Meydan tv-"Mən inanmıram ki, kimsə Əfqan Muxtarlının Tbilisinin mərkəzindən formalı polislər tərəfindən oğurlanmasına inanır və qeyd edir. Video görüntülərdə bir nəfər də olsun polis geyimində şəxs həmin ərazidə görsənmir".Gürcüstanın daxili işlər naziri Mgebrişvili “İmedi TV”-yə açıqlamasında bildirib.
Nazir əlavə edib ki, araşdırmalar davam edir və həmin video görüntülər əldə olunub: "Lakin bu görüntülər Muxtarlının vəkili tərəfindən bəyənilməyib, çünki orada oğurluqdan söhbət getmir".
"Dürüst olmaq lazımdır, bizi süni şəkildə bu oğurluğun içinə qatmaq olmazdı", - deyə nazir əlavə edib.
İyulun 10-da vəkil Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında Əfqan Muxtarlı ilə görüşüb və jurnalistin kəskin mədə ağrıları olduğunu bildirib: "Bu gün Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əfqan Muxtarlı ilə görüşdüm. Səhhətindəki problemlər qalmaqdadır. Bildirdi ki, yeməyini isidib yeməyə icazə vermirlər, təcridxananın yeməyi yeyiləsi deyil, mədəsində kəskin ağrılar yaranıb. Həbsdə qaldığı müddət ərzində 16 kq arıqlayıb".
Jurnalist Ə.Muxtarlı mayın 29-da yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.
Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də, ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.
Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.