Metyu Brayza “Azvision” internet portalına verdiyi açıqlamada Azərbaycanda islamçı qızlara qarşı ABŞ səfirliyinin H. Əliyev Fondu ilə birgə planını ifşa edərək deyib: “Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birgə bizim səfirlik cənub bölgəsində azərbaycanlı qızların professional təhsil əldə etmələri üçün proqram hazırlamışdı”.
Sabiq səfir bu proqramın hədəfini açıqlayaraq deyib: “Əsas məqsədimiz həmin qızların professional karyeralarının effektivliyini artırmaq və onları “islamçı ekstremistlər”dən qorumaq idi. Çünki islamçılar onları öz sıralarına cəlb edə və həyatlarını məhv edə bilərdilər”.
Qeyd edək ki, ABŞ səfirliyi və H. Əliyev Fondunun Azərbaycan qızlarına qarşı birgə planı bu ölkədə ailələrin və qızların İslama təmayülü vaxtı həyata keçmişdir. Sözügedən plana əsasən, təhsil mərkəzlərində hicaba qadağa qoyuldu və bu ölkədə misli görünməmiş böhran yaranmasına səbəb oldu.
M. Brayza əlavə edib: “Biz öz səylərimizi azərbaycanlı milyonçu, 19-cu əsrdə Qafqazda ilk qızlar məktəbinin əsasını qoyan Zeynalabdin Tağıyevin şərəfinə “Tağıyev təşəbbüsü” adlandırmışdıq”.
O vurğulayıb: “Bizim ilk addımımız ABŞ hökuməti tərəfindən qızlar və qadınlarla (təhsil, səhiyyə, iqtisadiyyat sahələri üzrə) bağlı koordinasiya olunmayan bir sıra proqramları vahid strategiya formasına salmaq idi. Mən bir sıra ABŞ dövlət agentliklərinin koordinasiya olmadan eyni məqsədlər üçün böyük məbləğdə vəsait xərclədiklərini görəndə təəcüblənmədim. Bu, ABŞ kimi dövlət üçün adi bir problemdir”.
Sabiq səfir islamçı qızlara qarşı birgə planın ikinci mərhələsi barədə açıqlama verərək deyib: “İkinci addım Lənkəran və Astara rayon İcra Hakimiyyətlərinin rəhbərləri ilə tərəfdaşlıq əlaqələri quraraq təhsil proqramları müəyyənləşdirmək idi. Bu lahiyə reallaşanda mən 2012-ci ilin yanvarında senatorlar Bokser və Menendezin səfir kimi təsdiqlənməmi şərtləndirən səsvermədə icazə vermədikləri üçün Azərbaycanı məcburən tərk etməli oldum. Bu, çox çirkli addım idi. Bu qərar iki güclü senatorun bir qrup kiçik Amerika ermənilərinin maliyyə və siyasi asılılığının bariz nümunəsidir. Lakin mən yenə də bu proqramı başlamaq istəyərdim”.
Azərbaycanın indiki durumunu dəyərləndirən M. Brayza deyib: “Mənim Azərbaycanla bağlı fikrilərim orada yaşadığım dövrdə olduğu kimi dəyişməyib. Azərbaycanı dünyanın ən aparıcı strateji balans nöqtələrindən biri kimi görürəm. Azərbaycan həm Rusiya, həm də İranla sərhədə malik olan yeganə ölkədir. Azərbaycan xalqı əsrlər boyu xarici qüvvələr tərəfindən manipulyasiyaya uğrayıb. Bu iki güc (Rusiya və İran) tarixən Azərbaycanın elitaları arasında bölücü rol oynayaraq vahid dövlətin yaranmasına mane olub. Buna baxmayaraq. Azərbaycan iki dəfə vahid dövlət halında formalaşıb. Əlbəttə, Azərbaycanda görüləsi işlər çoxdur. Birləşmiş Ştatlar və onun tərəfdaşları, dostları bu pozitiv inkişafı zəruri edən dəstək və tənqidin balansını qorumalıdır”.