Nur-az.com:Sabir bəy, neçə gündür mətbuat Saleh Məmmədovla manitor arxasından səssiz atışmanızdan yazır. Siz ona yazırsız, o da sizi. Sonra bir daha siz ona yazırsız, o da sizə. Biz sayt olaraq Saleh Məmmədovun yazılarındakı cəhalətini tənqid edən yazıyla çıxış etdik. Öz tənqidimizdə onun dinlə, İslamla bağlı səfeh çıxışlarını (bizim dinimizi təhqir edən şəxsi səfeh bilməyimiz təbii haqqımızdır) tutarlı dəlillərlə rədd etdik. Milliyyət və dil barədə istəsəniz bir-birinizin ətini belə didə bilərsiz, öz işiniz. Amma din haqqında küframiz danışmalarınız insanı sarsır. Bir də sizin İran əleyhinə danışmalarınız var. Dini görüşləriniz onsuz da sizə nifrətdən və xəcalətdən başqa bir şey qazandırmır. Təklifləriniz də yersizdir. Üstəlik, biz dinin dilə, milliyyətə maneə yaratdığını düşünən, üstəlik yaratdığı halda dindən imtina etmək təklifi ilə çıxış edən bir zehniyyətə nə deyə bilərik? Bircə onu deyə bilərik ki, siz dini, İslamı doğru düzgün anlasaydınız, zatən bu cür küframiz danışmazdınız.
Siz özünüzü saytlarda, efirdə (bir vaxtlar Parlamentdə) guya dilini, millətini, milliyyətini sevən bir insan kimi göstərməyə çalışırsınız. Amma şəxsən bizə sübut olub ki, siz heç də həqiqətdə belə deyilsiniz, sadəcə ya gündəmdə qalmaq istəyirsiniz, ya da İran əleyhdarları sizi yaxşı yedizdirir. Doğrusunu Allah bilir. Amma bizim sübutlarımza gəlincə;
1. Sabir bəy, yaman milliyyətdən, türkçülükdən, türk dilindən dəm vurursuz. Özü də partiyanızın adı "Vətəndaş Həmrəyliyi..."dır. Soruşmaq ayıb olmasın, öz ölkəsində müxtəlif millətlər arasında ayrıseçkilik salmayan, təxribat yaratmayan bir insan nə üçün İranda millətbazlıq edir. Əslində çox hiyləgərsiniz, bilirsiniz ki, bu saat dövr vətəndaş dövrüdür, millət dövrü deyil. Məsələn, sizin sevdiyiniz hansısa türk dövləti, lap elə Azərbaycan, Türkiyə öz vətəndaşı olan məsələn hansısa yəhudinin hüquqlarını qorumaqdan məsuldur, onu qoruduğu halda, heç də məsələn Rusiya, Fransa, Almaniya, İran vətəndaşı olan hansısa türk üçün canı yanmaz, əlindən də heç nə gəlmir. Siz bu vətəndaş faktorunu inkar edə bilməzsiz. Çünki partiyanızın adı da vətəndaşla bağlıdır. Bəs niyə öz ölkənizdə milliyyət söhbəti salmaqdan qorxduğunuz halda, türk sözünü dilə gətirməyə cürətiniz çatmadığı halda İran camaatını qızışdırmağa çalışırsınız. Yox əgər "mənim davam oradakı azərbaycanlıların hüquqlarının tapdanmasına görədir" deyirsinizsə, o zaman ikinci sübutuma qulaq asın.
2. Nə üçün İrandakı "haqsızlıqla" "mübarizə" apardığınız halda ölkənizdəki haqsızlıqlar və bu haqsızlıqları törədənlərlə işiniz yoxdur. Məgər sizin ölkənizdə türklər səfalət içində yaşamırmı? Yoxsa elə bilirsiz gün eynəyi taxmaqla günəşi görə bilməyəcəksiniz. Bir gözünüzü açıb baxın ətrafınıza. Görün sizin türk xalqı ölkədə necə sürünür. Deyə bilməzsiniz, sürünmür, yaxşı yaşayır. Əgər belə olsaydı siz müxalifət partiyası olmazdınız. Amma formal xarakter daşısa da hazırda müxalifət partiyasının sədrisiz. Yəni ən azından partiya yaratmaz, YAP üzvü olardınız, yaxud da Zahid Oruc kimi qeyri-rəsmi yapçı olardınız. Amma siz müxalifətçisiniz. (Yerli iqtidara yox ha, İrana müxalifsiz!)
3. Deyə bilməzsiniz ki, ölkədə məmurların xalqa əziyyət etməsinə etiraz edirsiniz. Ola bilər hansısa JEK müdiri səviyyəsində məmura nəsə deyəsiniz. Amma siz xalqın, sizin türk soydaşlarınızın yaşayışını, həyatını inhisarlaşdıran, ölkəni onlara dar edən məmurlara bircə dəfə də olsun söz deməmisiniz. Hətta, əksinə bu cür məmurlardan biri olan oliqarx, işçilərinin çoxu işçi kimi deyil, qoçu kimi tanınan Ziya Məmmədovla quda da olmusuz. Deməli siz əslində şöhrət düşkünüsünüz.
4. Üstəlik, övladınızın toyunda spirtli içki verib türk xalqını zəhərləmisiz. Xanımınız da bunu efirdə kanalların birində (yanılmıramsa ATV kanalının "El içində" verilişində) müasirliyin tərkib hissəsi bildiyi üçün toyda araq verdiyinə görə fəxrlə etiraf edib.
5. Çox türk-türk deyirsiniz, kişi kimi etiraf edin, sizin və xanımınızın türk qadınının çadrasına olan nifrəti hardan qaynaqlanır. Axı, heç olmasa köhnə kinolarımıza baxanda türk qadınlarımızın çadralı olduğunu görürsüz. Qonşu Türkiyədə Cumhuriyyət qurulan zaman çadranın ləğv edilməsini bilmirsiniz? O zamanadək türk qadınının çadra geydiyini inkarmı edirsiz?
6. Siz əgər səmimi türk olsaydınız, bircə dəfə İrandakı türklərin – təbrizlilərin, ərdəbillilərin və s. türk məntəqələrində yaşayan soydaşlarımızın Azərbaycandakı haqsızlıqlara, həbslərə qarşı olan etiraz tədbirlərinə qoşulardınız. Biz həmişə belə məqamlarda sizi izləmiş, amma harada olduğunuzu aydınlaşdıra bilməmişik. Çünki o tədbirlər İran türkləri tərəfindən həyata keçirilsə də, İran dövləti əleyhinə olmadığı üçün siz gizlənməyə üstünlük vermisiz. Bu da onu göstərir ki, siz əslində səmimi türk yox, İran İslam Respublikasının kinli əleyhdarısınız
7. Saleh Məmmədova yazdığınız ikinci yazıda İran səfiriylə aranızdakı dioloqdan danışırsız. Halbuki İran səfirliyi Füzulidə partladılan iki yaşlı Zəhranın müsibətindən dolayı başsağlığı verərkən, İranlılar bizimlə qəmimizi bölüşərkən siz, bəli, məhz siz Zəhranın üç mərasimində (iyulun 9-da) Kür çayında "lotka" sürürdünüz.
8. Bura qədərki suallara cavab vermirsinizsə verməyin, amma heç olmasa bu suala cavab verin. Qeyd etdiyimiz kimi özünüz partiyanızın adını "Vətəndaş Həmrəmliyi..." qoymusunuz. Yəni, sizin heç bir işə yaramayan, varlığı ilə yoxluğu bilinməyən, adının mahiyyətinə zidd olduğu partiyanız vətəndaş dərdi çəkir, bu boyda İran İslam Respublikası 38 ildir öz vətədaşı və sizin soydaşınız olan türklərə sahib çıxmayıb? Deyə bilməzsiniz ki, yox çıxmayıb, belə olsaydı türklərin etirazları ilə qarşılaşardıq.
Hünəriniz çatarsa bu suallara səmimi cavab verərsiniz. Əks halda sizin türkçülükdən danışmağa mənəvi haqqınız çatmır. Sadəcə açıq-aşkar deyin ki, İran İslam Respublikasını görən gözüm yoxdur, sizi səmimi hesab edək. Yazıq türkləri öz siyasətinizə alət etməyin.