının tərəfdarı deyiləm. Rəsmi Bakı daha fəal siyasətə əl atmalı və bu danışıqlardan bir müddət imtina etməlidir. İkinci addım kimi biz təklif etməliyik ki, həmsədrlər 4 iyul hadisələrinin təkrarlanmamasını tələb kimi qoysunlar. Ermənistan öz qüvvələrini təmas xəttindən 15 kilometr arxaya çəksin. Nəticə olaraq Azərbaycan təmas xəttində olan mülki əhaliyə tamamilə təhlükəsizlik şəraiti yaratsın. Çünki biz tərəfdə əhali yaşayır, amma Ermənistanın işğal etdiyi ərazilər tam etnik təmizlənməyə məruz qaldığından heç kim yaşamır. Yəni həmsədrlər təhlükəsizlik söhbəti aparırlarsa, Ermənistandan birinci mərhələ olaraq bu tələbin gerçəkləşməsini istəsinlər. O cümlədən, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq tələbləri qismən həyata keçirsinlər.
- Danışıqlardan imtinanın nəticəsi nə ola bilər?
- Söhbət müvəqqəti imtinadan gedir və biz bunu bu cür qoymalıyıq. Sadəcə, həmsədrlər substantiv, real danışıqları tələb etməlidir. Azərbaycan gündəlik olmadan danışıqlara qatılmamalıdır. Xarici işlər nazirlərinin Vyana görüşündə hansı məsələlər müzakirə olunacaq, bilinmir, yenə də atəşkəs rejiminin güclənməsi və s. Ermənistan da bunu bəyənir. Belə danışıqlarda iştirakın mənası nədir? Bir daha deyirəm, Vyana görüşündən imtina edib yuxarıdakı tələbləri irəli sürmək lazımdır. Həmsədrlərə də demək lazımdır ki, Ermənistan bu tələbi yerinə yetirirsə, tələbin icra olunması mexanizmlərini müzakirə etməyə hazırıq. Əgər istəmirlərsə, bizim boş-boş danışıqları davam etdirməyə marağımız yoxdur.
- Son hadisələrin baş verməsinin səbəbləri Rusiyanın təşəbbüsü ələ almasındadırmı?
- Fərz edirəm ki, Rusiyada bir neçə güc mərkəzləri var. Təəssüf ki, hazırda Cənubi Qafqazda gedən proseslərdə, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsində Xarici İşlər Nazirliyi bir güc olaraq fəaliyyət göstərir. Xarici siyasətin rəhbərliyində ermənipərəst mövqeyini gizlətməyən Lavrov dayanır. Rusiyanın Azərbaycana qarşı indiki siyasəti məhz ermənipərəst siyasətdir. Təəssüf ki, bu siyasət bir dövlət olaraq Rusiyanın maraqlarına ziddir. Çünki aparılan siyasətin nəticəsində Azərbaycan və Rusiya bir-birindən uzaqlaşırlar. Hələ də başa düşmürəm ki, Rusiyanın bu siyasəti niyə Lavrov və ermənilər tərəfindən həyata keçirilir. Əgər məqsəd Azərbaycanla Rusiyanın əlaqələrinin ciddi şəkildə pozulmasıdırsa, artıq bu istiqamətdə ardıcl siyasət aparılır. Söhbətimizin əvvəlində xatırladığımız hər iki tərəfin bir-birinə olan nota və bəyanatlar ötən ilin sentyabrından Azərbaycana qarşı təzyiqlərin addım-addım artdığını göstərir. Bu siyasətin ideoloqu Rusiya xarici siyasətinin rəhbəridir.
- Demək istəyirsiniz ki, bu siyasəti yeridən Putin yox, xarici işlər naziri Lavrovdur?
- Mən müxtəlif güc mərkəzlərinin olduğunu qeyd etdim. Hesab edirəm ki, Azərbaycanpərəst qüvvələr mövcud olsa da, indiki mərhələdə ermənipərəst qüvvələr daha üstün mövqedədirlər. İstisna etmirəm ki, hansısa mərhələdə bu siyasət korreksiya olunacaq. Çünki Lavrovun həyata keçirdiyi siyasət Rusiya üçün xeyirli deyil. Bu siyasətin nəticəsində Rusiya regiondan tam kənarlaşdırılır, necə ki, Gürcüstan və Ukraynada bunu gördük. İndi də Azərbaycan daha bir ölkə olacaq ki, Rusiyayla əlaqələri əməkdaşlıq üzərində qurulmayacaq.