Tarix : 2017 Jul 10
Kod 52217

Türkiyənin Cənubi Qafqazda Gülənə qarşı mübarizəsi

Türkiyə hökumətinin Gülən hərəkatında real və təxəyyül məhsulu olan düşmənlərinə qarşı mübarizəsi indi də Azərbaycana və Gürcüstana çatıb
Meydan tv-Avropa Parlamenti mayın sonunda Tbilisidə oğurlandığı bildirilən və bir neçə gün sonra Azərbaycanda məhkəmə qarşısına çıxarılan azərbaycanlı araşdırmaçı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı qurumun ciddi narahatlığını ifadə edən qətnamə qəbul edib. Gürcüstanı diqqət mərkəzinə gətirən daha bir məsələ var: türkiyəli müəllim Mustafa Emre Çabuk Gürcüstanın paytaxtında qeyri-müəyyən taleyilə baş-başa Qldani həbsxanasında saxlanılır.

Ankara ABŞ-da yaşayan türk-müsəlman din xadimi Fətullah Gülənlə əlaqələndirilən Hizmət hərəkatı ilə əlaqələrinin olduğunu bildirərək Çabuku terrorizmi dəstəkləməkdə ittiham edib.

On beş ildir Gürcüstanda yaşayan Çabuk Türkiyəyə ekstradisiya olunmaq, oxşar ittihamlarla mühakimə edilmək və işgəncəyə məruz qalmaq təhlükəsi ilə üz-üzədir.

Çabuk Gürcüstana ilk dəfə 2002-ci ildə gəlib və Gürcüstan Təhsil Nazirliyinin bu ilin əvvəlində bağladığı Batumidəki Rəfaəddin Şahin Dostluq Məktəbində fizika müəllimi işləyib.

Gürcüstan hakimiyyəti bu məktəbin bağlanması qərarını Türkiyə rəsmiləri 5-12 yaşlı şagirdlərə təhsil verən Gülən məktəblərini "terrorçu qruplara dəstək verən müəssisə" adlandırandan sonra verib.

Muxtarlının oğurlanması Gürcüstanın qonşu ölkələrdən olan dissidentlər üçün təhlükəsiz ölkə olmasına dair yaradılan obrazını dağıtdı və bir çox Gürcüstan sakini neftlə zəngin olan Azərbaycanın bu ölkəyə siyasi təsir imkanlarını müzakirə etməyə başladı.
Bəs, Türkiyənin getdikcə avtoritarizmə doğru getdiyi bir dövrdə Gürcüstan hakimiyyətini daha bir başağrısı gözləyirmi?

Yaxşı təhsilin aqibəti

Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Türkiyə rəsmiləri və diplomatlar dünyanın bütün ölkələrinə müraciət edərək xaricdə fəaliyyət göstərən Gülən məktəblərinin bağlanılmasını istəyiblər. Türkiyə hökuməti israr edərək bildirir ki, bu məktəblər şəbəkəsi milli təhlükəsizliyə təhdiddir, Gülən şəbəkəsi isə terrorçu qrupdur.

Türkiyə hökumətinin terrorçu şəbəkə adlandırdığı FETÖ ötən il iyulun 15-də çevriliş cəhdində ittiham edilib. Baş verənləri "Allahın lütfü" adlandıran Ərdoğan söz verib ki, cevriliş cəhdinə cavabdeh olanlar cavab verəcəklər.

Tək Gülən tərəfdarları yox, türkiyəli liberallar, sekulyar demokratlar, jurnalistlər də həbs olunub, onların əksəriyyəti işgəncələrə məruz qalıb, iş yerlərindən azad olunublar.

Çevriliş cəhdindən bir ay sonra Türkiyədə 40 min şəxs həbs olunub, 100 min nəfər hərbi, özəl müəssisə və sivil xidmət sahəsində tutduğu vəzifəsindən uzaqlaşdırılıb.

Gülən təmayüllü məktəblərdə çalışan türkiyəlilər ya fəaliyyət göstərdikəri ölkələrdən siyasi siğınacaq istəyir, ya da bəxtlərini Avropa Birliyi və ABŞ-da sınayırlar.

Çabuk da eyni vəziyyətə düşüb. 2007-ci ildə, o, Şərqi Gürcüstanda – Kutaisidə Niko Nikoladze adına məktəbdə direktor vəzifəsində çalışmağa başlayır. 2010-2016-cı illərdə Çabuk Gürcüstanda fəaliyyət göstərən Gülən məktəblərində baş direktorun müavini vəzifəsini icra edir.

"Onun rəhbərliyi ilə yerli və beynəlxalq olimpiadalarda iştirak edən tələbələr uğur qazanıblar",- bağlanılan “Şahin” Dostluq Məktəbinin müəllimlərindən biri deyir. Adının anonim saxlanılmasını istəyən müəllim bildirir ki, Çabukun təyinatından sonra məktəbdə təhsilin keyfiyyəti çox yüksəlib. Müəllim Çabuk kimi uğur qazanan bir tədris işçisinin terrorçu adlandırıldığına inana bilmədiyini deyib.

Tbilisidə aksiya
Tbilisidə aksiya. Fotoqraf:: Luka Pertaia / OC Media.

Mayın 24-də Gürcüstan hökuməti Türkiyənin sorğusu əsasında Çabukun ekstradisiyası məsələsinə baş vurub. Türkiyə prokurorluğunun verdiyi məlumata görə, Çabuk Türkiyənin Cinayət Məcəlləsinin 314/2-ci maddəsi ilə tövsif olunan cinayəti törətdiyinə görə axtarışa verilib: FETÖ terror təşkilatına üzvlük ( FETÖ-nu terror təşkilatı kimi ancaq Türkiyə tanıyıb). "OpenDemocracy"nin əldə etdiyi məlumata görə, o, Direktorlar Şurasının icazəsi ilə Tbilisidə yerləşən “Dəmirəl” özəl məktəbinin 60 faizlik payını ABŞ-da qeydiyyatdan keçən "Metropolitan Education and Consultation Services" şirkətinə satmaq istəyib.

Çabuku günahlandıran sənədlərdə əsasən Gülən hərəkatının Türkiyədəki fəaliyyəti təsvir olunur. Sənədlərdə Çabukun məktəbin fəaliyyətində rolu, yaxud da ABŞ şirkəti ilə sövdələşməsinin terrorçu fəaliyyəti və terror təşkilatı ilə bağlılığı dəqiq göstərilməyib.

"Elə bu səbəbdən də biz ittihamların tamamilə əsassız və siyasi motivli olduğuna inanırıq",- Tbilisidə fəaliyyət göstərən İnsan Haqlarının Tədrisi və Monitorinqi Mərkəzinin civil və siyasi hüquqlar üzrə proqram direktoru Tamta Mikeladze deyir. 

Xalların yerləşdirilməsi

Çabuk Türkiyənin baş naziri Binəli Yıldırımın gürcüstanlı həmkarı Giorgi Kvirikaşvili ilə Tbilisidə may ayında baş tutan görüşündən qısa müddət sonra saxlanılıb.

Türkiyənin təhsil naziri Aleksandr Cecelava ictimai şəkildə Türkiyə tərəfin Çabukun saxlanılması ilə bağlı rəsmi sorğu göndərdiyini inkar edib, bununla belə, "şagirdləri ideoloji təzyiqdən qorumaq üçün əllərindən gələni etdiklərini" bildirib.

Hökumətyönlü "Zaman"qəzeti yazır ki, baş nazir Kvirikaşvili Yıldırımla keçirdiyi mətbuat konfransında ötənilki çevriliş cəhdi ilə bağlı sitatında deyib: "Biz buradan (Gürcüstandan) terrorun əsas mənbələrini uzaqlaşdırmalıyıq. Biz bu mənbələrlə daha geniş şəkildə mübarizə aparmalı, iqtisadi və biznes partnyorluğunu inkişaf etdirməliyik".

Mayın 25-də Tbilisi Şəhər Məhkəməsi Çabuk haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçib. Onun Türkiyəyə ekstradisiya olunması gözlənilir.

"O, bir aydan çoxdur həbsdədir, ittiham isə həm qorxunc, həm də gülməlidir", - Çabukun həyat yoldaşı Tuğba Gürcüstanın demokratiya ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl edəcəyinə inandığını deyir. "Gürcüstan demokratiyanın tükəndiyi yerdə yox, demokratik Avropanın qapısının astanasındadır".

O, açıq şəkildə çağırış edərək Gürcüstan hökumətini Ankaranın təzyiqlərinə baş əyməməyə səsləyib və repressiya qorxusuna görə Gürcüstan hökumətindən onu qorumasını xahiş edib.

Mustafa Çabukun, eləcə də Gürcüstanda yaşayan azərbaycanlı jurnalist və aktivistlərin işi Gürcüstanın demokratik dəyərlər qarşısında götürdüyü öhdəliklərin imtahanıdır. Mkeladze deyir ki, Gürcüstan hökuməti qonşu dövlətlərə olan siyasi loyallığına görə fundamental insan hüquq və azadlıqlarına ehtiyacı olan xarici vətəndaşları qorumaqdan imtina edər. Bu da öz növbəsində ölkədə bu prinsiplərə əsaslanan demokratik dövlət quruculuğuna zərər vurur.

Demirel liseyi - Tbilisi
Demirel liseyi - Tbilisi. Fotoqraf:: WikiMapia

Bu cür sövdələşmə Türkiyə ilə Cənubi Qafqaz ölkələri arasında adət halını alıb. 1990-cı illərdən başlayaraq Gülən məktəblərinə bütün regionda qapı açılıb. Dəmir pərdə aradan qaldırılandan sonra Naxçıvan Türkiyədən xaricdə Gülən təmayüllü məktəblərə ev sahibliyi edən ilk şəhər, Gürcüstan Gülən hərəkatı nümayəndələrinə qapı açan ilk ölkə olub. Təmizləməyə qədər Azərbaycanda Gülən tərəfindən maliyyələşdirilən 13 məktəb və hazırda milliləşdirilmiş Qafqaz Universiteti fəaliyyət göstərirdi. Dünyanın 160 ölkəsində bu hərəkatın məktəbləri fəaliyyət göstərir.

AKP hökuməti ötən il çevriliş cəhdindən sonra öz gücünü bərpa etdi və Ankara Qafqazda və Mərkəzi Asiyada Gülən davamçılarına qarşı təmizləməyə siyasətinə başladı. Üzun müddət Türkiyənin müttəfiqi olan avtoritar Azərbaycan bu istəyə tabe olmağa çox istəkli idi. Bakı məsələni məktəbləri milliləşdirməklə həll etdi. Müstəqillikdən sonra Türkiyə ilə güclü iqtisadi və siyasi əlaqələr yaradan Mərkəzi Asiya ölkələri isə eyni həmrəyliyi göstərmədi. Qazaxıstan və Qırğızıstan Türkiyənin gülənçilərin təqibi ilə bağlı müraciətini geri çevirdi. Özbəkistan Gülən məktəblərini xoş qarşılamayıb, Türkmənistan Gülən davamçılarına qarşı kütləvi təzyiqlərə başladı. Tacikistan sonuncu Gülən məktəbini 2015-ci ildə bağlayıb, bu, ölkədə islam qruplarına qarşı geniş kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Təzyiq nöqtələri

Ankaranın konkret Gürcüstan üzərində hansı təsir imkanları var?

Strateji və Beynəlxalq Araşdırmalar Fondunun rəhbəri Giorgi Badridze deyir ki, Türkiyə Gürcüstanın əhəmiyyətli strateji partnyorudur. “Ən böyük qonşu Rusiyanın bizi davamlı hərbi və iqtisadi təzyiq altında qoyduğu bir dünyada Türkiyə həm mühüm siyasi, həm də iqtisadi rol oynayır. Ancaq bu, o demək deyil ki, Gürcüstan yaxşı münasibətlərin xətrinə qanunun aliliyinə məhəl qoymamalıdır, amma Türkiyənin rəsmi müraciətinin hüquqi əsası olsa və bu, ikitərəfli razılaşma əsasında baş versə, buna məhəl qoymamaq mümkün deyil”.

Aydın görünür ki, Ankara Gülən məktəblərinin bağlanması və orda çalışan türklərin deportasiya olunması üçün rəsmi Tbilisiyə böyük təzyiqlər edib. 2014-cü ildə “twitter”də Ərdoğanı tənqid etdiyinə görə deportasiya olunan azərbaycanlı jurnalist “Globe Post”un baş redaktoru Mahir Zeynalov da Badridzenin fikirlərini bölüşür. Zeynalov vurğulayır ki, Gürcüstanın Avropa Birliyindən sonra ikinci ən böyük ticarət partnyoru olan Türkiyənin tələblərinə məhəl qoymaması çox çətindir. Türkiyədən gələn pullar Gürcüstanın çoxsaylı infrastruktur layihələrinə sərf olunub və bu təsir qərb vilayəti Acarada daha çox hiss olunur.

Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası Çabukun işi ilə bağlı bildirib ki, məhkəmənin həbslə bağlı verdiyi qərar Gürcüstan qanunvericiliyi və Avropa Konvensiyasının standartlarına uyğun deyil. Prokurorluq Çabukun ölkədən qaçıb “cinayətkar fəaliyyətini” davam etdirə biləcəyini desə də, bu narahatlığı heç nə ilə əsaslandırmayıb.

“Məhkəmənin qərarının heç bir əsas yoxdur”, - Çabukun vəkili Vaxtanq Kvizhinadze deyir. O bildirib ki, onun bu qərardan verdiyi şikayəti təmin olunmayıb. Çabukun uzun illər Gürcüstanda yaşamasına və yaşayış izni olmasına baxmayaraq, qərar qüvvəsində saxlanıldı.

“Mustafa məhkəmədən əvvəl üzərinə düşən heç bir öhdəlikdən yayınmayıb”, - Kvizhinadze deyib.

Həyat yoldaşının dediyinə görə, mayın 24-ü polis Çabuku həbs etməyə gələndə ona məlumat verdilər ki, Gürcüstan hakimiyyətinin onunla heç bir problemi yoxdur, onun həbsi üçün Türkiyə tərəf müraciət edib.

”Biz 17 ay idi Türkiyəyə getmirdik, buna baxmayaraq, həyat yoldaşım terrorçuluqda və çevriliş cəhdində günahlandırılır”,- Tuğba Çabuk ah çəkərək deyir.

Gürcüstan qanunvericiliyi xarici hüquq-mühafizə orqanlarının axtarışa verdiyi şəxsləri həbs etməyə imkan verir, amma bu həbs cəza üsulu kimi yox, sonuncu çıxış yolu kimi seçilir.

Çabuk pasportunu təhvil verərək və 10 000 lari ( 3248 funt) ödəyərək şərti azadlığa buraxıla bilərdi. O, buna cəhd edib, amma məhkəmə onu şərti azadlığa buraxmaqdan imtina edib.

“Mustafa siyasi sığınacaq və vətəndaşlıq almayınca, ekstradisiya oluna bilər”,- deyə Kvizhinadze bildirir: “Təbii ki, Tbilisi Ankaraya təzyiq edib Türkiyənin Çabukun hüquqlarına hörmətlə yanaşılması üçün qarantiya ala bilər”.

Gürcüstanın qaçqınlar naziri Sozar Subari iyunun 7-dən başlayaraq bildirib ki, sadəcə Ankara belə istəyib deyə Çabuk təcili deportasiya oluna bilməz və ekstradisiyanın mümkün olması üçün çoxlu sənədlər lazımdır. Bu arada “Amnesty İnternational” Çabukun müdafiəsi üçün kampaniyaya başlayıb. Gürcüstanın Cinayət Halları üzrə Beynəlxalq Əməkdaşlıq haqqında qanununun 28-ci maddəsinə görə, Çabukun “Dəmirəl” məktəbi ilə bağlı cinayət törətdiyinə dair iddia kimi cinayət tam olaraq, ya da qismən ölkə ərazisində törədilibsə, Gürcüstan ekstradisiyadan imtina edə bilər. Gürcüstan və Türkiyə arasında sivil, ticarət və cinayət halları ilə bağlı ikitərəfli hüquqi əməkdaşlığa dair imzalanan müqavilənin 35-ci maddəsi də eyni məqamı vurğulayır.

“Muxtarlı qalmaqalının Gürcüstanın beynəlxalq imicinə vurduğu zərərdən sonra Gürcüstan hökumətinin Çabuku Türkiyə hökumətinə təhvil verməkdə nə dərəcədə istəkli olduğunu deyə bilmərəm”,- məhkəmənin yekun qərarının siyasi yox, hüquqi əsaslarla müşayiət olunacağına ümid edən Badridze deyir.

Bakıda yaddaşların unudulması

Çabukun həmkarı, türk “İstək” məktəbinin meneceri Taci Şentürk iyunun 7-də Bakıda saxlanılıb. O, həyat yoldaşına zəng edəndə Türkiyəyə göndərilmək üzrə olduğunu deyib. O, ailəsi ilə son dəfə hava limanında görüşmək istədiyini xahiş edib. 
“Nə polis imkan verdi ki, uşaqlar ataları ilə öpüşüb-görüşsünlər, nə də vəkilimiz onu görə bildi”. Fatma Şentürk bildirib ki, onlara yeganə səbəb kimi Tacinin pasportunun hüquqi qüvvəsini itirməsi göstərilib. Amma Şentürkün bu il sentyabrın 7-dək Azərbaycanda yaşayış izni hüququ olub. Azərbaycanda yaşayış izninin olmasına baxmayaraq, onun pasportunun hansı səbəblə hüquqi qüvvəsini itirdiyi haqda rəsmi məlumat verilməyib.

Taci Şentürk
Taci Şentürk.

Fatma deyir ki, Taci aparılmazdan 20 dəqiqə öncə BMT-nin Bakıdakı ofisinin nümayəndəsi Tacinin təyyarədən endirilməsini tələb edərək bildirib ki, o və onun ailəsi indi BMT-nin Qaçqınlar Komitəsinin qoruması altındadır. Amma Şentürk təyyarədən endiriləndən sonra təşkilatın nümayəndəsi onu müşayiət etməyib.

“Polis onu hava limanının terminalında gözləyirdi və onu baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qaytarıblar”, - Fatma deyir: “Mənim Tacinin Türkiyəyə göndəriləcəyinə dair davamlı israrlarıma baxmayaraq, BMT nümayəndə heyəti heç bir tədbir görmədi”.

Onun həyat yoldaşı iyunun 8-də Türkiyəyə göndərilib. Şentürk hazırda Konyada Mütəşəkkil Cinayətkarlıq və Qaçaqmalçılıqla Mübarizə Departamentində dindirilir.

Fatma Şentürk özünü təhlükədə hiss etdiyindən Azərbaycanı tərk etmək istəyir:

“Hətta BMT-nin qoruma ilə bağlı məktubu da bizim təhlükəsizliyimizə qarantiya vermir. Taci həmişə Azərbaycanın bizim qardaşımız olduğuna, bizi heç zaman satmayacağına inanırdı, buna baxmayaraq bu, baş verdi. Hətta bizim azərbaycanlı hüquqşünas da məsələnin siyasi motivli olduğunu deyərək işi boynuna götürməkdən imtina etdi. Bildirdi ki, bu, onun təhlükəsizliyini də zərbə altına qoya bilər”.

Taci Şentürkün işindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcək müstəqil hüquqşünas Səməd Rəhimli deyir ki, Şentürkün işi çox qəribədir: “O, Türkiyəyə heç bir hüquqi prosedur olmadan ekstradisya olunub. Azərbaycan hakimiyyəti BMT-nin qoruma tədbirlərinə məhəl qoymayıb”.

Şentürk bu usulla Azərbaycandan deport olunan yeganə türkiyəli deyil. İyunun 6-da Gülən hərəkatının üzvü Məhərrəm Menekşe heç bir hüquqi əsas olmadan İstanbula göndərilib. Menekşe 1990-cı illərdən Azərbaycanda yaşayıb və kiçik bizneslə məşğul olub. Rəhimli deyir ki, hər iki işlə bağlı Türkiyə tərəfin nə rəsmi itthamı olub, nə də Türkiyə hakimiyyəti formal prosedur həyata keçirib: “Ankara göstəriş verib, Azərbaycan isə icra edib”.

Eyni aqibəti 2014-cü ildən Türkiyədə yaşayan və işləyən jurnalist Rauf Mirqədirov da yaşayıb, o da vaxtilə Türkiyədən Azərbaycana bu yolla deportasiya olunub.

NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Ülvi Həsənli deyir ki, Ərdoğan və Əliyev üzün müddət ərzində qanunları öz maraqlarına uyğunlaşdırıblar:

“Bizim xəbərimiz olmayan başqa hallar da ola bilər. Ankara ilə Bakı bir-birinin xeyrinə o qədər alver ediblər ki, bu, milli maraqlardan daha çox rejimin maraqlarına xidmət edib. Amma bu, heç də həmişə belə olmayıb. Ərdoğanın pisləşən beynəlxalq imici və prinsipial düşməni Güləndən yaxa qurtarmaq əhdi Azərbaycan və Gürcüstanı müxalif fikrə qarşı mübarizədə Türkiyə ilə daha yaxın müttəfiqə çevirib”.

Taci Şentürkün taleyindən Azərbaycanda az adamın xəbəri olub. Bakı sakinlərindən soruşanda onların hər biri Taci Şentürkü tanımadığını deyib. Onları daha çox təəccübləndirən türk milliyyətindən olan bir şəxsin deportasiyası olub: azərbaycanlılarla türklərin çoxlu mədəni bağları olduğundan azərbaycanlılar Türkiyə vətəndaşına qarşı pis rəftarı utancverici hadisə kimi qiymətləndirirlər.

Çabuka isə Gürcüstan vətəndaşlığının verilməsi məsələsinə baxılacaq. Siyasi siğınacaq məsələsi müzakirə olunduğundan ekstradisya məsələsi hələlik dayandırılıb.

Onun Türkiyədə ədalətsizliklə qarşılaşacağına səbəb olacaq deportasiya qərarı isə avqustun 24-də 3 aylıq həbs-qətimkan təbiri müddəti bitəndən sonra keçiriləcək məhkəmə prosesindən sonra veriləcək.

2006-2016-cı illərdə Türkiyə Qərbi Avropa ölkələrinə ekstradisya ilə bağlı 399 sorğu göndərib. Bu sorğuların yalnız 11-nə müsbət cavab verilib (9-u AB ölkəsi olmaqla). Bu müraciətlərə 15 iyulda törədilən çevriliş cəhdinə görə 59 nəfərin ekstradisiyası daxildir. Almaniya Gülənlə əlaqəsi olan 22 şəxsin ölkədən çıxarılmasından imtina edib. Yunanıstanda isə Türkiyənin ekstradisiya sorğusuna Ali Məhkəmə vətəndaş cəmiyyətinin etirazından sonra rədd cavabı verib. 

Varlı və geniş təsir imkanlarına malik Qərbi Avropa ölkələri Türkiyə hökumətinin ekstradisiya sorğularına “yox” cavabı verə bilir.

Amma Gürcüstanla Azərbaycan bu tələblərə “yox” deyə bilmir. Bu ölkələrin heç biri Qərb koridoru üzərində yerləşən və Rusiya ilə balans yaradan Türkiyə ilə münasibətlərini korlamaq istəmir. Ankaranın gülənçilərə qarşı başladığı ovla bu iki dövlət suverenliklərini qoruma testindən keçirə bilər. Əgər bunda maraqlı olsalar.

Yazı “opendemocracy.net” saytında dərc olunub.










  • Yazılıb
  • da (də) 2017 Jul 10
  • Göndərən مدير سايت Aran News