Bu sözləri iyulun 12-də Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Prezident Azərbaycanda bütün sosial-iqtisadi məsələlərin uğurla öz həllini tapdığını, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu deyib:
"İlin altı ayında bizim beynəlxalq əlaqələrimiz daha da fəallaşıb. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Dostlarımızın sayı artır və beynəlxalq təşkilatlarda da bizim fəaliyyətimiz çox müsbətdir. Mən ilin altı ayında 10 xarici səfər etmişəm - beş Avropa ölkəsinə, beş müsəlman ölkəsinə. Davos və Münhendə keçirilən dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında Azərbaycan ləyaqətlə təmsil olunub. Eyni zamanda, mənim Avropa Komissiyasına çox uğurlu səfərim olub, Fransaya və Polşaya rəsmi səfərlər etmişəm. Müsəlman ölkələrinə gəldikdə isə, İrana, Qətərə, Pakistana, Səudiyyə Ərəbistanına, Türkiyəyə səfərlər etmişəm. Azərbaycan səfər etdiyim bütün bu ölkələrlə əlaqələrini daha da genişləndirir, möhkəmləndirir. Bu səfərlərimin coğrafiyası əslində bizim xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqləyir. Bununla bərabər, bu ilin birinci yarısında doqquz xarici dövlət və hökumət başçısı Azərbaycana səfər edib. Bu da çox gözəl göstəricidir. Bu il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib Bu da qlobal tədbirdir. Biz həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə keçirmişik, minlərlə idmançı, qonaq bizim gözəl Bakı ilə tanış olub, şəhərimizə, ölkəmizə heyran qalıb. Bizim təşkilatçılıq qabiliyyətimiz də ən yüksək səviyyədədir. Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan milli komandası bu Oyunlarda birinci yeri tutub. Bu da bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Azərbaycan Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci yerdədir. O ki qaldı Olimpiya Oyunlarına, son Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan dünya miqyasında on dördüncü ölkə idi. Bu il 24-cü Xəzər neft-qaz sərgi və konfransı keçirilib. Bu sərgi və konfrans dünya miqyasında enerji sektorunda seçilmiş tədbirlərdən biridir. Bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, bu tədbirə Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Tramp məktub göndərib. Mənə ünvanlanan məktub əlbəttə ki, Xəzər neft-qaz sərgi və konfransının əhəmiyyətini artırır, eyni zamanda, Amerika Birləşmiş Ştatları tərəfindən Azərbaycanın icra etdiyi uğurlu enerji layihələrinə göstərilən növbəti dəstəkdir. Əlbəttə ki, belə xoş münasibət Amerika-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaradır. Bir neçə gün bundan əvvəl Amerikanın dövlət katibi ilə İstanbulda görüşüm bir daha bizim strateji əlaqələrimizi təsdiqlədi və bu gün Amerika-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur. Ölkəmizdə keçirilmiş bu tədbirlər, - mən ancaq əsas tədbirləri qeyd etdim, - əslində, Azərbaycanın dünyadakı rolunu, inkişafını, ölkəmizə beynəlxalq aləmin, aparıcı dövlətlərin hörmətini, rəğbətini göstərir".
Prezidentin fikirlərinə münasibət bildirən siyasi icmalçı Sülhəddin Əkbər isə hesab edir ki, Azərbaycan-Amerika əlaqərinin yeni mərhələyə qədəm qoyması barədə kifayət qədər əsas yoxdur. O, Meydan TV-yə açıqlamasında bunları deyib:
"Prezident Əliyevin konkret nələri nəzərdə tutduğunu deyə bilmərəm. Görünür, ABŞ administrasiyasının dəyişməsi, yeni administrasiyanın Azərbaycana siyasi marağının ortadan qalxması nəzərdə tutulur. Yəni Tramp hakimiyyətinin Azərbaycana hər hansı siyasi marağının olduğu görünmür. İkinci, görünür ölkə başçısı Amerika prezidentinin Səudiyyə Ərəbistanında dövlətlərin daxili işlərinə qarışmaması ilə bağlı açıqlamasını nəzərdə tutur. Digər tərəfdən, yeni administrasiyanın demokratiya, insan haqları məsələlərinə önəm verməməsi, korrupsiya məsələlərinə xüsusi diqqət göstərməməsi də bu sırada ola bilər".