Tarix : 2017 Jul 16
Kod 52280

Hər gün "Alov qüllələrinə" baxmağa gələn qoca kişi

Dərddən şikayət etsələr də, Hüseynbala Mirələmov kimi deputatlar tapılıb onlara ayaqlarını nərd taxtalarına görə uzatmalarını məsləhət görər Dünən "28 may" metrosuna getmişdim. Metronun çıxışından gözəl vətənimizə boylananda adam özünü avropada hiss edir.
Nur-az.com:Metronun çıxışından gözəl vətənimizə boylananda adam özünü avropada hiss edir. Badımcan rəngli taksilər, gediş haqqıları kartlaşdırılmış, salonu avtobusdan daha çox şadlıq evini xatırladan eyni rəngli avtobuslar, bir də əndirabadi geyinmiş oğlanlar (nəinki qızlar) adama avropanı xatırladır. Adamın ürəyindən keçir ki, hayqırıb desin: vətənimin seyrinə çağırıram elləri, Paris görmək istəyən Azərbaycana gəlsin.
Bunlardan əlavə həmin həndəvərdə şəhərə ən çox gözəllik verən iki ortayaşlı kişinin küçənin ortasında nərd atması idi. Onlar həqiqətən də şəhərin, paytaxtın, lap elə Respublikanın yaraşığıdırlar. Biz onların qədrini bilmirik. Yoxsa xarici turistlər onları görən kimi "ay moment" deyib fotoqraf Əli bəy kimi şəkillərini çəkirlər. Onlar da başlarında qədeş şəpkəsi, damaqlarında özləri demişkən paprız (siqaret) fotoqrafa əla barmaqlarını göstərir, yanındakı şort geyinmiş uzun saçlı ingilis qaqaşı anlamasalar da xətirlərinə dəymirlər. Belə millətə heç bir dərd bata bilməz. Dərddən şikayət etsələr də, Hüseynbala Mirələmov kimi deputatlar tapılıb onlara ayaqlarını nərd taxtalarına görə uzatmalarını məsləhət görər. ya da digər səviyyəsiz deputat kimi onları "atxod" adlandırar. Görünür biz mərhum Baba Pünhan dövründə olduğu kimi təkcə Aztv-də dərdsiz deyilik, elə 28 may metrosunda da dərdsizik. 
Bu nərd atan kişilər məni çox yubatdı. Əslində yazımızın qəhrəmanı bulvarda əyləşib dənizi, uşaq "karusellərini", bir də "alov qüllələrini" seyr edən kişidir. Siz də bəlkə yolunuz ordan düşsə həmin kişini görərsiz. 
Kişi skamyada oturmuşdu. Diqqətimi çəkdi, icazə istəyib oturdum yanında. Dedim, ağsaqqal nə əcəb bu vaxtı burdasız. Dedi bəs harada olmalıyam ay bala? Sonra dedi ki, mən Bakımı sevirəm. Bakı çox gözəlləşib. Prezidentimizin yüksək səyi nəticəsində artıq Bakı gözəl bir şəhərdir. Bura turistlər gəlir, beynəlxalq yarışlar, Formula-1, İslam oyunları, Olimpiyada zad bu şəhərdə, mənim gözəl Bakımda keçirilir. Mən Bakımla qürur duyuram. Xüsusən də gecə vaxtı alov qüllələrindən bir başqa cür həzz aldığını dedi. Sonra dedi ki, demək olar ki, hər gün günortadan axşama qədər bulvarda olur. Dedim bəs nə üçün səhər gəlmirsiz, hava istidir ona görə? Dedi yox ay bala, sadəcə mən necə deyərlər acından günorta dururam, səhəri yuxuda keçirirəm. Əvvəl elə bildim zarafat edir, sonra gördüm yox ciddidir. Yenə soruşdum ki, bəs əmi, siz günorta, axşam işləmirsiz ki, hər gün bradasız. Dedi ay bala işi kim itirib ki, sən tapasan? İş var ki, işləyək. Bir qədər işsizlikdən əziyyət çəkməsi haqda danışdıqdan sonra nahar, şam yeməyi üçün evə gedib-getmədiyini soruşdum. Dedi ki, ay bala evə getməyin gedərəm, amma evdə yeməyə quru çörəkdən başqa heç nə tapılmır. Onu da evdə uşaqlar yeyirlər. Mən isə onların üzünə baxa bilmirəm. 
Əsil tragikomediya idi. Necə deyərlər, əvvəli gülməlidir, axırı ağlamalı. Doğrusu mən bilmədim bu kişinin dediklərinin hansı hissəsinə gülüm, hansına ağlayım. Bir onu bilirəm ki, Çingiz Abdullayev lazım idi, kişinin həyatını romanlaşdıra, ya da gərək Rüstəm İbrahimbəyovu dəvət edək bu barədə film çəksin. Sabir Rüstəmxanlı isə bu cür vəziyyətləri öz istedadından istifadə edib nəzmə çəkib xalqa çatdırmaz. Üstəlik o da bu aralar həmin bu ağsaqqal kimi vətəninin seyrinə çıxır. Nil çayına getmək imkanı olmasa da, Kür çayında qayıq sürməklə məşğuldur. Özü də "vətənimin seyrinə çağırıram elləri, balıq tutmaq istəyən Kür çayına gəlsin" sözləri də dilindən düşmür. 
Hə, doğrudan da mürəkkəb məsələdir. Bu ağsaqqal kimi insanlar çoxdur xalq arasında. Gözü tərəzi, özü çəkidən narazı olan xalq isə bu kişinin timsalında demək olar ki, bütün insanların bu cür yaşadığını gözəl bilir. 
Ən mühümü odur ki, mən bu vəziyyətdən yeni bir şey kəşf elədim. Belə ki, məmurlar tikirlər, ucaldırlar, Formula-1, Olimpiyada, nə bilim əl-ayaq oyunları təşkil edirlər ki, camaat acından günorta duranda, işləməyə yer tapmayanda, yemək olmadığından evə gedə bilməyəndə heç olmasa boş-bekar qalıb küçələri, maşın yollarını kəsməsinlər, gəlib bulvarda oturub vətənlərinin seyrinə çağırsınlar elləri.

  • Yazılıb
  • da (də) 2017 Jul 16
  • Göndərən مدير سايت Aran News