Tarix : 2008 Jun 13
Kod 5228

AZƏRBAYCANDAN KEÇƏN PKK-çı TÜRKİYƏDƏ HƏBS OLUNDU

Məlum olub ki, “Agit” bir neçə il əvvəl terror təşkilatına yardım etmək ittihamıyla həbs edilib, lakin PKK tərəfdarlarının dəstəyi sayəsində azadlığa çıxa bilib və Türkiyədən qaçıb
Turky Servisi/Aran Agentliyi
Türkiyədə Azərbaycandan keçərək bu ölkədə terror planlarında iştirakçı olan PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim olub. Yerli medianın xəbərlərinə görə, bir müddət Bingöl bölgəsində terror təşkilatının yaraqlıları arasında fəaliyyət göstərən “Agit” ləqəbli terrorçu qaçaraq bir müddət Antalyada təhlükəsizlik qüvvələri ilə əlaqəyə çıxıb. Hazırda İstanbul həbsxanasında saxlanılan terrorçu PKK-nın planları ilə bağlı istintaqa bir çox mühüm məlumatlar verib. Məlum olub ki, “Agit” bir neçə il əvvəl terror təşkilatına yardım etmək ittihamıyla həbs edilib, lakin PKK tərəfdarlarının dəstəyi sayəsində azadlığa çıxa bilib və Türkiyədən qaçıb.

Bolqarıstandan qatarla Yunanıstana keçərkən onu polislər saxlayıb və bu ölkədə müvəqqəti yaşayış icazəsi alıb. Daha sonra bir müddət Afinadakı kürd dərnəyində qalıb və oradan PKK-nın təlimatı əsasında təyyarə ilə Gürcüstana göndərilib. “Buradan Ermənistana keçdim, İrəvanda bir müddət qalıb bu dəfə Azərbaycana keçdim. Oradan isə İrana getdim. PKK-nın düşərgəsində hərbi və siyasi təlim aldıqda, sonra 20 nəfərlik qrupla İraqın şimalına, oradan isə Hakkari bölgəsindən Türkiyəyə daxil oldum”- deyə terrorçu bildirib. PKK-çı Türkiyədə iştirakçısı olduğu terror aksiyaları haqda da ifadələr verib. O deyib ki, PKK uzaqdan idarə edilən oyuncaq avtomobillərlə Türkiyənin iri şəhərlərində terror aksiyaları planlaşdırır.

Türkiyə mətbuatında yer alan digər xəbərə görə, vaxtilə Azərbaycandan qovulan PKK-çı Türkiyə silahlı qüvvələrinin İraqın şimalında apardığı hərbi əməliyyatlara qarşı Avropa İnsan Haqları Məhkəməsində iddia qaldırıb. Söhbət Avropada fəaliyyət göstərən PKKyönlü təşkilat olan Kürd İnsan Haqları Layihəsindən və onun rəhbəri Kərim Yıldızdan gedir. Bildirilir ki, iddianı qaldıranlardan biri də Abdullah Öcalanın vəkillərindən Mark Müllerdir. Londonda fəaliyyət göstərən bu təşkilat iddianı İraqın şimalındakı kürd kəndliləri adından qaldırıb. İddiada deyilir ki, əməliyyatlar nəticəsində bəzi mülki şəxslər evlərini tərk etməli olub, onların insan haqları pozulub. Türkiyə mətbuatı Kərim Yıldızın PKK-nın Avropadakı siyasi fəaliyyətinə rəhbərik edənlərdən biri olduğunu qeyd edir. Xatırladaq ki, onun Azərbaycandakı bəzi insan haqları müdafiəçiləri ilə əlaqələri olub.
 
 
 
  • Yazılıb
  • da (də) 2008 Jun 13