Tarix : 2008 Jun 13
Kod 5230

MİSİR MƏRDANOVUN İSTEFASI TƏLƏB OLUNUR

Təhsil Nazirliyi bəyan edib ki, iyunun 17-nə kimi imtahanın nəticəsindən narazı qalanlar Appelyasiya Komissiyasına müraciət edə bilərlər
Azerbaijan Servisi/Aran Agentliyi
İyunun 12-də təxminən 200-300 nəfər valideyn və şagird Təhsil Nazirliyinin binası qarşısında piket keçiriblər. Onlar mərkəzləşdirilmiş test imtahanlarının nəticələrinə etiraz ediblər və nazir Misir Mərdanovun istefasını tələb ediblər.

Təhsil Nazirliyinin nümayəndəsi Bayram Hüseynzadə isə «Azadlıq» radiosuna deyib ki, imtahandan mənfi qiymət alan şagirdlərə heç bir güzəşt olmayacaq:

«Təhsil Nazirliyi əfv komissiyası deyil. Yalnız apellyasiya verilə, imtahan prosesi araşdırıla və o halda ədalətli qərar ola bilər».

Hüseynzadə deyib ki, narazıların sayı o qədər də çox deyil. Ölkə üzrə 52 min şagird imtahan verib və onların 16 faizi mənfi nəticə göstərib.

Nazirlik rəsmisinin sözlərinə görə, valideynlər məsələni düz qoymurlar:

«Əgər onlar imtahan prosesindən şikayət etsəydilər, bu, bəlkə də normal olardı. Amma valideynlər deyirlər ki, mənim uşağım niyə 2 alıb və bu 2-ləri bağışlayın. Bu, mümkün olan məsələ deyil».

Bayram Hüseynzadə bildirib ki, bu adamlar öz övladlarının aşağı nəticə göstərməsini qəbul edə bilmirlər:

«Halbuki nazirlik ilin əvvəlində imtahan proseduru barədə onları məlumatlandırmışdı».

Valideynlərsə deyiblər ki, nazirlik son aylar bir neçə dəfə sınaq imtahanları keçirsə də, yalnız sonuncu imtahanın nəticəsini qeydə alıb. Onlar övladlarının təhsil sisteminə inamlarının sarsıldığını bildirib və Misir Mərdanovun istefasını tələb ediblər.

Mərkəzləşdirilmiş test imtahanının nəticəsindən narazı qalanlar iyunun 12-də həmçinin Prezident Aparatının qarşısında da aksiya keçiriblər. Həmin aksiyada valideynlər tələb ediblər ki, ya uşaqlarına güzəşt edilsin, ya da yenidən imtahan keçirilsin.

Prezident Aparatından isə aksiya iştirakçılarına bildiriblər ki, onlar ölkə başçısının adına ərizə yazsınlar.

Təhsil Nazirliyi bəyan edib ki, iyunun 17-nə kimi imtahanın nəticəsindən narazı qalanlar Appelyasiya Komissiyasına müraciət edə bilərlər.

Təhsil Nazirliyinin binası qarşısında oxşar aksiya iyunun 11-də də keçirilib.

İyunun 6-da orta məktəblərin 11-ci sinif şagirdləri sonuncu mərkəzləşdirilmiş test imtahanı veriblər. Testdə ölkə üzrə 43 faiz şagird iştirak edib. İyunun 10-u axşam testin nəticələri açıqlanıb. Nəticələrə görə, 52.000 şagirddən 9 mini kəsilib.

Mərkəzləşdirilmiş testdən qabaq şagirdlər bir neçə dəfə sınaq imtahanları veriblər.

Gələn il testin bütün orta məktəblərdə keçirilməsi planlaşdırılır.

Mərkəzləşdirilmiş test imtahanı Azərbaycanda ötən ildən tətbiq olunur.
  • Yazılıb
  • da (də) 2008 Jun 13