Tarix : 2017 Jul 10
Kod 52219

Arif Hacılı Ərdoğanı danladı: "Nədən və kimdən çəkinirsən"

Müsavat partiyasının İsa Qəmbərdən sonrakı rəhbəri Arif Hacılının Facebook statusu ictimai -siyasi mühitdə heyrətlə qarşılanıb. Buna səbəbsə odur ki, özünü Azərbaycan müxalifətinin liderlərindən biri hesab edən tanınmış siyasi fiqur başqa bir dövlətin liderini qınayır ki, niyə ordusuna Qarabağı işğaldan azad etmək əmri vermir.

Musavat.com həmin statusu olduğu kimi təqdim edir:

"Qarabağın işğalı yalnız Azərbaycanın deyil, bəşəriyyətin, regionun, eyni zamanda Türkiyə Cümhuriyyətinin problemidir.

Sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ki, beynəlxalq qurumların rəyi, mövqeyi ilə belə hesablaşmır, ATƏT- i Avropada olan bir örgüt adlandırır, Beynəlxalq Amnistiya təşkilatı nümayəndələrini həbs etdirir, nədən Qarabağın işğaldan azad edilməsi üçün də Türkiyə Ordusuna əmr vermir ? Nədən və kimdən çəkinir?".

Göründüyü kimi, burada hansısa umacaqdan, xahiş, ya da dərin təhlildən çıxarış edilən təklifdən söz getmir. Azərbaycan müxalifətinin tanınan bir ismi Türkiyə Cümhuriyyəti prezidentini bir başa qınayır və onu, ordusunu Qarabağa yeritmədiyinə görə, açıq şəkildə mühakim edir.

Musavat.com bu statusun sosial şəbəkələrdə heyrət və bir sıra hallarda, gülüşlə qarşılandığını, lakin ciddi müzakirələrə səbəb olduğunu qeyd edir. Müzakirələrin gedişində A. Hacılı bunca gözlənilməz və heyrət doğuran iddialarını əsaslandırmağa çalışıb. Onu bu məsələdə dəstəkləyən və əleyhdarlarına aqressiv şəkildə hücum edən tərəfdarları - partiyadaşları da var. Lakin ölkədə imzası tanınan hər hansı ekspertin 1 sutkadan çox müddət ərzində onun bu fikirlərini təqdir etməsinə rast gəlinməyib. Tam əksinə, bır sıra tanınmış simalar bu qədər təcrübəli bir siyasətçinin belə bir statusa müəlliflik etdiyinə öncə inanmamış, daha sonra isə onu kəskin tənqid etmişlər. Məsələn, tanınmış telejurnalist Sevil Nuriyeva yazır ki, bu fikirlər Arif Hacılıya məxsus ola bilməz: "İnanmıram. Birisi səhifəsini elə keçirib bəlkə? Bu bir partiya sədri mövqeyi ola bilməz. Bu gerçəkdən Arif beyin səhifəsidirmi?"...

Başqa bir tanınmış jurnalist isə yazır ki, indi təsəvvür edin ki, belə bir statusu İsa Qəmbər yazıb...

Cənab Hacılı özünün səhifəsində gedən tənqidlərə və replikalara bilavasitə cavab yazır.

Musavat.com

 1.JPG (47 KB)

  • Yazılıb
  • da (də) 2017 Jul 10
  • Göndərən مدير سايت Aran News