Tarix : 2017 Jul 18
Kod 52305

Vəkil : “Gözəl Bayramlının dizində iltihab yaranıb ”

“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)sədrinin müavini Gözəl Bayramlı osteoartrit (oynaq xəstəliyi)xəstəliyindən əziyyət çəkir. Artıq dizinə iltihab yaranıb, ayağını qatlaya bilmir”.
Azadliq.org-G.Bayramlı, eləcə də jurnalist Əfqan Muxtarlı ilə bu gün, iyulun 17-də Bakı İstintaq Təcridxanasında görüşən vəkili Zibeydə Sadıqova AzadlıqRadiosuna açıqlamasında belə deyib.
Onun sözlərinə görə, G.Bayrmalı dəhşətli ağrılarının olduğunu deyir. Həkimlər ağrılarına görə, ona “deklofenat” iynəsi vururlar.
Z.Sadıqova müdafiə etdiyi şəxsin telefonla zəng etməsinə də qadağa qoyulduğunu bildirib. Qadağanın səbəbləri barədə izahat verilmir. “Sadəcə. Deyirlər ki, zəng etmək olmaz”, G.Bayramlı vəkilinə deyib.
Həbsdəki jurnalist Əfqan Muxtarlının durumuna gəlincə, vəkil bildirib ki, onun da ağrıları var.
“Mədə ağrıları şiddətlənib. Bu da onun isti qida qəbul edə bilməsi üçün şərait yaradılmaması ilə bağlıdır”, vəkil bildirib.
Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

AXCP sədrinin müavini Gözəl Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.
Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir. Gözəl Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır, Gürcüstana isə müalicə məqsədilə gedib.
Jurnalist Əfqan Muxtarlı isə mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.
Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.
Ona Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb. Jurnalist ittihamları qəbul etmir.

  • Yazılıb
  • da (də) 2017 Jul 18
  • Göndərən مدير سايت Aran News