Nur-az.com:ANA OĞLUNA SUYU ÇATDIRA BİLMƏDİ…Şirvan Apellasiya Məhkəməsindən fərqli olaraq bu dəfə dəmir barmaqlıqlar arasına yox, Rüfəti şüşəli qəfəsin içərisinə salmışdılar. Sanki qatı cinayətkar kimi qaçışından ehtiyat edirdilər. Anası Tahirə xanımla bu mənzərəni seyr etməyimiz bizə son dərəcə ağır gəlirdi. Lakin dözməkdən ,səbr etməkdən başqa çarəmiz yox idi. Bu əzablı dəqiqələrdə fikrimə hakim kəsilən başqa bir həyəcan yaxamdan yapışıb məni sakit buraxmırdı: görəsən, bununla Azərbaycan məhkəmələrinin qapılarından ayağımız kəsiləcəkmi? ! Allahımız bilər. Bir də qərəzi və kini küdurəti hələ də soyumayan hakimiyyətimiz. Rüfət ikincinin qurbanıdır. Onun üzərində qurulan bu qanunsuz məhkəmənin bircə müəllifi var. Hakim də, prokuror da, sifarişi verən də onun özüdür. Hələ belə qurtardıqsa buna da şükür. Qarşısında Rüfəti və ailəsini nələrin gözlədiyindən xəbərsizik. Günün birində daha dəhşətli hadisələrlə üzləşməyimizin fərqindəyik. Hökmündə olsa, dövlət başçısı İlham Əliyev sabiq müstəntiqin rəhm etmədən qanını stəkana tökmək əmrini də verə bilər. Hakimiyyətin belə şeylərdən zövq aldığı mənə azdan-çoxdan məlumdur.
Övladım bir günahın sahibi deyil, amma həbsxanadadır. Ölkədə qanunsuzluğun, ədalətsizliyin, rüşvətxorluğun tüğyan etdiyini hayqırdığına görə. Güvəncəmiz yenə Uca Rəbbimizədir. Yalnız onun ədalətinə inanır və tapınırıq. Gün gələcək ki,qaranlıqların üzərinə bir işıq düşəcək, həqiqəti, doğruları dediyinə görə 9 il müddətinə azadlıqdan məhrum edilən Rüfətin və digər günahsız həbs edilənlərin əzablı taleyi aydınlığa çıxacaq. Arzuları çoxdur Rüfətin. Allah yerdə qoymaz yəqin.
İndiki günlərdə duyğulu anlar yaşamaqdayam. Lakin elə başa düşülməsin ki, məni və oğlum Rüfəti bu qəddarlıq acizləşdirib,qolumuzu-qanadımızı qırıb, ruhumuzu sındırıb. Xeyr, biz sarsılmamışıq. Sadəcə zamanın oyunlarını , hakim zümrənin uf demədən günahsız insanların başını pambıqla kəsməsini seyr edərək öz nəticələrimizi çıxarırıq…
Axı necə laqeyd qalmaq olar?! Ürək gərək daşa dönsün ki, sonu görünməyən bu işləklərin acı və ağrısını duya bilməyəsən. Başqa cür mümkündürmü?! Yox, yenə də yox! Rüfətlə sonuna qədər birlikdə mübarizəmizi yürüdəcəyik. Haqqımızın arxasınca getməkdən usanmayacağıq. Hələliksə dövlət başçısının qaranlıq tuneli bizi ağuşuna alıb, sıxdıqca sıxır, işgəncələr bulurğanında divardan-divara çırpır. Amma istibdad sevinməsin. Ümid sonda ölür. Ata-bala qaranlıq tunelin içərisindən aydınlığa çıxacağımıza günəşə inandığımız kimi inanırıq. Azdan-çoxdan xidmətində dayandığım hökumətimizin insaf və vicdan fəlsəfəsinin hansı dirəklər üzərində dayandığı bizim üçün heç də sirli bir aləmi xatırlatmır. Hər şey ortada, apaşkar göz önündədir. Ağır sınaq kimi qəbul etdiyim bu sərt küləklər təkcə mənim üzərimdən əsib keçməyib. Bu iqtidara sidq ürəklə can qoyan neçə-neçə günahsız adamı sonda bu sərt küləklərin ağzına atıb haralarasa yola salıblar… Təkcə onun özü ilə doymayıblar… Adamlar bilirəm ki, ürəkləri haqsızlığa dözməyərək partlayıb o tərəflik olublar. Bəndənizin çırpılan ürəyi də bu siyasətin yolunda param-parça olub.
Elə qəribə və dərk edilməsi çətin olan zamana gəlib çıxdıq ki, haqq söz , haqq fikir deyəni düşünmədən belə əzib üstündən keçirlər. Ona satqın ,naxələf,namərd damğası vururlar. Hətta ermənipərəst də ola bilərsən. Mənəvi faciənin zirvəsinə qalxmışıq. Demək, səni yumağa döndərsələr belə dilini içinə çəkib müqəvva kimi gözlərini döyməlisən. Danışmamalısan. Ağzını açdınsa düşmənsən ki, düşmən! Köhnə əqidədaşlarımın həyat fəlsəfəsi artıq bu cür kodlaşıb. Necə ki, hərdən qulaqlarıma gəlib çatır: məni və oğlumu düşmən deyə çağıranların xırıltılı səsləri! Nələr görmədik, nələr…
Rüfət şüşəli qəfəsin içində çox məğrur görünürdü. Mən və anası,məhkəmədə iştirak edən digər dostlar onun cəsarətli , məntiqli çıxışından qürur duyduq. O, dediyi həqiqətlərin arxasında bu gün də əzmkarlıqla dayanmışdı. Başqa cür ola da bilməzdi. Axı o, qanun,ədalət ,rüşvətsiz və korrupsiyasız bir ölkədə yaşamaq üçün səsini ucaltmışdı.İndidə bu səsin arxasınca gedir. Əhsən sənə övladım. Səni böyütdüyümə görə pənah gətirdiyim Allahımdan çox razıyam.Sən şərin girovusan. İnanıram ki, sınmayacaqsan. Səni sındırmaq üçün hər əməldən çıxacaqlar. Ancaq ananın halal südü ümid edirəm ki, çətin anlarında köməyinə gələcək. Səni xilas edəcək!!!
Dəfələrlə bir sualı öz-özümə vermişəm, yenə də vermək həvəsindəyəm. Bu məmləkətdə müstəntiq vəzifəsinin nə demək olduğunu hər kəs gözəl bilir. Rüfət karyeranın və komfort gün-güzəranın üzərindən xətti çəkib ədalətli bir ölkədə yaşamağın tərəfdarı kimi istefa verərək haqqın tərəfində durdu. Əgər rüşvəti belə sevən idisə nədən vəzifəsindən ayrılırdı. Qalıb işləyər, bir tərəfdən də o çapıb talayardı. Ancaq istefasından sonra üzünə öyrədilmiş idarə rəislərini qoyaraq onu içəriyə atdılar. Baş prokurorun əmrindəki gülüş doğuran bir cümlə heç yadımdan çıxmır. Baş Prokuror əmrində yazır: “ Prokurorluq əməkdaşına yaraşmayan qeyri-etik davranışlara yol verdiyinə görə müstəntiq Rüfət Səfərov tutduğu vəzifədən azad edilsin.” Görəsən, bunu düşünə-düşünə belə yazıblar, ya ağıllarına gələn budur?! Qeyri-etiklik nə deməkdir? Bəlkə Baş Prokurorluğa görə qanunsuzluğa və korrupsiyaya qarşı etiraz etmək oralarda bu cür qiymətləndirilir? Vay sizin düşüncənizə.
Hüquq sistemini bir sözlə, elə dərin bataqlığa tulazlayıblar ki, onu oradan asanlıqla xilas etmək çətindir. Bir az da obrazlı ifadə etsəm, belə deyərdim: hüququn və qanunun mühərriki bataqlıqda tamam- kamal qapqara palçığa dönüb. Di gəl indi məhkəmələrimiz müstəqil qərar çıxarsın görüm necə çıxarır. Başqalarını bilmirəm, mən asılılğa və üzü-sifəti sifarişə öyrəşmiş hakimlərdə də o qədər günah axtarmıram. Yazıqlar neyləsin. Bir dürüst hərəkəti ilə həm pulundan-parasından, həm də vəzifəsindən vidalaşa bilər. Ona görə də hakimlərdən , o cümlədən Rüfətin barəsində qanunsuz hökm çıxaran və bu hökmü qüvvədə saxlayan digər hakimlərdən incimirəm. Eləcə də bu gün iki-üç dəqiqəlik qərarı ilə sabiq müstəntiqin 9 il qanunsuz azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlayan Gülzar xanım Rzayevadan da. Onların dəyişməsi üçün yeganə bir səbəb var: Yuxarı yolunu dəyişməlidir,qanuna,ədalətə olan baxışlarını dəyişməlidir. Bu yoxdursa müstəqil məhkəmə sistemindən danışıb başımızı yormayaq.
Ali Məhkəmənin hakimi Gülzar Rzayeva sabiq müstəntiq Rüfət Səfərovun barəsində çıxarılan ədalətsiz hökmü qüvvədə saxladı. Həmin an qeyri-ixtiyari gözlərim Gülzar xanıma dikildi. Onun hakim kimi Milli Məclisdə təsdiq edildiyi anları xatırladım. O zaman rəhmətlik Murtuz Ələsgərovdan söz alaraq Gülzar xanım Rzayevanı bolluca tərif etmişdim. Bilmirəm yadında qalıb, ya yox. Xatırlasa belə indi onun üçün yəqin ki heç bir əhəmiyyəti yoxdur.Çünki ona və onun kimilərə rəyasət lazımdır.Rəyasət! Amma vaxtilə etdiyim həmin çıxışa görə peşman deyiləm. Və etdiyim tərifləri də həmin hakim xanıma halal edirəm. Nəhayət, hakim qərarı bitirdi. Rüfətin anası Tahirə xanım isə salonda yox idi. Sən demə, ana övladına su alıb gətirmək üçün yaxınlıqdakı mağazaları gəzirmiş.O,yubandı. Gülzar xanımın oxuduğu son qərarı eşidə bilmədi. Mən isə diqqətlə izləyirdim.Hakimin çöhrəsindəki təkkəbbürlülük və özündənrazılıq hisslərindən duyğulandım və hakim ananın evə qayıtdıqdan sonra övladlarının və nəvələrinin üzünə necə baxacağını düşündüm. Birdə ki, onlar belə şeylərə öyrəşiblər. Belələrindən insaf və ədalət gözləməyin yeri və mənası varmı?! Beləliklə , 9 illik həbs atılan Rüfətin 9-cu məhkəmə salonundakı işi də beləcə yekunlaşdı. Görək, bundan sonra Rüfəti daha hansı işgəncələr, karserin daha hansı əzab-əziyyətləri gözləyir?!
P.S.Kiçik bir haşiyə ilə yazıma nöqtə qoymaq istərdim. İlk dəfə idi ki, ölkənin bu yüksək məhkəməsinin əzəmətli binasına daxil olurdum. Mən bir çox xarici ölkələrdə olmuşam. Oralarda da bir-iki Ali Məhkəmə binasını görmüşəm. İnsafən deyim ki, arxitektura baxımından bizimki heç də geri qalmır. Məhkəmə başlayandək dəhlizlərdə var- gəl edirdim. Sanki böyük bir rəssamın cazibədar tablosu qarşısında dayanmışdım. Mərmər divarlar və döşəmələr ışım-ışım yanırdı. Səmimi olaraq deyim ki, bu möhtəşəmlikdən və gözəllikdən böyük zövq aldım , Binanı ərsəyə gətirənlərə çox əhsən! Nə Ramiz Rzayev, nə də Gülzar xanım özləri ilə bu əzəmətli binanı haqqın dərgahına aparmayacaqlar. Tarixi abidə olaraq əbədiyyən doğma Bakımızda qalacaqdır. Ancaq belə möhtəşəmliyin , zəngin gözəlliyin içərisində insanı üzən , bəzən onun ümidlərini puça çıxaran bir natamamlılıq vardı. Ədalət və qanun yox idi! Ədalət və qanun görünmürdü!…
Eldar Sabiroğlu