Tarix : 2017 Jul 15
Kod 52267

''Nardaran işi'': Azərbaycanda adamlar Allahdan yox, polisdən qorxurlar

Təqsirləndirilən şəxslər hakimə etiraz etdi
Nur-az.com:İyulun 13-də Bakı Apelyasiya Məhkəməsində “Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib. 
"Ölən polislərin ailəsi məhkəmədə iştirak etsin"
Meydan TV-nin məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Onlar ittihamların əsassız olduğunu bildiriblər. 
İclasda Nardaranda keçirilən əməliyyat zamanı ölən polis əməkdaşları - İsmayıl Tağıyevlə Vüqar Nəsibovun ailə üzvlərinin vəkilləri də iştirak ediblər. Bundan əvvəlki iclaslarda onlar iştirak etməmişdilər.
Təqsirləndirilən şəxslərdən bir neçəsinin vəkili Yalçın İmanov isə həmin polis əməkdaşlarının ailə üzvlərinin özlərinin də məhkəmədə iştirakının təmin edilməsi barədə vəsatət verib. Vəkil deyib ki, onlar indiyə kimi keçirilən iclasların heç birinə gəlməyiblər, suallara cavab verməyiblər: “Bizim onlara suallarımız var. Xahiş edirəm, onların özlərinin iştirakı təmin olunsun”.
Yalçın İmanov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyata rəhbərlik etmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi Kərim Əlimərdanovun məhkəmədə dindirilməsi barədə də vəsatət verib. Vəkil qeyd edib ki, həmin əməliyyatda iştirak etmiş polis əməkdaşlarının bir çoxu məhkəmədə dindirilən zaman suallara “bilmirəm” cavabını veriblər, qeyd ediblər ki, suallara Kərim Əlimərdanov cavab verə bilər. Vəkil bu səbəbdən onun dindirilməsini xahiş edib.
"Hal şahidi həm də şahid kimi dindirilib"
Təqsirləndirilən şəxslərdən Şamil Abduləliyev, Rasim Cəbrayılov və digərlərinin vəkili Zibeydə Sadıqova isə məhkəmədə yalan ifadə verən polislər haqqında xüsusi qərar çıxarılıb, onların haqqında cinayət işi başlanması üçün prokurorluğa göndərilməsini istəyib. 

Təqsirləndirilən Abbas Hüseynov və digərlərinin vəkili Fariz Namazlı isə istintaqda Zamiq Məlikov adlı eyni adamın həm hal şahidi, həm də şahid qismində dindirildiyini deyib. Bunun qanun pozuntusu olduğunu deyən vəkil həmin şəxsin imzaladığı baxış protokolunun sübutlar siyahısından çıxarılmasını istəyib. 
Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. 
Bütün işlər bir idarədə
İclasda çıxış edən vəkil Fəxrəddin Mehdiyev isə təqsirləndirilən şəxslər barəsində olan hökmün əsassız olduğunu söyləyib: “Təqsirləndirilən şəxslərə işgəncələr verilib. Nardaran əməliyyatında çox böyük müəmmalar var. Təəssüf ki, biz bu əməliyyata rəhbərlik edən adamı dindirib suallarımıza cavab ala bilmədik. Əməliyyatı keçirən polislər xaotik atışmada həm bir-birini, həm də yerli sakinləri güllələyiblər. Və məsuliyyətdən də kənarda qalıblar. Halbuki, belə əməliyyat keçirənlər haqqında xüsusi qərar çıxarılmalı, onlar cəzalandırılmalı idi. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həm əməliyyatı keçirib, həm bu iş üzrə istintaqı aparıb, həm həbs olunan şəxslər iki ay ərzində bu idarədə saxlanılıb, həm adamlara bu idarədə işgəncə verilib, yəni bütün işləri özləri görüblər. Bu, necə ola bilər axı?!”

Vəkil deyib ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Facebook” səhifəsində yazdığı fikirlərinə görə cəzalandırılıb: “O, həm bir vətəndaş, həm də siyasi xadim kimi, ətrafında baş verən haqsızlığa biganə qala bilməzdi. Fuad Qəhrəmanlı ədalətsizliyə etirazını bildirdiyinə görə cəzalandırılıb. Yaddan çıxarmayın, Allahın dərgahına gedəndə həm də bu əməllərinizi aparacaqsız. Heç kim Allah qarşısındakı məsuliyyətdən qaça bilməyib. Xahiş edirəm bəraətverici əsaslarla işə xitam verəsiniz”.
Vəkil Zibeydə Sadıqova da hüquqlarını müdafiə etdiyi şəxslərin günahsız olduqlarını deyib. Bildirib ki, Şamil Abduləliyevə əməliyyat zamanı dəymiş üç güllədən ikisi hələ də onun bədənində qalıb, bundan əlavə onun müdafiə etdiyi şəxslər işgəncəyə məruz qalıblar: “Bandotdel”in əməkdaşları zərərçəkmiş qismində tanınıblar. Məsələn, konkret mənim müdafiə elədiyim şəxslər onlara hansı zərəri vurub? Bu suala aydınlıq gətirə bilmirlər”.
"Dünyada üç qəlpəli qumbara icad olunmayıb"
Vəkil Nemət Kərimli isə deyib ki, günahsız adamları 15-20 il həbsə göndərməklə, din adamlarını aqressivləşdirmək düzgün deyil: “İş materiallarında iddia olunur ki, polis əməliyyat keçirəndə qumbara atılıb, qəlpələrindən ikisi polislərdən İsmayıl Tağıyevə, bir qəlpə, bir güllə də Vüqar Nəsibova dəyib, onlar da dünyalarını dəyişiblər. Dünyada üç qəlpəli qumbara icad olunmayıb. "F-1" qumbarası partlayanda o, 300 metr radiusda yayılır. Bəs qalan qəlpələr hardadır? 30-40 nəfərin arasına qumbara atılıbsa, bəs nə yaxşı o birilər sağ qaldı? Bu, necə möcüzədi? Bu, nə absurddu yazıblar cinayət işinə? Orada qumbara partlayıbsa, çalası hardadır? Azərbaycan məhkəmələrində dindirilən hal şahidləri anadangəlmə yalançı olurlar. İndi görün bu işdə hansı vəziyyətdir ki, hal şahidlərini məhkəməyə də gətirib dindirmədilər. Ramil Usubov bu əməliyyatdan sonra açıqlamasında demişdi ki, Nardaran əməliyyatı İlham Əliyevin tapşırığı ilə keçirilib. Yəni baş verən qanunsuzluqdan onun da xəbəri var. Həmçinin adamları heç istintaq başlamamış, sübutlar toplanmamış “cinayətkar” adlandırmışdı. Bu, təqsirsizlik prezumpsiyası hüququnun pozulmasıdır. “Bandotdel”in əməkdaşları suallarımıza cavab olaraq bildirdilər ki, əməliyyatda polis yoldaşları öldüyünə görə mənəvi zərər çəkiblər. Belə çıxır ki, rəisləri buna görə zərər çəkməyib, ona görə də onu zərərçəkmiş qismində tanımayıblar”.
"Hal şahidi narkoloji dispanserdə qeydiyyatdadır"
Vəkil Yalçın İmanov isə deyib ki, cinayət işi absurdlarla doludur: “Adamlardan silah tapılmasına hal şahidliyi edənlərdən biri İntiqam Kərimov narkoloji dispanserdə qeydiyyatdadır. Bu adamdan Heydər Əliyevin heykəlinə şüar yazdığına görə həbs olunan gənc fəal Bayram Məmmədovun da işində hal şahidi kimi istifadə olunub.
Bu, necə məhkəmədir ki, hal şahidləri çağrılıb dindirilmədi?!Fuad Qəhrəmanlıya “Facebook”da yazdığı 10 statusa görə 10 il həbs cəzası veriblər. Belə çıxır ki, hər statusa görə bir il həbs alıb adam. Buna hüququn kompozisiyası, estetika demək olar. Həmin statuslarda Nardaranda baş verənlər təhlil olunub. Buna görə ekspertizadan bir rəy alıb, adamı tutub həbsxanaya salıblar. Ekspert rəyi də həbsdən dörd ay sonra ortaya çıxır. Fuad Qəhrəmanlının statuslarını “like” eləmiş, şərh yazmış adamları “Bandotdel”ə çağırıb hədələyiblər. Adamları necə vəziyyətə qoyublarsa, hamısı deyir ki, “oradan çıxan kimi, ümumiyyətlə, “Facebook” səhifəmizi bağladıq”.
"İmkanları olsa, Allaha deyərlər düş aşağı, İlham Əliyev çıxsın ora"
Daha sonra təqsirləndirilən şəxslərdən Rasim Cəbrayılov çıxış edib. O, "Bandotdel"də məruz qaldıqları işgəncələrdən danışıb: "Bu gün Azərbaycanda adamlar, məhkəmələr polisdən, məmurdan qorxurlar, amma Allahdan qorxmurlar. "Bandotdel"də bizə verilən işgəncələrin əziyyətini bu gün də çəkirik. Bizə iki ay ərzində gecə-gündüz işgəncə verilib. Sanki fironların yaşadığı dövrdəyik. İmkanları olsa, Allaha deyərlər düş aşağı, İlham Əliyev çıxsın ora. Bizə çox zülmlər olub. Bizim ümidimiz Allahadır, siz hakimlərdən heç nə gözləmirəm. Amma vaxt gələr, verdiyiniz bu ədalətsiz qərarlar özünüzün, balalarınızın qarşısına çıxar". 
Bu zaman hakimlərdən Əflatun Qasımov müdaxilə edərək, Rasim Cəbrayılovun çıxışını dayandırıb. Hakimin danışıq tonu, işlətdiyi ifadələr bütün təqsirləndirilən şəxslərin etirazına səbəb olub. Onlar Əflatun Qasımovun işlərinə baxan tərkibdən uzaqlaşdırılmasını tələb ediblər. Sədrlik edən Əmir Bayramovdan da tələb ediblər ki, etirazlarını yazılı şəkildə hazırlaya bilmələri üçün onlara vaxt verilsin. Buna görə iclas iyulun 20-nə təxirə salınıb. 

Xatırlatma...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırzadə 20, Abbas Hüseynov 20, Fuad Qəhrəmanlı 10, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyev isə 10 müddətinə azadlıqdan məhrum ediliblər. Taleh Bağırzadə və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər. Həmin şəxslərin barələrində olan hökmdən verilən apelyasiya şikayətlərində onların barələrində bəraət hökmünün çıxarılması istənilib.
2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı adları qeyd edilən şəxslər həbs edilib. Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunurlar. Əməliyyat zamanı 2 polis, 4 kənd sakini həlak olub.
T. Bağırzadə və digərləri ittihamı qəbul etmirlər. Onlar işgəncəyə məruz qaldıqlarını, ittiham saxta olduğunu bildirirlər. T. Bağırzadə bundan əvvəl bir neçə dəfə həbs edilib. O, hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. T. Bağırzadə çıxışlarına görə, həbs edildiyini deyir



  • Yazılıb
  • da (də) 2017 Jul 15
  • Göndərən مدير سايت Aran News